Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2017
10:32
Yeni balıq qadağası monopolistlərin kökünü kəsə bilər

Azərbaycanda yetişdirilmək üçün xaricdən yeni balıq növləri və digər su bioresurslarının idxalına icazə veriləcək. Ancaq bu sahəyə ciddi nəzarət və qadağalar da tətbiq ediləcək. Bununla bağlı Nazirlər Kabineti “Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”nı təsdiq edib.

Qaydalarda nəzərdə tutulur ki, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi ilə ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınan və müvafiq texniki imkanlara malik hüquqi və fiziki şəxslər məşğul ola bilər.

Sadə dillə desək, bundan sonra hökumət xaricdən gətirilən və süni formada yetişdirilən balıqlara ciddi nəzarət edəcək. Onu da xatırladaq ki, prezident İlham Əliyev də aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib, müəssisə ilə tanış olmuşdu. Ekspertlər bildirirlər ki, bu, dövlət başçısının da qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar fonunda balıqçılığın inkişafına önəm verməsinin göstəricisidir.

O da məlumdur ki, ölkədə digər əksər sahələr kimi balıqçılıq da bəzi məmurların monopoliyası altındadır. Azərbaycan Xəzər dənizinin sahilində yerləşsə də, ərazisindən iri çaylar keçsə də, ölkə bazarlarında balığın qiyməti heç də qənaətbəxş səviyyədə deyil.

“Yeni Müsavat”a danışan 1991-1992-ci illərdə fəaliyyət göstərən “Azərbalıq” İstehsalat Kommersiya Assosiasiyasının sədri olmuş Hafiz Hacıyev bildirib ki, bu kimi addımlar balıq sahəsində monopolistlərin kökünü kəsə bilər: “Məlumdur ki, bu gün Azərbaycanda bəzi məmurlar Xəzər dənizini də bölüşdürüblər. Onların özlərinin zavodları, vətəgələri də var. Halbuki, neftdən sonra balıq Azərbaycanın ikinci ən böyük sərvətidir. Zamanında biz 55 ton qara kürü verdiyimiz halda, bu gün Azərbaycanda 4-5 ton kürü istehsal olunur. Əslində hesab edirəm ki, bu gün 55 tondan da çox qara kürü istehsal edilir, lakin bunun yalnız 4-5 tonu üzə çıxarılır. Yerdə qalan böyük bir qisim isə hansısa məmurlar tərəfindən mənimsənilir. Hesab edirəm ki, cənab prezidentin də işə qarışması ilə balıq mafiyasının kökü kəsiləcək. Belə olarsa, təkcə balıq məhsullarından gələn gəlirlərlə dövlət büdcəsindən xərcləmələrin böyük hissəsini qarşılamaq olar. Bizim fəaliyyət göstərdiyimiz zamanlarda Azərbaycanda böyük miqdarda süni balıq yetişdirilirdi. İndi də ölkədə xeyli sayda - yüzlərlə hektar ərazidə axmaz su hövzələri mövcuddur. Yəni Kür çayı daşır, sonra yerinə qayıdır, yaranan axmaz sular isə illərlə orada qalır. Həmin hövzələrdə balıq yetişdirmək mümkündür. Balığın süni şəkildə artırılması ən çox Neftçala, Salyan zonasında mümkündür. Zamanında biz bu ərazilərdə balıq yetişdirməklə ölkənin daxili bazarını tam təmin etmişik. Bununla kifayətlənməyib, xaricə də böyük miqdarda balıq satmışıq. Elçibəy hakimiyyəti dönəmində 650 ton nərə (asetrin) balığını Türkiyəyə çıxarmışdıq. Süni yetişdirmə balıqçılıq sahəsində hər zaman olub. Azərbaycanda isə hazırda bu sahədə özbaşınalıq mövcuddur və sahə oliqarxların nəzarətindədir”.

Related image

H. Hacıyev bildirib ki, süni balıqlar barəsində söylənilən bəzi fikirlər yanlışdır: “Süni balığın dadı heç də digərlərindən ciddi seçiləcək qədər aşağı deyil. Misal üçün, farel balığını biz süni yetişdirirdik. Eyni zamanda qızıl balığı, nərəni də süni formada yetişdirmək mümkündür. Sadəcə olaraq, süni formada yetişdirilən balıqların dadında hiss olunmayacaq qədər fərq olur ki, bu da balıqçılıq üçün elə də böyük əhəmiyyət kəsb etmir. Məqsəd xalqın balığa olan tələbatını ödəmək və xaricə bu məhsulları çıxara bilməkdir. Hesab edirəm ki, indiki zamanda xaricdən ölkəyə balıq gətirmək yersizdir. Ərazimizdə Xəzər dənizi olub, Kür çayı keçdiyi halda xaricdən nə üçün balıq gətirək? Bu, tamamilə məntiqdən kənar bir haldır. Görünür, Azərbaycana xaricdən balıq gətirməkdə də maraqlı olan qüvvələr az deyil. Bizim dövrümüzdə xarici gəmilərə yanacaq verib, əvəzində isə Volqa çayından balıq və qara kürü götürürdük. İndiki halda isə xaricdən ödəniş hesabına balıq almaq doğru deyil. Məqsəd daxili istehsalı artırmaq olmalıdır. Əgər daxili istehsal artarsa, bu sahəyə maraq da artar, işsizliyə də müsbət təsiri olar. Həmçinin daxili istehsalın gücləndirilməsi balığın bazarda bol olmasına gətirib çıxarar. Yəni təklif edilən məhsulun miqdarı artar, nəticədə isə qiymətlər aşağı düşər. Bu gün Azərbaycanda balığın qiyməti həddən artıq bahadır. Sazan və göldə yetişdirilən digər balıqların kiloqramı 2 manatdan baha olmamalıdır. Halbuki hazırda bu balıqlar bazarda 6-7 manata satılır. Eləcə də nərə balığının da kiloqramını 15-20 manata salmaq olar. Sadəcə olaraq, şəraitdən kimlərsə düzgün istifadə etməyiblər, öz mənafeləri naminə balıqçılıq sənayesini indiki vəziyyətə salıblar”.

Məqalədə : Balıq qara kürü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48273

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46327

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47956

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47561

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53144

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47194

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47590
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 11:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru