Ramazan ayı və dəyişən insanlar

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2018
11:47
3494
Ramazan ayı və dəyişən insanlar

Oruc, qarşılığını, ancaq Allahdan gözləyərək bədənimizlə, ruhumuzla, düşüncələrimizlə oruc tutmaqdır. Orucun ac qalmaqdan çox fərqli olduğunu düşünərək, bütün mənliyimizlə, ibadətimizi iliklərimizə qədər hiss edərək oruc tutmaqdır. Yalnız mədəmizlə deyil, əllərimizlə, dilimizlə, qulaqlarımızla oruc tutmaq. Bizdən əsil istənildiyi kimi. Tutacağımız oruclar inşallah tam olaraq Rəbbimizin istədiyi kimi olar. 

Ramazan ayı dünyada olmağımıza baxmayaraq, cənnətdə keçirilən bir ay kimidir, elə də olmalıdır. Bir ay kimi qısa bir vaxt olmasına baxmayaraq, digər on bir aydan üstündür və onlardakı vərdişlərimizdən uzaqlaşmağımıza vəsilə olur. Həm də o, Quran ayıdır. Ona görə də Allahın bizə xüsusi bir yaxınlığı, ya da bizim Ona yaxınlığımız barəsindədir. Rəbbimiz gecənin müəyyən bir vaxtında, "Tövbə edən yoxdurmu, tövbəsini qəbul edim! Bir şey istəyən yoxdurmu, istədiyini verim", - deyər. Bizə isə ancaq istəmək qalır. Əllərimizi qaldırıb istəmək. İstəyirik Allahım. 

Daxilimizdə zərrə miqdarı kin, qısqanclıq və inciklik ilə Rəbbimizin hüzuruna çıxa bilməyəcəyimizi düşünsək, bayramın dinclik və əminlik atmosferini hiss edə bilərik.

Günahlarımızın əfvini istəyirik, nemətlərinin davamını istəyirik, sənə haqqıyla qulluq edə bilməyi, cənnətinin kənarında sənin razılığını, cəhənnəmdən uzaq olmaq istəyirik.  

Şeytanların zəncirləndiyi bu vədədə tutuğumuz orucun, oxuduğumuz Quranın, verdiyimiz zəkatın və digər ibadətlərimizin qəbulunu istəyirik. 

Ramazan ayından və ondan sonra nəfsimizin şərindən də sənə sığınırıq. Bizi Quran əxlaqı ilə tərbiyə et. Sənin yolunda sədəqə verməkdən məhrum etmə.

Sən daxilimizi, xaricimizi bizdən daha yaxşı bilirsən. Səndən xalis niyyət və saleh əməl istəyirik. Dünyəvi və axirət işlərimizdə tənbəllikdən və acizlikdən, qorxaqlıqdan və xəsislikdən, borc altında qalmaqdan və insanların qələbə qazanmasından sənə sığınırıq. Bütün əskiklərimizə və günahlarımıza baxmayaraq aqibətimizi xeyir elə. 

Hər halda istədiklərimizi verməyəcək olsaydı, bizə də, "İstəyin", - deməzdi.

Dünya və axirət üçün böyük işlərə sahib olmaq lazımdır ki, bu da az səylə mümkün deyil. Qazanclı bir ticarət etmək öz əlimizdədir. Əgər qılmadığımız namazlarımız varsa, bu ayda qılınan namazlar bəlkə onların yerinə keçə bilər. Ramazan ayındakı ibadətlərə ən azı birə on savab verildiyi bildirilir ki, sadə hesablamalarla belə, namazlarımız və oruclarımızla bir illik ibadəti etmiş oluruq. Təbii ki, miqdarları təyin etmək bizim işimiz deyil, lakin Ramazan ayında səmimi olaraq sırf Allah rizası üçün edilən ibadətlərin axirət üçün çox böyük bir ticarət olacağı da şübhəsizdir.

Ona görə də Ramazan ayı bütün ili bizə çatacaq qazancı əldə etməyimiz və bundan da əhəmiyyətlisi, bu alış-veriş vərdişini qazana bilməyimiz üçün əldən buraxılmayacaq fürsətdir. Rəhmətinin hər şeyin üzərində olduğunu və hər şeyi əhatə etdiyini bildiyimiz Rəbbimizdən bu mübarək zamanlarda niyyət edək ki, bizi də bağışlasın. Xüsusi ilə o ayda ki, içində min aydan daha xeyirli Qədr gecəsini saxlayır. Təqdir gecəsi olaraq da bilinən Qədr gecəsi, qədri bilinməsi lazım olan bir gecədir. İlin bütün gecələri mübarək bilinməli və hamısında Qədr gecəsi axtarılmalıdır. Namazlarımızda və digər ibadətlərimizdə riya edə bilərik. Amma bu səksən illik xəzinəni tuta bilsək, bunda qılınan namazlarda riya barəsində danışmaq ola bilməz. 

Üç aylarla başlayan Rəhmət küləyi, rəhmət, bağışlanma və cəhənnəmdən qurtuluşun vəd edildiyi Ramazan ayı bizi əməlli-başlı özünə bağlayır və həyatımızda bəlkə də bir dəfə belə, tam mənası ilə tutmamızın xilasımıza vəsilə olacağı Qədr gecəsi ilə pik həddə çatır. Özümüzü bu bayramın rəngarəng iqlimində tapa bilərik. Daxilimizdə zərrə miqdarı kin, qısqanclıq və inciklik ilə Rəbbimizin hüzuruna çıxa bilməyəcəyimizi düşünsək, bayramın dinclik və əminlik atmosferini hiss edə bilərik. Dostlarımızla qucaqlaşar, böyüklərimizin əllərini öpərkən xeyir-dualarını alarıq. “Bir sonrakı ilə kim ölə, kim qala”, - deyərək, kədərlənərik və öz özümüzə yaxşı bir insan olmaq üçün üç aydır qazandığımız gözəl vərdişlərimizə davam etmə sözü verərik.

Bütün bu qızıl fürsətlər bizə illərdir eyni şəkildə təqdim edilir. Bizi yaradan və hər halımızı bizdən daha yaxşı bilən Allah sözündən dönmədiyinə görə, Ramazan ayı, oruc, zəkat, Quranla bağlı və digər vəd edilənlər hələ də etibarlıdır. 

Əbədi səadət, cənnət və cəmalullah üçün yaradılmış olduğumuz düşüncəsi ilə, içində olduğumuz bu çox qiymətli zamanları haqqıyla qiymətləndirə bilmək ümidi ilə.

Gülşən Məmmədova / BDU-nun İlahiyyat fakültəsinin məzunu

Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 04:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com