Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 May

2017
15:05
414
Direktor: `Keçən il `morq`a gətirilən 71 körpə meyiti sahibsiz olub`

Keçən il Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə 3 237 meyit gətirilib.

Bunu birliyin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, onlar arasında xəstəlikdən ölənlər 913 nəfər, zorakılıqla öldürülənlər 2 227 nəfər təşkil edib: “97 nəfərdə isə ölümün səbəbləri təyin edilməyib. Buna səbəb ya meyitin bədənində çürümə dəyişikliyi olması, ya da tamamilə yanaraq kömürləşməsi olub. Çünki meyit çürüyəndə ölümün səbəbini təyin edə bilmirik”.

Zorakılıqla baş verən ölümlərin içərisində bədbəxt hadisələrin çoxluq təşkil etdiyini deyən Ə.Həsənov bildirib ki, belə ölümlərin sayı 1 494 olub: “Bura suda boğulma, yol-nəqliyyat hadisələri, yanıq və s. hallar aiddir”.

O, həmçinin qeyd edib ki, meyitlər arasında sahibsiz olarları da olur: “Sahibsiz meyitlər olduğu halda əgər yaxınlarından kimsə çıxmasa, Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılır və meyitlər götürülüb aparılır. Ölümün səbəbinə görə sahibsiz meyitlərin saxlanma müddəti dəyişir. Belə meyitləri ən çoxu 10 gün saxlayırıq. Uşaqlar adətən xəstəxanalarda yenidoğulmuşlara, ya da ölü doğulanlara aiddir. Onların da çoxunu yiyəsi götürmür. Bunlar da sahibsiz meyitlər sırasına aid edilir”.

Birliyin direktoru qeyd edib ki, körpə uşaq meyitlərindən 14 faizi sahibsiz olub: “Bu da sırf yenidoğulmuşlar olub. Ölü doğulmuş, yenidoğulmuş, düşük faktlarının içərisindən 587 meyit olub ki, onlardan 71-i, yəni 14 faizi sahibsiz olub”.

“Birliyə intihar halı ilə gələn meyitləri müayinə etdikdən sonra bəzən onun qətlə yetirildiyi faktları da olub. Bu da gətirilən meyitlər arasında 1 və ya 2 nəfəri əhatə etmiş olur. Adətən belə hallar qəfləti ölüm kimi görünərək, xəstəlikdən və ya bədbəxt hadisə zamanı ölmüş kimi bilinir. Lakin meyitin müayinəsindən sonra aydın olur ki, zorakı ölüm halı baş verib” - deyə o, əlavə edib.

“Təcili tibbi yardım işçiləri ölüm faktına səbəb verə bilməzlər” - deyən Ədalət Həsənov vurğulayıb ki, onlar ölən şəxsin öldüyü ilə bağlı qeydlər edə bilər: “Sonradan müstəntiqə onun ölməsi ilə bağlı xəbər verilir. Meyiti hadisə yerindən yalnız ekspertiza əməkdaşları gətirir. Ölümün ilkin ehtimalını bizim ekspertlər deyir. Hərdən ola bilər ki, ekspertlər ilkin ehtimal üçün hansı səbəbdən ölüm halının ola biləcəyini nəzərdə tuturlar. Amma müayinədən sonra əksi də çıxa bilər”.

Birlik direktoru meyitin yarılma müddətinin fərqli olduğunu da vurğulayıb: “Meyit var ki yarılması 1-3, 4 saat çəkir. Eləsi də var ki, meyitin yarılması dünəndən başlayıb sonrakı günə qədər davam edir. Məsələn, meyitin bədənində olan gülləni tapmaq olmur, əlavə rentgen gətiririk və stolun üzərində ola-ola onu rentgendən keçiririk və gülləni tapırıq. Bundan sonra da hələ meyitin müayinəsi davam edir. Meyit də olur ki, onun müayinəsi 1 sutka davam edir. Bu da çox nadir hallarda olur. Belə hal ildə təxminən 1-2 dənə olur. Ümumilikdə isə meyiti yarmaq üçün adətən 1-2 saat vaxt lazım olur”. (Report)

Səhiyyə Nazirliyi, Məhkəmə-Tibbi Ekspertiza, Patoloji Anatomiya Birliyi
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru