Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 İyun

2017
10:09
986
Azərbaycanda kitab niyə bahadır? Sahibkarların fırıldaqları ilə tanış olun

Azərbaycanın kitab bazarı: artan idxal, sahibkarların bahalı siyasəti

Son iki ildə Bakıda kitab satışı ilə məşğul olan mağaza şəbəkələrinin sayı artıb. Yəni ölkədə kitab oxuyan yoxdur deyib giley güzar edilsə də hər gün bazarda yeni şəbəkə peyda olur. Konkret olaraq, əgər 10 il əvvəl investorlar şadlıq evi tikməyə üstünlük verirdilərsə, hazırda bu proses həm də kitab mağazalarının açılışı ilə əvəzlənib. Nəticədə paytaxtda irili-xırdalı 50-yə qədər kitab mağazası, kitab evi fəaliyyət göstərir. Düzdür, bu elə də böyük rəqəm deyil. Lakin nəzərə alsaq ki, sektordakı sahibkarlar daim şikayət edirlər, belə ki, oxumaq qabiliyyəti olan insanların beş milyon nəfər təşkil etməsinə baxmayaraq, alıcıların az olduğunu, o cümlədən kitab çapının və idxalın baha başa gəldiyini, ƏDV-nin yüksək olduğunu irəli sürürlər. Bu halda mağazaların sayı azalmalı idi, nəinki artmalı. Paradoksu araşdırmağa çalışdıq.

Ölkəyə kitab idxalı artıb 

İlk olaraq qeyd edək ki, kitab mağazaları sırf kitab satışı ilə məşğul olmurlar.  Satışın demək olar ki 60 faizini dəftərxana, ofis  ləvazımatları təşkil edir. Kitabların çeşidinə gəlincə, şəbəkələrin vitrini də demək olar ki, monotondur. Əsasən tədris kitabları, bədii əsərlər satılır. Elmi, xüsusi ixtisas kitabları sifarişlə gətirilir.

Gömrük statistikası  belə söyləməyə əsas verir ki, sektorda fəaliyyət göstərənlərin  alveri heç də pis deyil. Çünk kitab və poliqrafiya məhsullarının idxalı  2016-cı ildə 62 faiz azalmışdısa, bu ilin 4 ayında 2 dəfə artıb.  İlin əvvəlindən 4 626.75 min dollar  (2016-cı ilin müvafiq dövründə həmin rəqəm 2. 257.21 min dollar idi) dəyərində çap kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatları, əlyazmalar idxal edilib. 

"Altun-kitab" nəşriyyatının direktoru, ekspert Rafiq İsmayılov bildirir ki, kitab mağazalarının çoxalması  oxucuların sayının müəyyən qədər artması ilə bağlıdır. O ki qaldı kitab satışına, onun sözlərinə görə, satışa subyektiv və obyektiv amillər təsir göstərir. Subyektiv amil kitabın dizaynı və məzmunudur: "Kitabın məzmunu yaxşı olmalıdır ki satışa təsir etsin. Kitab keyfiyyətsizdirsə, nə qədər reklam edilir-edilsin xeyri olmayacaq. Oxucu 1-2 dəfə aldıqdan sonra kitab haqqında mənfi fikir yaranacaq və satılmayacaq. Kitab satışına mənfi təsir göstərən məqamlardan biri də üz qabığıdır. O səbəbdən kitabın üzlüyünə çox diqqət edilir. Burada da bir çox marketinq qaydaları işləyir. Digər amil oxucu marağıdır".

İdxalın artmasına toxunan R.İsmayılov qeyd edir ki, bunun bir neçə səbəbi var: "Əvvəla  Azərbaycan naşirlərinin əksəriyyəti kitablarını xaricdə çap etdirirlər. Çünki yerli mətbələrin qiymətləri yüksəkdir. Hətta vergiləri, yol xərclərini nəzərə aldıqda belə kitabın xaricdə dərci Azərbaycanla müqayisədə ucuz başa gəlir. Daha bir səbəb türk, rus dilində kitab oxuyanların sayının artmasıdır. Son 10 ili götürsək, ölkədə kitaba maraq artıb. Yəni bu sahə ölü vəziyyətdə deyil. Düzdür, oxucuların sayı ilə bağlı müxtəlif statistikalar irəli sürülür. Ancaq gürcü naşirlərlə söhbətlərdən  belə aydın olur ki, bizdə oxucuların sayı hələ də azdır. Belə ki, eyni adlı kitabın tirajı Gürcüstanda daha çoxdur, nəinki Azərbaycanda. Baxmayaraq ki, əhalisinin sayı bizdən azdır". 

"Qanun" Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu mağazaların sayının artmasını kitaba qayıdışla izah etdi. Onun sözlərinə görə, kitab oxuyanların sayı artıb.

Kitabevim.az mağazasının rəhbəri Emin Sadıqov da bunu  oxucuların  çoxalması ilə bağladı: "Tələb var ki mağazaların, eləcə də xaricdən gətirilən kitabların sayı artır". 

"Bakumoz"  kitab evinin rəhbəri Fərid Bakumoz hesab edir ki, əvvəlki illərə nisbətdə kitaba maraq çox artıb: "Oxucular artıb, kitab müzakirələri keçirilir, oxucular kitablar haqqında yazılar yazırlar, videolar çəkirlər. Xüsusilə gənclərdə bunları müşahidə etmək olur. Oxucu artdıqca bu sahədə rəqabət olacaq və bu da kitab bazarının inkişafına səbəb olacaq". 

Bununla belə F.Bakumoz Azərbaycan dilində əsasən dərslikləri rahat tapılmadığını vurğuladı: "Çünki dərsliklərin yayımı ilə məşğul olan konkret hansısa qurum və ya nəşriyyat yoxdur. Hansısa müəllif öz hesabına nəşr edir, bir neçə mağazaya verir, digər mağazalar kənarda qalır. Bu sahədə boşluq var. Bütün dərsliklərin vahid yerdən dağıtımı həyata keçirilərsə, mağazalar da ordan alarlar". 

 Qiymətlər bahadır 

Bu arada qeyd edək ki, hazırda dünyada e-kitabın bazar payını azaltmaq üçün kağız kitabın qiymətində ucuzlaşma prosesi başlayıb. Azərbaycanda isə idxalın artmasına, bazarda rəqabətin günü-gündən genişlənməsinə rəğmən kitab ucuz deyil. Əksinə  şəbəkələrin sayəsində mütaliə lüksə çevrilib. Tanınmış mağazalarda qiymətlər 6 manatdan başlayır və yuxarıya doğru istiqamət alır. Hansı ki eyni adlı kitabları online sifarişlə qonşu ölkələrdən -Rusiya və Türkiyədə daha ucuz almaq mümkündür. Məsələn, adi bir müqayisə aparaq. Elis Petersonun  rus dilində "Vse radi lubvi" romanını Rusiyadan online sifarişlə 365 rubla (7,6 manata) , yerli mağazalardan isə 11,50 manata, Meri Marqaret Keyin "Dalekie Şatrı" nəşrini 569 rubla (16.50 manat), yerli mağazalardan isə 31,10 manata almaq olar. Mağaza iddia edə bilər ki, kitabın dəyərinə gətirilmə xərcləri və 18 faizlik ƏDV əlavə olunur. Lakin ƏDV-nin tətbiqi vəziyyətində belə 569 rubl yəni 16.50 manat təşkil edən kitabın dəyəri 31,10 manata qədər bahalaşmır. 

Yeri gəlmişkən, mağazalar yerli yazarların kitablarından da pis qazanmırlar. Əvvəla kitab satışına 40 faiz komision tətbiq olunur. Bu da 10 manatlıq bir kitabın satışından mağazaya 4 manat komision qalması deməkdir. Qısası mağazalar elə yazarlar qədər gəlir götürürlər.

Kitablara baha qiymət biçilməsinin səbəbini bir də sektorun iştirakçılarından öyrənmək istədik. Kitabevim.az mağazasının rəhbəri Emin Sadıqov Azərbaycanda kitabın baha olmadığını söylədi: "Xüsusilə yerli naşirlərin kitablarının qiymətləri. Ümumiyyətlə Azərbaycanda kitabı baha hesab etmək olmaz".

Ş. Xuduoğlu da bu məsələdə E.Sadıqova qatıldı: "Azərbaycanda ən ucuz məhsul kitabdır. Siqaret, dönər bunlar da bahadır". 

F.Bakumoz  isə dedi ki, Azərbaycanda kitabların fantastik dərəcədə baha olduğunu söyləmək olmaz: "Sadəcə qiymətlər əmək haqqı ilə üst-üstə düşmür. Hazırda Türkiyədə kitab 20-25 TL-dən aşağı deyil. Nəzərə alsaq ki, onlarda tiraj sayı 20.000 dən aşağı olmur. Kənardan baxanda naşirləri, kitab satıcılarını "niyə baha satırsız" deyə rahatlıqla qınamaq olar. Amma işin digər tərəflərini də düşünmək lazımdır. Məsələn, nəşriyyat bir kitab üçün tərcümə, çap pulu ödəyir və  1000 tiraj çap edir. Bu tiraj 1 ilə güclə satılır. Nəticədə kitabı  məcburən baha qoyurlar. Doğrudur, bizdə bəziləri bu işdən sui-istifadə edir. Məsələn, klassikləri ucuz etmək olar, çünki çoxu kril əlifbasındadır və tərcümə xərcləri çəkilmədən yenidən çap edirlər. Müəllif haqları olmadığı üçün ona da pul ödənilmir. Amma təəssüf ki, bu seriyadan olan kitablar da bahadır". 

F.Bakumoz  hesab edir ki, kitabların ucuz olması üçün oxucu çoxalmalıdır və yeni nəşriyyatlar yaranmalıdır: "Oxucuların sayı artarsa, yeni nəşriyyatlar fəaliyyətə başlayarsa,  kitablar ucuzlaşar". 

Dünyada bə bizdə kitaba tətbiq edilən ƏDV dərəcələri

Kitabın qiymətinin yüksək olmasının səbəbi kimi 18 faiz ƏDV-nin tətbiqi göstərilir. Amma Azərbaycan bu sahədə tək deyil. Kitab oxuyanların sayının çoxluğuna görə tez-tez misal gətirilən Ermənistanda (39 faiz kitab oxucusu var) ƏDV 20 faizdir. Ümumiyyətlə Beynəlxalq Naşirlər Assosiasiyasının (IPA) 2016-cı il üzrə hesabatına əsaslansaq, əksər ölkələr e-kitaba yüksək, çap kitablara isə aşağı ƏDV tətbiq edirlər. ƏDV 5-27 faiz arasında dəyişir. Məsələn, Finlandiyada kağız kitaba tətbiq olunan ƏDV 10, e-kitaba 24 faizdir. Çində isə əksinə e-kitaba 6 faiz, çap kitablara 13 faiz ƏDV tətbiq edilir. ƏDV-nin hər iki növ üzrə yüksək olduğu ölkələr də az deyil. Bolqarıstanda çap və elektron kitaba 20 faiz, Ermənistanda 20 faiz, Danimarkada 25 faiz ƏDV tətbiq edilir. Birləşmiş Ərəb Əmirlikləri,Səudiyyə Ərəbistanı, Qətər, Kuba, Hong Kong , Kanadada,Ukraynada,  Gürcüstanda kitab sənayesi  ƏDV-dən azaddır. Göründüyü kimi, ƏDV-nin tətbiqi ilə bağlı standart yoxdur. Bu vergi dərəcəsinin tətbiq edilib-edilməməsi hər bir ölkənin özünün subyektiv qərarından asılıdır. 

Kitab mağazaları marketoloqun gözündə 

Kitab mağazalarının fəaliyyətlərini bir də marketoloqun dilindən də eşitmək istədik. Marketoloq  Rafiq Hunaltay bildirir ki, kitab mağazaları yan məhsullar satmasalar, rentabelli işləyə bilməzlər: "Tək kitabla mənfəət əldə etmək olmur. Həm də Azərbaycanda kitab satışı elə də yüksək deyil. Yəni alınmır. Bakıda irili-xırdalı, tanınmış, az tanınmış hardasa 50-yə qədər kitab mağazası, kitab evi fəaliyyət göstərir. Bunların arasında 2-3 kitab evi günün tələblərinə nisbətən cavab verir. Yəni sırf  alverlə məşğul olmurlar. Bir qədər  brendləşiblər, il ərzində fərqli sosial tədbirlər həyata keçirirlər".

Kitab mağazalarının iş prinsiplərinə və zəif cəhətlərinə toxunan R.Hunaltay deyir ki, ilkin mərhələdə yazardan 5-20 arası kitab alırlar: "Satışdan 30-40% aralığı komision götürürlər. Hər birinin ayırca hesablaşma (satışa görə ödəniş) günü var. Kitabın mağazada düzülüş və yerləşməsinə yazar qarışa bilmir. Kitab mağazalarının zəif cəhətlərinə gəlincə, birinci növbədə satıcıların xidmət səviyyəsinin aşağı olmasıdır. Merçendayzinqin, kitabların düzülüş qaydası qarmaqarışıqdır. Mağazalar ancaq özlərinə maraqlı kitabların və ya nəşriyyatların kitabını daha çox satırlar. Yəni nəşriyyatlar arası ayrıseçkilik var. Kitabın təhvil-təslim və ödəniş işləri isə mürəkkəb olduğu qədər yorucudur". 

Kağız kitablar qayıdır 

Nəzərə çatdıraq ki, kitab sənayesi gəlirsiz sahə deyil. 2015-ci ildə qlobal kitab sənayesinin gəliri 143 milyard dollar olub. Ən çox kitab oxuyan ölkələrin sırasında birici yerdə Fransa və İngiltərə dayansa da bazarın 27,4 faizi ABŞ-ın,15,3 faizi Çinin, 48 faizi digər ölkələrin payına düşür. Dünyada adambaşına düşən kitab xərcləri isə 1,30 dollar təşkil edir. 

O ki qaldı son illər geniş yayılan  e-kitab bazarına, əsasən Qərbi Avropa və Asiya-Sakit okean regionunda genişlənir. Latın Amerikası və Yaxın Şərq çox kiçik mövqe tutur. Araşdırmalara əsasən ənənəvi nəşriyyatların daxilolmaları il ərzində təxminən 4 faiz, e-kitab bazarının daxilolmaları isə 4,7 faiz artır. Bununla belə hələ də bəzi xalqlar kitabı mağazalardan almağa üstünlük verirlər. Məsələn, Fransada e-kitablarla oxucuların cəmi 18 faizi maraqlanır. Fransızların 84 faizi smartfon telefonlara sahibdirlər. Lakin 9 faiz telefondan kitab oxumaq üçün istifadə edir. 

Bütün bunlara rəğmən 2016-cı ildə e-kitab satışı aşağı 20 faizə qədər aşağı düşüb. Səbəb də e-kitabın bahalaşması (ƏDV yüksəkdir), kağız kitabın daha ucuz olmasıdır. Qısası elektron kitablar milyard dollarlıq dövriyyəyə malik biznes olsa da, bazarda öz mövqeyini qoruyub saxlaya bilməyib. 

"Altun-kitab" nəşriyyatının direktoru  R.İsmayılov Azərbaycanda e-kitab oxucularının sayının çox olmadığını önə çəkdi: "Bütün dünyada bum yaşandı sonradan səngidi. Azərbaycanda xüsusilə bədii ədədiyyat mağazalardan alınır. İnsanlar romanları kompüterdən, smartfondan oxumağa maraq gösərmirlər".

"Bakumoz"  kitab evinin rəhbəri Fərid Bakumoz Azərbaycanda e-kitab oxuyanların olduğunu dedi: "Amma bizdə heç kim pul verib e-kitab almır. Bu kontingent kitabları internetdən pulsuz yükləyib oxuyur. Fikrimcə, oxucularımız  hələ e-kitaba hazır deyil. Lakin bu sahənin yaxın gələcəkdə inkişaf etməsi istisna deyil". (Milli.az)

Məqalədə : kitab 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru