Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 May

2017
17:07
5229
Zəlzələ nədir? Necə yaranır? Növləri hansılardır? - Sualların cavabı bu yazıda

Xalq arasında zəlzələ kimi də tanınan yeraltı təkanlar, yer qabığında gözlənilməz bir anda baş verən hadisədir. Bu təkanların miqyası yer altındakı seysmik hərəkətlərin böyüklüyünə, yer səthindəki dağıntılarla ölçülür. Həyat şəraitinə mənfi təsir edən təbii fəlakətlərdən biri olan zəlzələ haqqında məqaləmizdə ətraflı şəkildə tanışacağıq.

Dünyada sel fəlakətləri, qasırğalar, torpaq sürüşmələri və zəlzələ kimi bir çox fəlakət hadisələri baş verir. Ciddi şəkildə can və mal itkilərinə səbəb olan bu fəlakətlərin qarşısını təəssüf ki, almaq mümkün deyil. Ancaq görülən tədbirlərlə belə fəlakətlərdən ən az səviyyədə xilas olunmasına cəhdlər göstərilir. 

Belə fəlakətlərdən biri də zəlzələ adlandırılan yeraltı təkanlardır. Dünyanın yaranmasından bu yana fay xətlərində və seysmik cəhətdən hərəkətli olan yerlərdə zəlzələlər baş verir.

Müxtəlif güclərdə baş verən zəlzələlər bəzən çox yüngül titrəyişlər şəklində, bəzən də böyük sunamilərə səbəb olacaq qədər güclü olur. Əgər yer səthinə yaxın nöqtədə güclü zəlzələ baş veribsə, bu, sunami, vulkan partlayışları və torpaq sürüşmələri kimi hadisələri də alovlandırır. 

Zəlzələ nədir?

Zəlzələ yer qabığı daxilində qırılmalara görə yaranan titrəyişlərin dalğalar halında yayılaraq yer üzünə əks olunması prosesidir. Bu dalğalar yayılarkən keçdiyi və çatdığı hər yeri təsiri altına salaraq, dağıntılara səbəb olur. Başqa sözlə, əslində hərəkətsiz qəbul etdiyimiz, üzərinə inamla basıb, evlərimizi tikdiyimiz torpağın hərəkət edərək üzərində olan hər şeyə zərər verməsi hadisəsidir. Zəlzələ zamanı evlər və binalar dağılır, insan tələfatları və yaralanmalar olur.

Zəlzələni araşdıran elm sahəsi isə seysmologiya adlanır. Ölkəmizdə bu işi Respublika Seysmoloji Xidmət Mərkəzi görür. Seysmoloji xidmət zəlzələnin necə yarandığını, zəlzələ dalğalarının yer qabığı içərisində hansı istiqamətdən hansı tərəfə doğru hərəkət etdiyini, təkanların gücünü və ölçüsünü öyrənən elm sahəsidir.

Zəlzələ necə yaranır?

Zəlzələlərin böyük bir hissəsi yer kürəsinin 12 km dərinliyinə qədər çatan elastik hissədə yaranır. Bu hissədən daha aşağılarda temperatur 400 dərəcədən artıq olduğu üçün hər hansı bir titrəyiş olmur. Elastik olan üst hissədə isə hər il bir neçə santimetrlik sürüşmə yaranır. Bu kiçik hərəkətlər uzun illər toplanır və böyükdə bir neçə metrlik sürüşmələrə səbəb olur. Bunlar isə özünü yer üzündə zəlzələ adlandırdığımız təkanlar kimi göstərir. 

Zəlzələ yer qabığındakı fay adı verilən laylar üzərində yaranır. Fay kövrək quruluşa malik qayaların yüksək təzyiqə və gərilmələrə məruz qalaraq qırılmasından yaranan formalardır. Bu gərilmələr yer kürəsinin müxtəlif hissələrində ola bilir. Zəlzələlər isə qayalıq sahədə yaranan gərilmənin ani bir hərəkətə səbəb olacaq qədər yüksəlməsi ilə yaranan yer hərəkətidir. Bu gərilmələrin boşalması güclü enerji yaranır. Yaranan enerjinin ətrafındakı qayalıqlarda yaratdığı titrəyiş nəticəsində isə zəlzələlər baş verir. Yaranan enerjinin qiymətinin hidrogen bombasının gücündən də 100 dəfə çox olması məlumdur. Bu gərginlik boşalması layların sərhəd zonalarında baş verdiyi kimi, onların orta hissələrində, möhkəmliyi zəif zonalarda da yarana bilər. 

Zəlzənin daim baş verdiyi yerlər seysmik qurşaq adlanır. Dünyada 2 seysmik qurşaq var. Alp-Himlay qurşağı, Sakit okean qurşağı.

Xəritədə eyni zəlzələ şiddətindəki nöqtələri birləşdirən xətlərə izoseyestlər deyilir.

10 dəqiqə davam edən 7 ballıq zəlzələ 25000 TNT-nin eyni vaxtda partladılmasına bərabərdir. 10 ballıq zəlzələ 100/km-i 32 saniyəyə qət edir.

Zəlzələnin növləri hansılardır?

1. Tektonik zəlzələlər: Yer üzündə yaranan zəlzələlərin 90%-i tektonik zəlzələlərdir. Yer qabığını təşkil edən layların bir-birinə təzyiq göstərməsi və bir-birlərini hərəkət etdirməsi nəticəsində yaranan zəlzələ növüdür. Azərbaycanda baş verən zəlzələlərin böyük hissəsi tektonik zəlzələlər qrupundadır.

2. Vulkanik zəlzələlər: Vulkan partlayışları nəticəsində yaranan zəlzələlərdir. Yerin altında olan lava dediyimiz yanar kütlə və qaz qarışığından ibarət maye yer üzünə çıxmaq istədikdə, qığılcımların hərəkətindən qaz partlayışı yaranır. Bu partlayış isə vulkan püskürmələrinə səbəb olur. Yaponiya və İtaliyada baş verən zəlzələlərin bir hissəsi vulkanik zəlzələlərdir. Azərbaycanda isə fəal vulkan olmadığından bu cür zəlzələlər müşahidə edilmir.

3. Çöküntü (denudasiya) zəlzələlər: Yerin altında yaranan boşluqlarda torpağın əriməsi, yumşalması və ya dağılması nəticəsində yaranan zəlzələlərdir. Çöküntü zəlzələlərin yaranmasında yeraltı sərvətlərin çıxarılması zamanı aparılan qazıntı işlərinin mənfi təsiri olur. Bundan əlavə, bəndlər tikilərkən fay xəttinə düşüb, torpağın çökməsi də çöküntü zəlzələlər yarada bilər. 

Denudasiya zəlzələləri həm də torpağa süzülən su nəticəsində baş verir. Su onun bəzi hissələrini həll edir və özü ilə aparır. Yeraltı sular dağıdıcı fəaliyyəti asanlıqla həll olan süxurlarda, məsələn, daş, duz, gips, əhəngdaşı və inkişaf etdiyi yerlərdə meydana çıxır. Bu suların yerinə boşluqlar və ya mağaralar əmələ gəlir. Zaman keçdikcə həmin boşluqların tavan hissələri ağırlıq qüvvəsini təsiri altında aşağı uçur və şiddətli yerə dəyərək zəlzələnin əmələ gəlməsinə səbəb olur.

Müşahidələr göstərir ki, uçma birdən-birə baş verirsə, zəlzələ bir neçə dəqiqədən artıq davam etmir. Bəzən seysmik hərəkətlər bir neçə zəlzələ şəklində meydana çıxır. Bir zərbənin ardınca ikinci və sonrakılar hiss olunur: burada ayrı-ayrı zəlzələlər arasındakı fasilə bir neçə gün ola bilər. Həmin hadisənin səbəbi odur ki, əmələ gəlmiş baş zərbə həmin mağaranın başqa yerlərində və qonşu mağaralarda müvazinətin pozulması və əlavə uçqunların əmələ gəlməsinə səbəb olur. Bu kimi zəlzələlərə uçma və karst deyilir.

Belə zəlzələlərin hissedilmə ərazisi yerli olduğundan, enerjiləri və təsirləri digər növlərə nisbətən daha azdır.

4. Sunami: Zəlzələ ocağı dənizin altında olan və dənizin içərisində baş verən zəlzələ növüdür. Zəlzələnin baş verdiyi dənizdə dalğalar sahilə doğru yönəlir və o qədər böyük hündürlüyə, gücə çatır ki, sahildəki bütün ev və binalara zərər verir. Belə nəhəng dalğalara isə sunami adı verilir. Dəniz zəlzələlərinin ən çox müşahidə edildiyi ölkə Yaponiyadır. 1896-cı ildə bu ölkədə sunamidən 30.000 nəfər dünyasını dəyişib.

FaktXəbər

Məqalədə : zəlzələ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru