Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Aprel

2017
14:05
2476
Uşaqlar məktəbdə nə yeyirlər?

Azərbaycanda “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” pilot layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında sorğuların növbəti mərhələsi yekunlaşıb. Onun təşəbbüskarı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzidir. Kampaniyada Bakı və Xızı rayonunun orta məktəblərinin V, VII və X sinif şagirdləri iştirak ediblər.

Gənc respondentlərə qidalanma normaları, qida vərdişləri, üstünlük verdikləri qidalar və s. haqqında 60-dan çox sual yer alan anketlər paylanıb. Anketlər Ümumdünya Səhiyyə Təşkilatının ölkəmiz üçün uyğunlaşdırılmış metodologiyası ilə hazırlanıb. Sorğu nəticələri emal ediləcək və yaxın gələcəkdə açıqlanacaq.

Bundan əvvəl Gəncə, Göyçay, Saatlı, Lənkəran, Qazax, Qax, Quba rayonlarında 25 orta məktəbdə analoji araşdırmalar aparılıb. Araşdırmalarda şagirdlərin valideynləri, müəllimlər, bu müəssisələrin yeməkxana və qida bloklarının işçiləri də iştirak ediblər. Sorğunun nəticələri mənfi olub. Məlum olub ki, 1400-dən çox respondent arasında 500-dən çox şagird dərslərarası tənəffüslərdə biskvitlə, 450 nəfər kolbasa və ya pendirli buterbrodlarla qidalanmağa üstünlük verir. Bir çox uşaqların məktəbə özləri ilə şüşələrdə su gətirməsi müsbət məqamdır. Respondentlərin cəmi 4,3%-i meyvə yeyir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadənin sözlərinə görə, araşdırmaların nəticələri narahatlıq doğurur. Uşaqların və valideynlərinin sağlam qidalanma haqqında çox səthi məlumatları var, onlarda yeməklə bağlı zərərli vərdişlər formalaşıb. Meyvədən istifadəyə gəlincə, nəticə kifayət qədər aşağıdır.

Ölkə həkimləri çoxdan həyəcan təbili çalırlar: uşaqlar arasında allergiyanın, mədə-bağırsaq xəstəliklərinin, piylənməyə meylliliyin artması müşahidə olunur. Hamısının səbəbi uşaqların yediyi fast-fudlar, şirniyyat, tarazlaşdırılmamış qidalanmadır. Valideynlər də bu vəziyyətdən narahatdırlar. Onların əksəriyyəti uşaqları məktəbə göndərərkən çantalarına təzə buterbrod, şüşədə su qoyurlar. Amma, axı bu, vəziyyətdən çıxış yolu deyil. Uşaqlar günorta müvafiq gigiyena şəraitində hazırlanmış isti yeməklə qidalanmalıdırlar.

Amma şagirdlərin sağlam qidalanmasının təşkili ilə bağlı kəskin ictimai tənqidə baxmayaraq, Təhsil Nazirliyi hələ də bu sahədə vəziyyəti normallaşdırmağa müvəffəq olmur. Təhsil məüssisələrində uşaqların qidalanması haqqında normativləri təsdiq edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də problemdən uzaq durur.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev qeyd edir ki, məktəblərdə qidalanmanın təşkili “Məktəbli və tələbə iaşə” ASC-yə tapşırılıb. ASC yalnız çox vaxt mənşəyi şübhəli olan məhsulların məktəblərə təqdim edilməsini öz öhdəliyi hesab edir. Amma məktəblərdə satılan istənilən qida keyfiyyətli olmalıdır və buna məktəblər özləri nəzarət etməlidir.

Paytaxtın Nizami, Sabunçu, Binəqədi rayonlarında yerləşən bir sıra liseylərin və orta məktəblərin şagirdlərinin valideynləri ilə söhbətdə məlum olub ki, məktəb yeməkxanalarında çox vaxt istifadə müddəti keçmiş şokoladlar, çipslər, qarğıdalı çubuqları satılır. Müəllimlər özləri valideynlərə uşağın qidalanmasının qayğısına qalmağı məsləhət görürlər, çünki məktəb bufetlərində satılan məhsulların vaxtı keçmiş ola bilər.

Belə bir sual yaranır – nəzarət və yoxlama orqanları haraya baxırlar? Sən demə, qanun bu orqanların elə-belə məktəb yeməkxanasına gəlməsini qadağan edir. Daha doğrusu, elə-belə gəlmək olar, amma yoxlama məqsədi ilə yox. Şikayət və ya kütləvi zəhərlənmə yoxdursa, yoxlamalar yalnız plan üzrə ola bilər, onlar barədə əvvəlcədən xəbərdarlıq edilir, buna görə, bir qayda olaraq, yoxlamaların nəticələri müsbət olur.

Bəs nə etmək olar? Ekspertlər məktəblərdə məktəb heyətinin də iştirakı ilə məktəb yeməkxanasına nəzarət edə və ən azından uşaqlarına yedirilən yeməklərin dadına baxa, nahar zalında sanitariya şəraitini qiymətləndirə biləcək valideyn komissiyaları yaratmağı məsləhət görürlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru