Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
11:35
Qədr gecəsi səmaya bağlanma, səma ilə birləşmə anıdır

Qurani-Kərimdə onun nazil olması barədə belə buyurulmuşdur: "Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq." (Duxan,3)

Bir başqa yerdə də belə buyurulmuşdur: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik (Quran bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 23 il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı)..." (Qədir,1)

Qədr gecəsi, insanın Allahla görüşmə vaxtıdır, cismin rəngini itirib də ruhun hakim olduğu gecədir.

Bu iki ayə birlikdə qiymətləndirilincə, Qədr gecəsinin müqəddəs bir gecə olduğu aydın olar. Digər bir ayədə isə Qurani-Kərimin Ramazan ayında endiyi ifadə edilərək belə buyurulmuşdur: "Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Quranın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə gün (oruc tutmadığı günlərin sayı qədər oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Həmçinin (istəyir ki,) müəyyən olunmuş miqdarı (otuz günü) tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq «təkbir» deyərək Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz." (Bəqərə,185)

Demək ki, Ramazan ayı Qədr gecəsiylə, Qədr gecəsi də Quranın onda enməsi ilə şərəf və üstünlük qazanmışdır.

Qədr gecəsinin əzəmətini anlamaq mümkün deyil. Necə ki, uca Allah belə buyurmuşdur: "Bağışlayan və mehriban Allahın adı ilə. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik (Quran bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 23 il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı). Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər. O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir." (Qədr surəsi)

Bu ayədə göründüyü kimi bu gecənin ilk xüsusiyyəti Quranın onda nazil olmasıdır. Həm də bu gecədə edilən ibadətin, min ayda edilən ibadətdən üstün olduğu və bu gecənin təqdir gecəsi, mələklərin hər iş üçün endiyi açıqlanmışdır.

Bəli, bu gecədə gələcək ilə qədər həyata keçən işlər təyin olunar. Ölüm, həyat, ruzi, xoşbəxtlik, bədbəxtlik və bütün şeylər bu gecədə təyin olunar. Necə ki, bu gecəyə bu adın verilməsinin səbəbi də budur. Çünki "Qədr", təqdir etmək, ölçüləndirmək mənasını verir.

Necə ki, bu ayədə qeyd edilir: "Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq. Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Quranın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır). Bizim tərəfimizdən qaynaqlanan bir iş! Çünki Biz həmişə (mələkləri yaradılış işlərini idarə etmək və peyğəmbərləri şəriət işlərini çatdırmaq üçün) göndərən olmuşuq. Rəbbinin mərhəmətin(in tələblərin)ə xatir. Çünki (ehtiyacı olanların söz və əməl istəklərini) eşidən və (onların ehtiyaclarını) bilən Odur." (Duxan,3,6)

Hədislərdə də bəyan edildiyi kimi mələklər Peyğəmbərimizin (s) zamanında ona, ondan sonra isə onun davamçıları olan Əhli-beyt İmamlarına enirlər. Elə isə indiki dövrdə mələklər Hz.Mehdinin (ə.c) hüzuruna enirlər.

Müqəddəs Qədr gecəsinin hansı gecə olduğuna gəldikdə isə mübarək Ramazan ayının 18, 20, 22-ci gecələri, yaxud da bu gecələrdən biri olduğuna dair Əhli-beyt İmamlarından bir çox hədis rəvayət edilmişdir. Ancaq bəzi səbəblərdən bu üç gecədən hansının Qədr gecəsi olduğu tam olaraq açıqlanmamışdır. Bu üç gecə ilə əlaqədar əməllər, dualar, Peyğəmbərimiz (s) və İmamların bu üç qiymətli gecəyə verdikləri əhəmiyyət, Qədr gecəsinin bu üç gecə, ya da bunlardan birinin olduğunu göstərən ayrı bir dəlildir.

Rəsulullah (s) məşhur xütbəsində Ramazan ayı haqqında, "Bu ayda bir gecə vardır ki, min gecədən daha xeyirlidir" buyurmuşdur.

Qədr gecələri, Ramazan ayının mənəvi baxımdan pik nöqtəsinə çatdığı gecələrdir. Bu gecələrdə möminin həyatı başdan-ayağa Allahın rənginə bürünməkdədir, Onun ucalığı ilə dolub-daşmaqdadır. Gecənin sirr dolu səssizliyində tam bir qulluqla Rəbbinin qatında hər şeyi, hətta özünü belə unudar, yer üzü ilə əlaqədar hər şeydən qoparaq səmaya bağlanar, səma ilə birləşər.

Bu mənalı inteqrasiya onu mücərrədləşdirər və yeganə məbuduna ibadət etməyə istiqamətləndirər; ona görə də, qanunlar və kainatın sirlərini örtən pərdələr açılar və mömin qəlb gözü ilə hər şeyi düzüb-qoşan Allahı görər... Və qəlbinin qulağı ilə Allahın kəlamına qulaq asar. 

Qədr gecəsi, insanın Allahla görüşmə vaxtıdır, cismin rəngini itirib də ruhun hakim olduğu gecədir. Maddənin alçalıb mənanın ucaldığı, dinin mənəviyyatının təcəlli və yerin səmaviləşdiyi, möminin başdan-ayağa bütün bədəninin ilahi fitrətinin dərinlikləri ilə yol yoldaşı olduğu, insanın mələklərlə yoldaşlıq etdiyi gecədir. Haqqın rəhmət və sevgi yağışının Allahın arxasında olan oruclulara yağdığı gecədir, ilahi təqdir gecəsidir. Bəli, Qədr Gecəsi min aydan xeyirlidir...

Qədr gecələrində müqəddəslərimizin bizə öyrətdiyi kimi kainatın yaradıcısına hamdü-sənada olmalı, Onunla dərtləşməliyik. Bütün gecə oyaq qalmalı, namaz və ibadətlə məşğul olunmalıdır. İstək və xahişləri uca Rəbbin dərgahına təqdim etməli və Ondan sevgi, rəhmət və bağışlanma istənilməlidir. Əhli-beyt İmamlarının da buyurduqları kimi: "Həqiqi məhrum, bu gecənin gözəlliklərindən məhrum olandır. Ürəkləri oyaq insanlar və xüsusilə gənclər, Ramazan ayının bərəkətlərindən faydalanaraq Qədr gecələrində özlərini insani baxımdan yetkinləşdirməli, bu qiymətli gecələrdə iman və eşqlə çatdıqları fəzilət mərhələləri və mənəvi ucalığa diqqət yetirməli, bu sahədə irəliləməyə ümid etməlidirlər. Beləcə, hər Ramazan ayından sonra İslam və onun çox qiymətli hökmlərini, dərin mənalı təlimini daha yaxşı başa düşərək öz ruhumuzu bu səmavi imanın hədəflərinə daha çox yaxınlaşdıra bilərik.

Gülşən Məmmədova / BDU-nun İlahiyyat fakültəsinin məzunu

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 01:30



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com