Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2017
08:20
4005
Avropa Parlamentində Qarabağ müzakirəsi aparılıb

Əvvəldən xəbər verdiyimiz kimi Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyəti Avropa Parlamentinin dəvəti əsasında Brüsseldə rəsmi səfərdədir. Millət vəkili, Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin sədrlik etdiyi iclasda komitə üzvləri Kamran Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov iştirak edirlər. İclasda Avropa Parlamenti üzvləri, siyasi qrupların müşavirləri, həmçinin Avropa Komissiyasının və Avropa Xarici Fəaliyyət Xidmətinin yüksək səviyyəli rəsmiləri cənab Dik Şubel və cənab Lourens Meredits iştirak edirlər.

Milli Məclisdən FaktXəbər-ə verilən məlumata görə, Parlament Əməkdaşlıq Komitəsinin XIV iclasının ikinci iş günündə gündəlik üzrə daha üç məsələ müzakirə edilib. 

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətləri” mövzusunda məruzə ilə çıxış edən Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi Dirk Şubel Azərbaycanın geostrateji mövqeyi və üzləşdiyi problemlər barədə ətraflı məlumat verərək 25 ildən çox müddət ərzində davam edən Dağlıq Qarabağ münaqişəsinin bütövlükdə regionun inkişafına əngəl yaratdığını diqqətə çatdırıb. Şubel çıxışında bu münaqişənin həlli üzrə indiyədək müxtəlif beynəlxalq qurumlar tərəfindən göstərilən cəhdləri xatırladaraq Avropa İttifaqının münaqişənin bu günə qədər davam etməsindən təəssüfləndiyini bildirib. Məruzə ətrafında çıxış edən Səyyad Kərim, Boris Zala, Norika Nikolai, Heydi Hautala və Milli Məclisin üzvləri Kamran Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov Ermənistanın işğalçılıq siyasətini pisləyərək, 1 milyondan çox qaçqın və məcburi köçkünlərin fundamental haqlarının kobud şəkildə pozulduğunu vurğulayıb və mövcud status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər. 

“Regional əməkdaşlıq və Azərbaycan üçün çağırışlar” mövzusu ətrafında məruzə ilə çıxış edən Avropa Komissiyasının yüksək səviyyəli rəsmisi Lourens Meredits olduqca mürəkkəb regionda yerləşən Azərbaycanın həm qonşu ölkələrlə, həm də Avropa İttifaqı ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq etdiyini və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ciddi potensialın mövcud olduğunu diqqətə çatdırıb. Mövzu ətrafında çıxış edən Milli Məclis və Avropa Parlamenti üzvləri regional əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün yeganə maneənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu vurğulayıblar. İclasda iştirak edən Avropa Komissiyasının üzvləri Azərbaycanın Avropa üçün alternativ qaz mənbəyi rolu oynadığını qeyd edib və Azərbaycanın bu üstünlüyünün Aİ ilə Azərbaycan arasında hazırlanmaqda olan strateji əməkdaşlığa dair müqavilədə öz əksini tapacağını təsdiqləyiblər. 

Növbəti məsələ Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin rolunun və səmərəliliyinin artırılması haqqında təkliflərin müzakirəsi ilə bağlı olub. Mövzu ilə bağlı ətraflı məlumat verən komitə həmsədrləri Səyyad Kərim və Cavanşir Feyziyev Aİ ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafında parlamentlərarası əməkdaşlığın xüsusi rol oynaya biləcəyini söyləyərək öz təkliflərini iclas iştirakçıların müzakirəsinə təqdim ediblər. 

Ətraflı müzakirələrdən sonra qurumun səmərəliliyini artırmaq məqsədi ilə Parlament Əməkdaşlıq Komitəsinin Prosedur Qaydalarına bir sıra dəyişikliklər edilməsi qərara alınıb. Bununla da Parlament Əməkdaşlıq Komitəsinin XIV iclasının gündəliyində duran əsas məsələlərin müzakirəsi başa çatıb. 

Sonda XIV iclas çərçivəsində müzakirə olunan məsələlərə dair Yekun Bəyannamə qəbul olunub. Yekun Bəyannamədə hərtərəfli əməkdaşlıq haqqında yeni müqavilənin Aİ və Azərbaycanın strateji maraqlarına uyğun olduğu, Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində böyük potensialın mövcudluğu qeyd olunub. Azərbaycanda siyasi vəziyyət, həyata keçirilən iqtisadi və siyasi islahatlar, vətəndaş cəmiyyəti təsisatlarının rolu haqqında Aİ ilə Azərbaycan arasında açıq və konstruktiv dialoqun faydalı olduğu vurğulanıb. 

Sənəddə həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tez bir zamanda həllinə nail olunması üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinə və digər beynəlxalq təşkilatlara çağırış ifadə olunmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, qaçqın və məcburi köçkünlərin fundamental haqların bərpa olunması, BMT TŞ-nın məlum 4 qətnaməsinə və Avropa təsisatlarının müvafiq qərarlarına əməl olunması zərurəti qeyd edilib. 

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hökumət və vətəndaş cəmiyyəti təsisatları tərəfindən irəli sürülən bütün təşəbbüslər, o cümlədən Ermənistan və Azərbaycan QHT-ləri tərəfindən təsis olunmuş Sülh Platforması ideyası alqışlanıb. Sənəddə qeyd olunur ki, PƏK münaqişə tərəflərini, o cümlədən AP və Milli Məclis üzvlərini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə, regionda vəziyyətin gərginləşməsinə və zorakılığın artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
137

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru