Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 İyun

2017
12:27
1137
Taksi qiymətləri - bizdə və dünyada

Bakıda eyni istiqamət üzrə müxtəlif qiymətlərin səbəbi; dünyada ən ucuz taksi Çində, ən bahalısı isə İngiltərədədir.

Əvvəllər harasa təcili getmək istəyəndə yol kənarında sıra ilə düzülən taksilərə yaxınlaşır və mənzil başına bizi neçəyə aparacağı ilə maraqlanıb qiymət müzakirəsi edirdik. Artıq bir neçə ildir ki, durum fərqlidir. İndi paytaxtda istənilən qədər taksi dayanacaqları var və biz bir telefon zəngi ilə onları çağıra, hətta əvvəlcədən qiyməti də öyrənə bilirik.

Amma bir şey var ki, eyni istiqamətə hərəkət edən bu taksilərin qiyməti də bir-birindən fərqlənir. Biz də qiymət fərqini bilmək üçün bir neçə taksi dayanacağına zəng edib eyni istiqamətə olan qiymətlərlə maraqlandıq. İstiqamət olaraq da “Neftçilər” metrosundan “Sahil” metrosuna qədər olan ərazini seçdik.

İlk öncə “Ekonom” taksi bizi 5 manat 80 qəpiyə, “189" taksi 7 manat 20 qəpiyə, ”Güvən" taksi 6 manata, “Taksin 24" isə 6 manat 40 qəpiyə aparacağını dedi. Göründüyü kimi, eyni istiqamətə taksi xidmətinin qiymətləri arasında 20 qəpik-3 manat arasında fərq var. Bir sıra taksi duraqları isə müştəri cəlb etmək üçün müxtəlif kampaniyalar keçirirlər. Məsələn, ”Güvən" taksi qayınanası ilə bayramlaşmağa gedən gəlinlərə 10 faiz endirim edir. Beləcə, “Güvən” taksidən bildirdilər ki, əgər “Neftçilər” metrosu yanından “Sahil” metrosu yanına 6 manata aparırlarsa, bu kampaniya və 10 faiz endirimlə 5 manat 40 qəpiyə gedə bilərsiniz. Bu cür dayanacaqların taksi sürücüləri onlara əslində qəpik-quruş pul qaldığını deyirlər.

“Ekonom” taksi sürücüsü Murad Əliyev boş vaxtlarında bu işlə məğul olduğunu, ancaq ona elə də sərf etmədiyini dedi: “Mən özüm dövlət işində işləyirəm. Əlavə iş olaraq ”Ekonom"a yazılmışam. Axşam 6-dan sonra öz maşınımla taksi fəaliyyəti göstərirəm. Biz burada faizə işləyirik. Məsələn, kimisə harasa 6 manata aparıramsa, oradan mənə 4 manat qalır ya yox. O da bəzən heç benzinə bəs etmir. Bəzən taksini elə yerə çağırırlar ki, orada saxlamağa yer olmur. Beləcə, cərimə yazılır. Bundan əvvəl də başqa taksi dayanacağı ilə işləyirdim. Əvvəl işlədiyim yerdə uzaq məsafələri, pulu çox yazılacaq müştəriləri digər sürücülərə verirdilər. Onlardan bizim fərqimiz maşınlarına həmin taksi durağının reklamını yapışdırmasıdır. Məsələn, mən yapışdırmadığım üçün az məsafələr olanda mənə deyirlər. Əslində elə də sərf edən iş deyil. Ancaq əlacsızlıqdan nə edək".

Amma yol kənarında dayanan taksilərlə müqayisə etdikdə sifariş əsasında gələn taksilərin daha sərfəli olduğunu deyə bilərik. Ümumilikdə taksilərin tarixinə nəzər salsaq ilk dəfə insanları pul ödəmək qarşılığında daşıyan şəxsin fransalı sahibkar olduğunu görərik. Bu, 18-ci əsrdə baş verib və o zaman nəqliyyat vasitəsi qismində atlar qoşulmuş karetdən istifadə olunub. Belə ekipajlar “Fiakr” adlanıb. Arabalı taksilər Qədim Romada da mövcud olub. Arabanın üzərində xüsusi “taksometrlər” də quraşdırılmışdı və bu taksometr adi bir çanaq idi. Təqribən hər 200 metrdən bir bu çanağa bir daş atılırdı. Taksi xidmətinin haqqı isə mənzil başına çatdıqda çanaqdakı daşların sayına görə təyin edilirdi.

Rusiyada isə ilk taksi 1907-ci ildə fəaliyyətə başlayıb. Moskvada yaşayan hansısa bir şəxs öz avtomobilinə “Arabaçı” yazısı olan lövhəcik bərkidib. 20 il sonra artıq şəhərdə 200 belə avtomobil hərəkət etməyə başlayıb. Hazırda dünyada yeganə taksi muzeyi Moskvadadır. Bu muzeydə müxtəlif dövrlərdə bir çox ölkədə istehsal olunan avtomobillər sərgilənir. Meksikanın paytaxtı Mexiko şəhəri fəaliyyətdə olan taksilərin sayına görə rekord vurur. Hər gün Meksika paytaxtında 60 mindən çox taksi xəttə çıxır.

Əksər dövlətlərdə indinin özündə belə istifadə olunan taksilərin xüsusi rəngə boyanması metodu təxminən 60 il bundan əvvəl düşünülüb. Taksi üçün sarı rəng hələ 20-ci əsrin əvvəlində "Yellow Cab" şirkəti tərəfindən seçilmişdi. Şirkət sırf taksi fəaliyyəti ilə məşğul olması üçün avtomobillər istehsal edirdi. Avtomobillər üçün sarı rəngin seçilməsində səbəb sadə idi. Belə ki, sarı rəng uzaqdan daha aydın görünürdü. 1950-ci illərdə isə taksilər üçün xüsusi xarici fərqləndirici əlamət olan “şahmat lövhəsi” və yaşıl işıq yaradıldı.

Dünyanın ən bahalı taksisi İngiltərədədir. Bu reytinqdə ikinci pillədə İtaliya, üçüncü pillədə Almaniya qərarlaşıb. Dünyada ən çox Moskva taksiləri gəlir gətirir. Bir il ərzində taksi sürücüləri ümumilikdə 2,5 milyard dollardan çox pul qazanır. Lakin qanuni şəkildə rəsmiləşdirilən qazanc bu məbləğin cəmi 1/5-ni təşkil edir.

Dünyada ən bahalı taksisi London kebləridir. Bu əbəs yerə deyil. Belə ki, bu taksinin hər bir sürücüsü Londonun bütün küçələrini əzbər bilir. Belə olmasa, o, işə götürülmür. Ən ucuz taksi isə Çindədir. Cəmi 10 dollar ödəməklə onlarla kilometr yol keçmək olar. Çin taksilərinin daha bir xüsusiyyəti isə ondan ibarətdir ki, sürücülərin demək olar ki, yarısını qadınlar təşkil edir. Finlandiyada isə taksi sifarişlərinin demək olar ki, yarısı internet vasitəsilə həyata keçirilir. Venesiya, Yeni Zellandiya və Hollandiyada isə su taksiləri geniş yayılıb.

Hazırda hava taksiləri də populyarlıq qazanmağa başlayıb. Çili isə ən qeyri-adi taksilərə sahibdir. Bu taksi - inəklərdir. Vyetnam da Çilidən geri qalmır və burada getmək istədiyiniz yerə fil üzərində getmək təklif edilir.(musavat.com)

Məqalədə : Taksi qiymətləri 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru