Ramazanayı – xatırlama və diqqət yolu ilə səhvləri düzəltmə imkanı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2018
11:46
3819
Ramazanayı – xatırlama və diqqət yolu ilə səhvləri düzəltmə imkanı

Ramazan ayında xatırlama və diqqət yolu ilə xoşagəlməz əməlləri düzəltmək mümkündür. Əbu Həmzə Sumali duasında çox təsirli bir hissə var. Dua edən deyir ki, ey mənim Allahım! Mən Sənə ümidi Səndən qeyrisinə ümidə tərcih etdim, digərlərinə sığınmağı Sənə sığınmaqla əvəzlədim və mən Sənə doğru gedən yolun yaxın olduğunu bilirəm... 

Haradasınızsa, kimsinizsə, hansı libasdasınızsa, hansı yaşdasınızsa... Hər bir sağlam insan kimi siz də Allaha ehtiyac duyursunuzsa, bilin ki, Allah yaxındır. Bir an qəlbinizi Allaha yönəldin, cavabı eşidəcəksiniz. Mümkün deyil bir şəxs Allahla ürəkdən danışsın, amma cavab eşitməsin. Allah bizə cavab verir. Əgər birdən-birə qəlbiniz döndüsə, bu, Allahın cavabıdır. Göz yaşınız axdısa, qəlbiniz titrədisə, istək sizin bütün vücudunuzdan səsləndisə, bilin ki, bu, Allahın cavabıdır. Bu, Allahın sözügedən cavabıdır və sonrakı cavab istəyin həyata keçməsidir. Quran da buyurub ki, Allahın lütfündən (mərhəmətindən) diləyin, (Nisa/32) Allahdan istəyin. Deyin, istəyin, məgər mümkündür ki, siz istəyəsiniz, Allah isə verməyə?! Əlbəttə, Allahdan istəməkdə zamanın və məkanın tələbləri və digər xüsusiyyətlər də təsirlidir.

Duaların faydaları

Bir məsələ budur ki, duanın üç faydası vardır. Hər bir duada bu üç faydanın ikisi vardır; istər məsumlardan nəql olunan dualarda, istərsə də bir insanın özünün ehtiyac üzündən Allaha etdiyi dualarda. Bunların hamısında iki fayda mütləq vardır.

Bəzi dualarda bu iki faydadan əlavə çox mühüm olan üç məsələ də var. Bu üç məsələnin biri duanın ümumi məqsədindən ibarətdir – yəni Allah-Taaladan istəmək və almaq. Biz insanların çoxlu ehtiyaclarımız var, vücudumuz başdan-ayağa ehtiyac içindədir. Əgər öz vücudunuza diqqət yetirsəniz, görərsiniz ki, nəfəs almaqdan və yeməkdən tutmuş yol yeriməyə, qulaq asmağa və görməyə qədər hər bir şey biz insanların ehtiyacından xəbər verir. Yəni biz Allah-Taalanın verdiyi bir qrup imkanlarla yaşaya bilirik. Onların hamısı da Allahın iradəsi altındadır. Bu qüvvə və imkanların hər hansı birində qüsur yaransa, misal üçün, bir qan, yaxud sinir damarı işdən düşsə, bir əzələdə problem yaransa, insan öz həyatında əsaslı problemlə üzləşər. Nəhayət, insan vücudundan xaric olan məsələlərdə, yaxud psixoloji və ya ictimai məsələlərdə bəşər başqan-ayağa ehtiyac içindədir.

Bu problemlərin aradan qaldırılmasını və bu ehtiyacların təmin edilməsini kimdən istəməliyik? Bizim ehtiyaclarımızı bilən Allah-Taaladan: “Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir”. (Nisa/32) Allah sizin nə istədiyinizi, sizə nəyin lazım olduğunu və ondan nəyi dilədiyinizi bilir. Buna görə Allahdan istəyin. Başqa bir yerdə buyurur: “Rəbbiniz buyurdu: “Məni çağırın, sizə cavab verim!“ (Qafir/60) Əlbəttə, bu cavab vermək istəyi təmin etmək demək deyil. Deyir cavab verərəm və ləbbeyk deyərəm. Lakin Allahın bu cavabı çox zaman sizin istəyinizi verməklə yanaşı olur. Deməli, bu birinci məsələ: insanın ehtiyacları var və o bu ehtiyacların aradan qaldırılmasını Allahdan istəməli, Allahın qapısına getməli və digərlərinə yalvarmağa ehtiyac duymamalıdır.

Bir hədisdə deyilir ki, ən fəzilətli ibadət duadır. Digər hədis Peyğəmbərdəndir (s). O həzrət öz səhabələrinə belə buyurdu: “Sizi düşmənlərinizdən xilas edəcək və ruzilərinizi çoxaldacaq bir silah göstərimmi?” Bu, ehtiyacları təmin etmək üçün Allahdan istəməkdir. Səhabələr dedilər: "Bəli, buyurun". Peyğəmbər (s) buyurdu: "Gecə-gündüz Allaha dua edin". 

Həzrət Səccaddan (ə) nəql olunan bir hədisdə deyilir ki, dua sizə gəlmiş və hələ gəlməmiş bəlaları uzaqlaşdırır. Yəni əgər dua etsəniz, o bəla sizə gəlməyəcək.

Çox mühüm məsələdir. Allah-Taala insana elə bir vasitə verib ki, o, müstəsna yerlərdən başqa öz istəklərini onunla təmin edə bilər. Bu vasitə nədir? Allah-Taaladan istəməkdir.

Dua – ilahi xəzinələrin açarı

Əmirəlmöminindən (ə) bir kəlam nəql olunmuşdur. Rəvayətə əsasən, o buyurur: "Allah-Taala Ondan istəmək icazəsi verməklə Özünün bütün xəzinələrinin açarını sənə tapşırmışdır". Deməli, Allah-Taalanın Ondan hər bir şeyi istəməyə dair verdiyi icazə bütün ilahi xəzinələrin açarıdır. Əgər insan bu açarı düzgün işlətsə - Allahdan istəsə, şübhəsiz, onu insanın ixtiyarında qoyar və onun vasitəsilə istədiyi zaman Allah xəzinələrinin qapılarını açar. Bu, çox mühüm məsələdir. Nə üçün insan özünü bu mühüm vasitədən məhrum etsin?!

Burada bir neçə sual ortaya çıxır: Biri budur ki, əgər duanın belə möcüzəli rolu varsa, bəs dünyəvi vasitələr, texnikalar, elm, sənaye və digər bu kimi amillər nə üçündür? Cavab budur ki, dua maddi vasitələrin rəqibi deyil. Belə deyil ki, insan səfərə çıxmaq istəyirsə, maşınla, qatarla, ya təyyarə ilə getməlidir, ya da dua ilə. Həmçinin belə deyil ki, insan bir şey istəyəndə ya pul verib onu almalıdır, ya da pulu yoxdursa, dua etməklə əldə etməlidir. Duanın mənası budur ki, siz Allahdan bu vasitələri yaratmasını istəyin; maddi səbəblərin hər biri isə öz yerində durur. Qəbul olunan dua belədir.

Bir hacətinizin təmin olunmasını istəyib, dua etdiyinizdə Allah-Taala o duanı qəbul etsə, deməli, bu istəyin maddi və adi vasitələrini hazırlayacaq; yəni necə deyərlər, Allah "düzüb-qoşacaq". Misal üçün, bir şəxs sizə borcludur və borcunuzu qaytarmır. Lakin birdən ürəyinə düşür və gəlib borcunuzu qaytarır. Bu, bir vasitədir. Nə üçün dua insan üçün bu vasitəni hazırlaya bilməz?!

Dünyanın bütün vasitələri belədir. Buna əsasən, dua kiminsə tənbəllik etməsinə səbəb olmamalıdır. Dua kiminsə elmdən, bilikdən, maddi vasitələrdən, təbii səbəb və nəticədən əl üzməsinə bais olmamalıdır. Xeyr, dua onların rəqibi deyil, onlarla vertikal əlaqədə və onları təmin edəndir.

Sözsüz ki, əksərən belədir. Bəzən Allah-Taala möcüzə də göstərir; bu başqa məsələdir. Möcüzə müstəsna hallarda baş verir. Ümumilikdə isə dua təbii prosesi təmin edir. Siz Allahdan ehtiyacınız olan bir işin baş verməsini istəyəndə duanın kənarında özünüz də çalışmalısınız. Misal üçün, siz tənbəlliyə tutulmuş və Allah-Taalanın onu sizdən uzaqlaşdırması üçün dua edirsinizsə, duanın yanında gərək iradə və əzmkarlıq da göstərəsiniz. Yəni burada da başqa bir təbii və maddi vasitə var və o, iradə göstərməkdir. Gərək iradə və əzmkarlıq göstərəsiniz. Heç kəs düşünməsin ki, evdə oturub heç bir iş görməsək, hətta iradə də etməsək və yalnız dua ilə məşğul olsaq, Allah bizim istəklərimizi təmin edəcək. Xeyr! Belə bir şey imkansızdır. Deməli, dua çalışmağın yanında və çalışmaqla birgə olmalıdır. Bəzən çalışmaq nəticə vermir, amma dua edən kimi nəticə hasil olur.

Duanın qəbul olunmasının şərtləri

Bəzən insan nə qədər dua edirsə, qəbul olunmur. Səbəb nədir? Dini rəvayətlər bu problemi həll etmişdir. Məsələn, rəvayətlərdə deyilmişdir ki, duanın şərtləri mövcud olmasa, qəbul olunmaz. Hər halda, duanın da şərtləri var. Din böyükləri buyurmuşlar ki, qeyri-mümkün işləri Allah-Taaladan istəməyin. Rəvayətdə göstərilir ki, bir gün əziz Peyğəmbərin (s) səhabələrindən biri onun yanında dua edib dedi: “İlahi, məni məxluqlarının heç birinə möhtac eləmə!” Peyğəmbər (s) buyurdu ki, belə demə, məgər bir insan heç kimə möhtac olmaya bilər?! Belə dua eləmə! Bu, bəşər təbiətinin, ilahi qanunun və Allahın insanda yaratdığı xislətlərin ziddinədir. Nə üçün deyirsən ki, məni heç kəsə möhtac eləmə? Bu dua qəbul olunmayacaq. O şəxs dedi ki, ey Allahın rəsulu, bəs necə dua edim? Buyurdu ki, belə de: “İlahi, məni pis bəndələrinə möhtac eləmə!” Məni şər adamlara ehtiyaclı eləmə; məni səviyyəsiz insanlara möhtac eləmə. Bu mümkündür, Allahdan bunu istə. Deməli, Allah-Taaladan qeyri-mümkün və dünyanın normal qanunlarına zidd bir şey istəsək, qəbul olunmayacaq.

Duanın qəbul olunmasının şərtlərindən biri də onu edəndə diqqətli olmaqdır. Bəzən dil “İlahi, bizi bağışla!”, “İlahi, bizə ruzi ver!”, “İlahi, bizim borcumuzu ödə!” kimi cümlələrə vərdiş edir. İnsan on il belə dua edir, lakin qəbul olunmur. Bunun faydası yoxdur. Duanın şərtlərindən biri diqqətli olmaqdır. Allah-Taala buyurdu ki, nə istədiyinə və kiminlə danışdığına diqqət yetirməyən qafil ürək sahibinin duasını qəbul etməz. Bəllidir ki, bu xüsusiyyətlərə malik olan dua qəbul olunmaz. Yalvarmaq və ciddi istəmək lazımdır. Allah-Taaladan israrla diləyin, yenə diləyin. Bu zaman Allah-Taala, sözsüz ki, duaları qəbul edəcək.

Dua barədə başqa bir mətləb budur ki, istəklərə çatmaq üçün heç bir istəyi o qədər böyük sayıb deməyək ki, daha bunu Allahdan istəmək olmaz, bu çox böyükdür. Xeyr, əgər istək yaranış qanunlarının və təbiətin ziddinə olmasa, qeyri-mümkün olmasa, nə qədər böyük olsa da, problemi yoxdur, Allah-Taaladan istəyin. Allah insanın böyük diləklərindən qorxmur. Allahdan daha böyük istəklər diləyin. İnsan öz-özünə deməsin ki, mən bunu özüm üçün istəyirəm, bu mümkündür, lakin bütün insanlar üçün sağlamlıq istəmək çox böyükdür, bunu necə Allahdan istəyim? Xeyr, istəyin, bəşəriyyət üçün istəyin, bütün insanlar üçün istəyin, bəzi məsələləri bütün müsəlmanlar üçün istəyin. 

Duada mövcud olan ikinci məsələ bilgilərdir. Bu, məsumlardan bizə çatmış dualara məxsusdur. İmam Səccad (ə) Səhifeyi-Səccadiyyəni dua formasında tənzimləmiş və ümumiyyətlə dua etmişdir. Lakin bu kitab ilahi və dini bilgilərlərlə doludur. Səhifeyi-Səccadiyyədə xalis tövhid var. Səhifeyi-Səccadiyyədə İslam Peyğəmbərinin (s) müqəddəs məqamına eşq və nübüvvət var. Bu kitabda məsumlardan nəql olunmuş digər dualar kimi yaradılış bilgiləri var. Gecələrə məxsus olan Əbu Həmzə Sumali duası və cümə gecələri oxunan Kumeyl duası İslam bilgiləri ilə dolu olan dualardandır. Orada həqiqətlər dua dili ilə bəyan olunmuşdur. Belə deyil ki, İmam Səccad (ə) dua etmək istəməmiş və duanı vasitə seçmişdir. Xeyr, dua etmiş, münacat etmiş və Allahla danışmışdır, lakin qəlbi Allahla və ilahi bilgilərlə tanış olan insanın danışması belə olur, ondan hikmət aşıb-daşdığından duası da başdan-ayağa hikmətdir.

Bizim oxuduğumuz dualar hikmətlə doludur. İmamlardan bizə çatmış dualarda həqiqətən insanın ehtiyacı olan bilgilərə aid məqamlar var. Bu böyüklər bu məqamları dualara salmaqla bizə Allahdan nə istəməyimizi öyrədirlər.

Məsələn, bir yerdə Qadir Allaha müraciətlə deyilir: "Həyatımı gözəl et!" Həyatın gözəlliyi nə puldan, nə qızıldan, nə də güc və qüdrətdən asılıdır. Çünki bütün bunlara malik olan bir insanın həyatı gözəl olmaya da bilər. Həyatı gözəl olmağa qoymayan bir nigaranlığı ola bilər, ailə problemi, övladının problemi ola bilər, övladlarının birinin pis əxlaqı ola bilər, daha həyat onun üçün gözəl olmaz. İnsana pis bir xəbər çatar, həyat onun üçün acı və xoşagəlməz olar. Bu insanın həm pulu, həm gücü, həm geniş imkanları var - hər şeyi var, amma gözəl həyatı yoxdur. Çox sadə həyatı olan, kiçik bir daxmada ailəsi və uşaqları ilə yoxsul vəziyyətdə dolanan kasıb bir insanın həyatı, hər şeyə malik olan bu sərvətli və qüdrətli şəxsin həyatından daha gözəl ola bilər.

Görün həzrət Səccad (ə) necə mühüm bir nöqtəyə diqqət çəkir. Deyir: “Həyatımı gözəl et və alicənablığımı aşkarla!” Güman ki, ikinci hissənin mənası budur: elə şərait yarat ki, mən onda alicənablıq xüsusiyyətini aşkara çıxara bilim, nəinki xalq mənim alicənab olduğumu görsün. Çünki alicənablığın aşkara çıxmasını istəsək, gərək alicənablıq edək. Alicənablığın insanın daxilində olması kifayət etmir. İnsan alicənablığı əməl mərhələsinə çıxarmalı və kiməsə qarşı alicənablıq etməlidir.

Davamında buyurur: “Mənim bütün hallarımı və işlərimi düzəlt!” Mənim bütün işlərimi və hallarımı islah et! Mənim dua halımı düzəlt, mənim və ailəmin adi yaşayış vəziyyətini düzəlt, çalışdığım işin vəziyyətini düzəlt, mənim bütün xüsusiyyətlərimi islah et! Hər bir işin düzəlməsi, özünə görə kamil və hərtərəfli bir duadır. Sonra deyir ki, məni yaxşı əməllə, kamil ilahi nemətlə, Rəbbin razılığı ilə və gözəl həyatla uzun ömür sürən şəxslərdən et! Bundan yaxşı bir şey varmı?!

Məsumlar Allahdan nə istəməyi öyrədirlər. Allahdan istəməli olduğumuz onların dedikləridir. Bəzi insanlar dünyada maddiyyatın çoxluğunu düşünürlər. Deyirlər ki, filan ticarət işim düzəlsin, filan səfər düzəlsin, filan işə düzəlim və sair. Nə üçün insan əsas məsələləri Allahdan istəməsin? Din rəhbərləri bizə öyrədirlər ki, belə dua edin və belə şeyləri Allahdan istəyin. Əlbəttə, onların bizə öyrətdiyi duaların növləri olduqca çoxdur.

İnsanın əməllərində zəif nöqtələr

Başqa bir məsələ budur ki, onlar sözügedən duaların arasında mənəvi cəhətdən zəif nöqtələri bizə öyrədirlər, bu nöqtələrdən vurulub təhlükəyə düşə biləcəyimizi xatırladırlar. Şərafətli Əbu Həmzə duasında buyurur ki, İlahi, mənim tərəfimdən görülən işləri riyasız et, onun-bunun görməsi üçün olmasın, ağız-ağız gəzməsi üçün olmasın, camaatın “xəbəriniz var filankəs necə yaxşı iş gördü, necə yaxşı ibadət etdi?” deməsi üçün olmasın, lovğalıq və qürur üçün olmasın. Çünki insan bəzi işləri lovğalıq və qürur üzündən görür. Özü ilə öyünüb deyir ki, bəli, bu işi görən biz idik. Bunlar olmasın. Bunlar zəif nöqtələrdir. İnsan çoxlu işlər görür, lakin azca riya ilə o işləri hədər verir, tüstü kimi havaya sovurur. Məsumlar bizə xəbərdarlıq edib buyururlar ki, ehtiyatlı olun belə olmasın.

Deməli, ikinci məsələ budur ki, bu dualarda çoxlu bilgilər yatmışdır. Misal üçün, Kumeyl duasının əvvələrində hamımız belə oxuyuruq: “İlahi! Mənim həya pərdələrini yırtan günahlarımı bağışla! İlahi! Mənim əzab göndərən günahlarımı bağışla! İlahi! Mənim nemətləri dəyişdirən günahlarımı bağışla!“ Pərdələri yırtan günahlar vardır, insana Allah bəlasını endirən günahlar vardır, insanlardan nemətləri alan günahlar vardır. “İlahi! Mənim duanı həbs edən günahlarımı bağışla!” Elə günahlar da var ki, duanı həbs edir.

Allaha sığınırıq. İnsan elə günaha düçar ola bilər ki, nə qədər dua etsə də, təsirsiz və faydasız olar. Duanın təsirsiz olması haradan bilinir? Bu zaman dua halı insandan alınır. Bu, pis əlamətdir. Əgər dua zamanı, yalvarış zamanı, diqqət və yaxınlaşmaq zamanı duaya həvəs və hövsələmiz olmursa, bu, yaxşı əlamət deyil. Lakin onu düzəltmək olar. İnsan diqqətlə, ciddi şəkildə yalvarmaqla və istəməklə Allahdan dua halını ala bilər. Buna əsasən, Kumeyl duasında da bilgilərin olduğunu gördük. Bu da ikinci məsələ.

Duada üçüncü və sonuncu məsələ isə duanın əsas cəhətidir. O nədir? Rəbbin qarşısında kiçilmək. Duanın əsas cəhəti budur. Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: “Dua ibadətin məğzidir”. Çünki duada Rəbbə mütləq bağlılıqdan və onun qarşısında kiçilməkdən ibarət olan bir vəziyyət var. İbadətin əsas cəhəti də budur. Məhz buna görə "Rəbbiniz buyurdu: “Məni çağırın, sizə cavab verim!" ayəsinin davamında buyurur: "Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar zəlil halda cəhənnəmə girəcəklər!" (Qafir/60) Duanın əsas cəhəti budur ki, insan Allah-Taala qarşısında özünü yalançı bəşər qürurundan endirsin. Duanın əsas cəhəti Rəbbin qarşısında kiçilməkdir.

Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 17:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com