Əsarət zəncirinə vurulmuş ruhların azadlıq ayı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2018
11:56
4269
Əsarət zəncirinə vurulmuş ruhların azadlıq ayı

Mübarək Ramazan ayı Allahın ayıdır. Ramazan ayı bütün səmavi kitabların endiyi aydır. İnsanların haqla batili bir-birindən fərqləndirməsi üçün nazil olan Quran ayıdır. Ramazan ayı Quranın baharıdır. Ramazan ayı, əzəmətinin mənasının mümkün olmadığı və ibadəti min aydan üstün olan Qədr gecəsinin sahibidir.

Ramazan ayı təqvalıların yeni ilidir. Ramazan ayı təqva ayıdır, bütün paltarlardan xeyirli olan təqva paltarını qazanma ayıdır. İnsanların öz nəfslərini islah etmək ayıdır. İnsanın vərdiş etdiyi şeylərdən qopma ayıdır. Nəfsi günah etməməyə tapşırıq vermə ayıdır. Heyvani meylləri idarə altına alaraq könüllərə nur və səfa qazandırma ayıdır.

Bu ay haqqı müdafiə etmək, batilə və batil tərəfdarı əzazil insanlara boyun əyməmək, təmiz olmayan hər şeyə göz və qulaq bağlamaq, alıb-verilən nəfəslərin təsbeh və yatmanın Allah qatında ibadət sayıldığı aydır.

Bu ay digər aylarda şeytanla mübarizə üçün azuqə toplamaq ayıdır. Mübarizədə dözülməsi və qət edilməsi lazım olan çətinliklərə, ruhi və cismi baxımdan hazırlanmaq ayıdır. Keçici məhdudlaşdırmalarla nəfsi çətin hadisələr qarşısında müqavimət göstərməyə və təslim olmamağa tapşırıq ayıdır.

Hz.Əlinin (ə) buyurduğu kimi, ixlas ruhunun gücləndirilməsi ayıdır. 

Bu ay rəhmət, bərəkət və bağışlama ayıdır. Günah yükləri ilə ağırlaşan kürəkləri yüngülləşdirmə ayıdır. Əsarət zəncirinə vurulmuş ruhları azadlığa buraxma ayıdır.

Rəsulullahın (s) buyurduğu kimi: "Aclıq və susuzluğu ilə böyük susuzluq günü olan və heç kimin başqasına kömək edə bilməyəcəyi və hər kəsi unutduğu qiyamət gününü xatırladan aydır."

İmam Sadiqin (ə) buyurduğu kimi, kasıbla varlının bərabər olduğu, Allahın varlıya aclıq və susuzluğun çətinliyini daddırdığı aydır. Bu ay ətrafımızda bizimlə birlikdə yaşayan yoxsul, yetim və miskinlərin az da olsa dərdini və ağrısını hiss etmək və onların vəziyyətini şəxsən həyatında yaşamaq ayıdır. Dünyanın dörd bir tərəfində zülmə məruz qalan və kömək istəyən, etiqadlarını yaşamaq üçün hər cür təzyiq və təhqirə məruz qalan və haqları əlindən alınan insanların səslərini dinləmək və özünə gəlmək ayıdır.

Bu ayda insanlar Allahın ziyafətinə dəvət ediliblər. Gecələri ən üstün gecələr, gündüzləri ən qiymətli gündüzlər və saatları ən uğurlu saatlardır.

Bu ay, cənnət qapılarının açıq, cəhənnəm qapılarının bağlı və şeytanın zəncirə vurulduğu aydır. Uca Allahın duaları qəbul etdiyi və Onu çağıranlara "Ləbbeyk" dediyi aydır.

Ramazan ayı bütün kainatın yaradıcısına hamdü-sənada olmaq, Ona ibadət və qulluq etmək, O bənzərsiz məbudu hər zamankından daha çox mədh etmək və zikr ayıdır.

Ramazan dua ayıdır. Bu ay, xüsusilə mübarək Qədr gecələrində ala bildiyinə ibadət və dua ilə məşğul olmaq və Allaha yalvarıb-yaxarmaq ayıdır. İnsanın dua vasitəsilə uca Allah ilə arasındakı mənəvi bağı inkişaf etdirmək və Ona hər zamankından daha çox yaxınlaşmaq ayıdır.

Həyatlarında pis işlərlə məşğul olanların orucla özlərini xilas etmək və ruhlarını təmizləmək, səhər vaxtının səssizliyində uca Allaha yönələrək könüllərini dincliklə doldurmaq ayıdır.

Bu ay qaranlıqlardan işığa; təqva və əxlaqi mərifətlərin işığına, tövbə və Allaha doğru dönməyin nuruna və uca Allahın sevgi və rəhmətinin nuruna çıxmaq ayıdır.

Bu ay maddədən və maddi əlaqələrdən xilas olmaq, heyvani aləmdən xilas olub, mələklər aləminə ucalmaq ayıdır. Qısacası bu ay, özünə qayıdış ayıdır.

Gülşən Məmmədova / BDU-nun İlahiyyat fakültəsinin məzunu

Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 12:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com