Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Avqust

2017
14:31
1649
İçməli su çatışmazlığı, bərbad yollar, metalloma çevrilmiş dəmiryol vağzalı - Bura Tovuzdur - FOTO-VİDEO

Tovuz rayon İcra Hakimiyyətinin saytında maraqlı bir məlumat var. Məlumatda rayonda görülən və görüləcək işlər barədə hesabat qeyd edilib. Bildirilir ki, əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində 14 ədəd yarımstansiya, 1278 KTM və TM fəaliyyət göstərir. 30 KTM və TM-də  kabelləşmə işləri aparılıb.

Rayonun 36 yaşayış məntəqəsində 27380 abonent qazla təmin olunub. Cari ilin ötən dövrü ərzində 641 abonentin mənzilinə qaz sayqacları quraşdırılaraq təbii qazla təmin edilib. Rayonun müxtəlif istiqamətlərində 58150 pm müxtəlif diametrli metal, 5982 pm polietilen qaz xətti çəkilib. Dövlət Proqramı çərçivəsində dağ kəndlərinin qazlaşması işləri aparılır.

Rayonda olduğumuz müddət ərzində əhalinin qaz və işıqdan korluq çəkmədiyinin şahidi olduq. Fasiləsiz qaz və işıq var. 

Daha sonra bildirilir ki, rayonun su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Cari ilin ötən dövrü ərzində rayon ərazisində su tutumu 2500 kubmetr olan iki ədəd su anbarı tikilib, 106.5 km (71.5 km ana xətt + 35.0 km evlərə qoşulma) su xətti çəkilib. Hazırda Tovuz şəhərinin içməli su  təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər müvəffəqiyyətlə davam etdirilir.

Deyilənlərin nə dərəcədə həqiqəti əks etdirdiyini 2 faktla qeyd etmək istərdik. Aldığımız məlumata görə, Zəyəm çayından Tovuz şəhərinə və bu istiqamətdə olan kəndlərin içməli su ilə təmini üçün kəmər çəkilib. Bir müddət əvvəl şəhərdə içməli suyun verilməsində fasilə yarandığı üçün İcra Hakimiyyətinin binası qarşısına toplaşan sakinlərə problemin həll olunacağı sözü verilib və kəmər üzərində yerləşən artezian quyularından Tovuz şəhərinin içməli su problemi həll edilib. Rayonda olarkən onu da öyrəndik ki, içməli su problemi təkcə şəhərdə deyil, rayonun böyük kəndlərindən olan Aşağı Quşçuda da var. On mindən çox əhalisi olan bu kəndə də su böyük fasilələrlə, özü də etiraz olunduqdan sonra verilir. Bu kənd həmçinin “Azərsu” ASC-nin sədr müavini Nizaməddin Rzayevin doğulduğu kənddir və içməli su da onun təşəbbüsü ilə çəkilib. Amma di gəl ki, suyun nə verilmə saatı var, nə də müddəti. Zəyəm çayından götürülən su heç bir filtrdən keçirilmədən verilir. Kənd sakinlərinin belə deməsinə səbəb su sayğaclarına ilişib qalan balıq və ağac yarpaqlarının olmasıdır. Ayrıca, suyun böyük fasilələrlə, özü də bütün kəndə deyil, ümumilikdə 2500 nəfərlik abunəçinin bir hissəsinə bu gün, bir hissəsinə sabah, bir hissəsinə 2 gün sonra, bir hissəsinə isə 1 həftə sonra verilməsi müəyyən şübhələr yaradır. Adının çəkilməsini istəməyən rayon su idarəsinin əməkdaşının bildirdiyinə görə, əhalinin içməli su ilə təminatı üçün nəzərdə tutulmuş su kəməri rayonun İbrahimhacılı kəndi və Qovlar şəhəri yaxınlığında salınmış üzüm və tütün sahələrinə axıdılır. İçməli sudan əziyyət çəkən əhali etiraz etdikdə isə etirazı yatırmaq üçün suyu 1-2 saat müddətinə verirlər. Əhalinin içməli su ilə təminatı üçün nəzərdə tutulmuş artezian quyularından da su götürülməsinə süni əngəllər yaradılır. Bir su maşınına gün ərzində, ancaq 1 dəfə su götürməyə icazə verilir. 

İcra Hakimiyyətinin saytında göstərilir ki, rayon ərazisində 365 km yol şəbəkəsi vardır ki, onlardan 37 km-i respublika əhəmiyyətli, 328 km-i isə yerli əhəmiyyətli yollardır. 

Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Qovlar – Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala-Qoçdərə-Çobansığnaq–Yoğunbulaq-Sarıtala  avtomobil yolunun əsaslı təmirinə başlanılıb və hazırda işlər  davam etdirilir.  Yerli yollarda cari təmir işləri aparılıb.

Aşağıda təqdim etdiyimiz video isə rayon ərazisindən keçən Bakı-Qazax avtomagistralını Aşağı-Quşçu kəndi ilə birləşdirən əsas yoldur. Amma bərbad gündədir. Kənd sakinləri Bakı-Qazax avtomagistralından kəndə gəlmək üçün ya Qovlar şəhərinə daxil olub oradan gəlməli, ya 5-6 km əlavə yol qət edib Tovuz-Böyük Qışlaq yolundan istifadə etməlidirlər. Ya da min bir əzaba qatlaşaraq bu çala-çuxur yola daxil olmalıdırlar. Qeyd edək ki, kənddaxili yollar bundan da bərbad gündədir və kənd sakinlərinin bildirdiyinə görə, sonuncu dəfə kənd yollarına asfalt SSRİ rəhbəri Brejnevin vaxtında vurulub. Müstəqillik qazandığımız 25 ildə rayon rəhbərliyindən bir nəfər də olsun nə bu kəndin problemləri ilə maraqlanıb, nə də kəndə səfər edib.  

Tovuz şəhərinin özündə də vəziyyət ürəkaçan deyil. Rayon İcra Hakimiyyətinin qarşısındakı parkdakı hovuz aylardır ona xidmət olunmadığını göstərir. İcra Hakimiyyətinin binası üzərindəki cırılmış bayraqdan və rəngi solmuş bayraqdan isə danışmağa dəyməz. Tovuz çayının kənarında tikilmiş bayraq meydanındakı dirək də nədənsə boşdur. Görünür, milyonlar hesabına ucaldılmış bu dirəyə Azərbaycan bayrağının asılması üçün büdcədən maliyyə nəzərdə tutulmayıb.

Bu azmış kimi İcra Hakimiyyətinin binası önündə piyadalar üçün nəzərdə tutulmuş keçid də bərbad gündədir. Burada insanlar gün işığında belə bir-birini tanıya bilmirlər. Çünki işıqlandırma sistemi bərbad gündədir və enerjiyə qənaət etmək üçün led işıqlardan deyil, aşağı vatlı ağ lampalardan istifadə ediblər ki, bu da keçidin qaranlıq qalmasına səbəb olub. Üfunət iyindən isə danışmağa dəyməz. Təhlükəsizlik üçün kamera sisteminin olmaması əxlaqı yerində olmayanların buradan ayaqyolu kimi istifadəsinə şərait yaradıb. Bu keçid rayon mərkəzini Tovuz dəmiryol stansiyası ilə birləşdirir. Stansiyanın düz qarşısı isə sanki metallom ərazisidir. İllərdir burada atılıb qalmış vaqonlar qatarla rayona gələnlərin və buradan keçənlərin “zövqünü oxşayır”. Sakinlər bildirirlər ki, hissələri sökülmüş bu vaqonlar azı 15 ildir buradadır. Elə dəyişdirilmək üçün gətirilmiş, amma pas basmış relslər də həmçinin.

Tovuz sakinlərinin rayonda aparılan quruculuq işlərindən razılıq etdikləri isə, ancaq Tovuz çayının sahilində salınmış Heydər Əliyev adına parkdır. Böyük bir ərazidə salınmış bu park doğrudan da zövq oxşayır. Xüsusi ilə axşam saatlarında rayon sakinlərinin üz tutduğu bu məkanda yaradılmış süni göl, qu quşları, attraksionlar, idman meydançası, çay evi və restoran istirahət üçün gələnlərin tələblərini tam şəkildə ödəyir.

Nazirlər Kabinetinin son iclasındakı yekun nitqində Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışarkən yerli icra orqanlarının işləri barədə ilin sonunda ona hesabat veriləcəyini bildirmişdi: "Bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək."

Prezident çıxışında həmçinin onu da bildirib ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır: “Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır.”

Prezidentin çıxışındakı bu məqam barədə danışan Tovuz sakinləri bildirdilər ki, Azərbaycan nəinki özünü taxılla, eyni zamanda kartofla da təmin edə bilmir. Səbəbini də elə yerli sakinlər bilirlər. Səbəb budur ki, əkin işləri başlayanda torpağı olanlar sənədlərini verirlər yerli icra nümayəndəliyinə ki, mən filan qədər taxıl və ya kartof əkmişəm. Bu sənədlərlə də dövlətdən subsidiya alırlar. Statistikada da qeyd olunur ki, filan kənddə və ya rayonda bu qədər taxıl və ya kartof əkilib. Amma heç kəs yoxlamır ki, doğrudan da bu əkin edilib, ya yox. Məhsul toplanan vaxt da verilən subsidiyaya əsasən İcra Hakimiyyətində statistika aparılır ki, bu qədər hektarda taxıl, bu qədər də kartof əkilib. Yekunda isə bu qədər məhsul toplanılıb. Ancaq əslində məhsul sadəcə olaraq kağız üzərində toplanır. Həqiqətdə əkin edənlərin böyük əksəriyyəti isə su çatışmazlığından əziyyət çəkirlər və məhsul toplanan zaman qoyduqları mayanı götürə bilmirlər.

Tovuz rayonunda suvarılma üçün nəzərdə tutulmuş Dondar Quşçu su anbarının su azalıb. Aşağı Quşçu kəndindəki su anbarı isə baxımsızlıq ucbatından quruyub və illərdir bu su anbarından istifadə edən kəndələrdə suvarma suyundan əziyyət çəkirlər. Əlaqədar qurumlara bununla bağlı ünvanlanmış müraciətlərə isə sadəcə bir cavab verilir: su anbarının yenidən bərpası rentabelli deyil. Amma sakinlər bildirirlər ki, yaz və payız aylarındakı yağışlar, həmçinin yaz aylarında dağlarda qarların əriməsi bu su anbarının üzərində tikildiyi Əsrik çayında güclü sel suları yaradır. Hansı ki, həmin sel suları nəticəsində dolmuş su anbarının suyundan il boyu əkin üçün istifadə edirlərmiş.

Bütün bunlar onu deməyə əsas verir ki, əyalət sakinləri kənd təsərrüfatının axsayan tərəfini kabinetdə oturanlardan daha yaxşı bilirlər. Kabinetdə oturanlar isə real deyil, kağız üzərindəki statistikanı dövlət başçısına təqdim edirlər. Amma onların prezidentə təqdim etdikləri yalan statistika da özünü payız və qış fəslində büruzə verir. Azərbaycan xarici ölkələrdən taxıl və kartof idxal etməyə başlayırlar.

Sözügedən problemlərin həlli üçün isə dövlət başçısının da dediyi kimi ictimai nəzarət gücləndirilməlidir. Rastlaşdıqları çatışmazlıqlar barədə isə yerli icra orqanlarına deyil, prezidentə məlumat verməlidirlər. Çünki yerli icra orqanları hamısı bir-biri ilə əlaqədar işlədikləri üçün edilən şikayətlər nəticəsiz qalır. İcra nümayəndələri, bələdiyyə sədrləri çalışırlar ki, rayon rəhbərliyinə onların ərazisindən şikayət getməsin. Nəticə isə göz qabağındadır: bərbad yollar, içməli su problemi, susuzluqdan yanan əkin sahələri və ziyana düşən sahibkarlar. 

FaktXəbər

Məqalədə : Tovuz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 06:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru