Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2017
16:02
Oqtay Əsədov Zahid Oruca səsləndi: `Heç qorxağa oxşamırsan`

“Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi bu gün parlamentin müzakirəsinə çıxarılıb. Modern.az xəbər verir ki, qanun layihəsi haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. 

Deputat Zahid Oruc isə sənədə etiraz edib. O qeyd edib ki, bununla parlament məhkəmə səlahiyyətlərini mənimsəmiş olacaq. Onun sözlərinə görə, dünya təcrübəsində belədir ki, cəzanın sərtləşdirilməsi cinayətin qarşısını almır. 

“Biz məhkəmənin qərarı ilə səlahiyyətlərimizə başlayırıq, onun qərarı ilə də sonlandırırıq. Ancaq biz daxili nizamnamədə dəyişiklik edəcəyiksə, bununla parlamentin nüfuzuna zərbə dəyə bilər. Eyni zamanda, əgər Milli Məclis öz üzvünü  deputatlıq səlahiyyətindən məhrum edirsə, onda məhkəmənin səlahiyyətini mənimsəmiş olacaq. Ancaq, məsələn, region ölkələrində belə bir kodeks yoxdur. Bu yaxınlarda Gürcüstan parlamentində kimsə qələmlə başqasının başını yarmışdı. Buna görə heç bir cəza almamışdı. Amma Gürcüstan parlamenti dövlət quruculuğunda mühüm yer tutur”. 

Zahid Oruc bildirib ki, bir çox ölkədə deputat haqda belə qanun yoxdur. 

“Məsələn, bu məsələdə birinci yerdə Danimarka parlamentidir. Orada belə bir qanun yoxdur. İndoneziyada belə bir qanun var, amma bu məsələ ilə bağlı dünya sıralamasında 88-ci yerdə dayanır. Bu, qanun layihəsi qəbul olunsa, parlamentdə qorxaqlıq yaradacaq, özünü senzuraya gətirib çıxaracaq”. 

Zahid Oruc bildirib ki, obrazlı şəkildə bu, sanki Bibliyadan xütbələrin oxunmasıdır. 

“Əgər biz gerçəkdən də belə dəyişiklik edəcəyiksə, bu, parlamentin nüfuzuna zərbədir. Düşünməyin ki, dövlət güclü, parlament zəif ola bilər”-deyə o bildirib.

Milli Məclis sədri Oqtay Əsədov isə Zahid Orucun çıxışına reaksiya verib: “Heç qorxağa oxşamırsan, bayaqdan elə danışırsan. Burada səlahiyyət mənimsənilməsindən söhbət gedə bilməz”. 

Qanun layihəsi lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. Sənəddə göstərilib ki, hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanun layihəsində göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir. Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. 

Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır. Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. 

Qeyd olunub ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür. Komissiya, eyni zamanda, deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır. Həmçinin qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir. 

Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumat verilir. 

Milli Məclis sədri Oqtay Əsədov sonda bildirib ki, qanun layihəsində bəzi müddəalar yumşaldılmalıdır. Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 06:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com