Zülmətdə olan dünyaya baxmayaraq, ağappaq bir ay

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2018
14:49
3692
Zülmətdə olan dünyaya baxmayaraq, ağappaq bir ay

Dünya üst-üstə böhranlar yaşayır. Bəşəriyyət narahatdır və hamı təlaş içindədir. Sabahlar haqqında heç kimin müsbət bir fikri yoxdur. Hadisələr bulanlıq, hər kəs xaos içində, əməllər də qapqara. Zalım zülmüylə dünyanın çöhrəsini qaraldır, məzlum acizlik içində ümidsizliklə qıvranır; köməyə gələcəklərdən isə hələ xəbər yoxdur. "Mədət", - deyə qışqıranların da nə istədikləri məlum deyil. Bir çox qanlı əl və çirkli üz, bir çox  insanlara qarşı mərhəmətsiz və Haqqdan utanmaz üzsüz... İnsanlar hissləri, düşüncələriylə nə qədər çirkinləşsələr də, dərhal Ramazan ayı o sehirli ziyasıyla mütləq onlara bir qurtum işıq verər, təmizləyər sinələrini hisdən-pasdan, silər üfüqlərimizdən dumanı-çəni. Fişənglər kimi işıq tökülər başımızdan aşağı, sakitləşdirər sıxıntılarımızı, yumşaldar o sərt və tündxasiyyət düşüncələrimizi.

Biz onun bir aylıq qonaqlığı ilə hər gəlişində o qədər sehir taparıq ki, gəldiyi kimi həmişə təptəzə qalar aramızda və gedərkən də bir həsrət və hicran buraxar daxilimizdə... gözləyirik bir il boyu yenidən dönüb gələcəyi günləri.

Bəli o, dərhal hər il, göylərin bir sirri və sehri olaraq gəlib başımızdan töküləndə, əvvəlki gəlişlərindən çox fərqli bir dərinliklə özünü hiss etdirər. Biz də hər dəfə onu daha fərqli, daha füsunkar görər və eşq meyarında sevərik. Əslində, o gələrkən aylarla, günlərlə oynaya-oynaya, mövsümdən mövsümə atlana-atlana həmişə bir fərqlilik sərgiləyərək gəlir; gəlir və könüllərimizdə mövsümlərin havası, rəngi və naxışı ilə fərəhləndirir. Bəzən Ramazan ayı o səmavi istiliyini qarın-qışın bağrına boşaldar, bəzən yay günlərinin hərarətiylə inteqrasiya olunaraq bizə iradələrimizin haqqını verməyi xatırladar və bir mənada əzmimizi görər, bəsirətlərimizə ürəyi və ruhi həyat üfüqünü göstərər; bəzən şeh kimi bahar çiçəklərinin üzərinə qonar və bizə diriliş şeirləri söyləyər.

Biz, Ayın və Günəşin batışı və doğuşu ilə, münəccim hesabı ilə onun nə vaxt gələcəyini bilirik. O həyatımızı başdan-ayağa dəyişdirər, yeməyimizə-içməyimizə, yatıb-qalxmağımıza müdaxilə edər, bacardığı qədər bizi əsl müsəlmana bənzədər.

Hər il Ramazan ayının gəlməsiylə, sanki göylər yerə enmiş kimi olar. Mələklər kimi günahsızlaşan möminlərin məscidlərdəki o dərin halları, gecə həyatları, imsak və iftarları da könüllərimizdə ruhanilərlə birlikdə olduğumuz hissini verir. Belə ki, ürək və ruh üfüqünə açıq olan bir mömin, hər obaşdanda ayrı bir mərasim yaşayır, hər iftarda ayrı bir sevinclə həyəcanlanar, hər namazı ayrı bir ruhani zövqlə əda edər və çox vaxt görüb-eşitdikləriylə özünü sanki bir yuxu aləmində hiss edər. O özünə xas sehri ilə mömin könüllərin sərhədlərini dəyişdirər, onların təbiətlərinə öz boyasını vurar. Bu vəziyyət insanda elə dərin xülyalar və hisslər yaradar ki, dünyada heç bir şey o qədər gözəl və o qədər sehirli ola bilməz.

Biz Ramazan ayında hər günü bir bayram sevinci içində hiss edər, bəzən məscidə. ziyarətgahlara qaçar, Rəbbimizə qarşı məsafəmizi azaltmağa səy göstərir, dua və niyazla xeyr əməllərimizi gücləndirir, tövbə və istiğfarla da mənəvi çirklərdən təmizlənməyə çalışarıq. 

Ramazan ayında müqəddəs məkanlara elə dərin bir hiss ilə bağlanarıq ki, insan sanki minarələrdən yüksələn səslərin Bilalın dodaqlarından tökülür kimi hiss edər; imamı tam bir naib və xəlifə görkəmində görər; sağındakı-solundakı insanları da Peyğəmbər görmüş müqəddəslər kimi təsəvvür edər, iliklərinə qədər həyəcan hiss edər, gözyaşları boşalar və özünü Cənnətin bir addım bərisində kimi görər.

Gülşən Məmmədova / BDU-nun İlahiyyat fakültəsinin məzunu

Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 12:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com