Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2017
17:04
Azərbaycanı tanıyaq: Qobustan qayaları barədə bilmədiklərimiz

Bakı şəhərinin yaxınlığında tarixi bir məkan var. Bu məkanın adı Qobustandır. Qobustan - Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur. Qoruq paytaxt Bakıdan 56 km aralıda yerləşir. 

Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir.  Açıq səma altında yerləşən qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur.

Qobustan qoruğunda mühafizə edilən insan və heyvan təsvirləri ov, döyüş və rəqs səhnələri ən qədim insanların hansı heyvanları necə və hansı üsullarla ovladığını öyrənməyə imkan verir. Yallı səhnələri Qobustan qoruğunun ən maraqlı rəsmlərindəndir.

Qədim rəsmlərdən başqa Qobustanda, Böyükdaş dağının ətəyində latınca yazılmış sözlər aşkar edilmişdir. Bu yazı bizim eradan əvvəl I əsrə aiddir və Bakının yaxınlığında Roma qoşunlarının olmasından bəhs edir.

Qobustanın ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir. İshaq Cəfərzadə Qobustanda 5000-ə yaxın qayaüstu rəsm aşkar etmişdi.

1972–ci ildə Qobustanda aparılan arxeoloji qazıntılar nəticəsində on iki insan skeleti aşkar olunmuşdur. Firuz düşərgəsində açılmış son mezolit dövrü qəbrindəki insanların kəllə sümüklərinin antropoloji quruluşu, onların elmi tədqiqi zamanı müəyyən olunmuşdur ki, onlar müasir azərbaycanlıların əcdadlarıdır.

Etimologiyası

Qobustan adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir. Heç bir həndəsi şəklə malik olmayan bu sistemsizliyin özündə suyun, havanın, küləyin, zəlzələ və plaçıq püskürmələrinin yaratdığı böyük təbii hərc-mərclik aləmi müşahidə olunur. Bu, illərin, əsrlərin deyil, milyon illərin ardıcıl olaraq yaratdığı dağıntılar və "quraşdırmaların" nəticəsidir. Qobustan adının da mənşəyi məhz bu təbii şəraitlə izah edilməyə çalışılır.

Türk dillərində "qobu / kobu" sözü "yarğan, boşluq, yarısəhra" anlamına gəlir.

Digər bir verisyaya görə isə Qobustan sözünün ilkin forması Gavistan şəklində olmuşdur. "gav" farsca öküz, inək, "stan" isə diyar anlamında yer bildirən şəkliçidir. Bu halda söz "Öküzlər diyarı" şəklində şərh edilməkdədir. Bu versiyanın da irəli sürülməsi təsadüf olmamışdır. Çünki, vaxtilə Qobustan ərazisində çoxlu çöl öküzü yaşamışdır. Min illər keçdikcə onların bir hissəsi ölmüş, bir hissəsi isə əhliləşdirilmişdir.

Başqa bir versiyaya görə isə bu yerin adı Kəbristan olmuşdur. "Kəbr" oda sitayiş edən, "stan" isə diyar anlamında kimi qəbul edildikdə söz oda sitayiş edənlərin diyarı kimi anlaşılmaqdadır. Bu versiyaya görə, bu yerlərdə atəşpərəstər yaşamış, ona görə də ərazi Kəbrstan adlandırılmışdır.

Flora və Faunası

Hal-hazırda Qobustanın təbiəti Azərbaycanın Arran rayonlarına daha çox uyğundur. 20 – 25 min il əvvəl isə bu yerlərin təbii şəraiti tamamilə fərqli olmuşdur. 10 – 12 min il bundan əvvəl Qobustan qayalarına çəkilmiş heyvan və insan şəkillərindən görünür ki, o zaman bu yerlərdə davamlı isti iqlim hökm sürmüşdür. İnsanlar nazik paltarlarla keçinmişlər.

Qobustanda saysız-hesabsız çöl heyvanı,öküz, at, keçi, gur, maral və başqa heyvanlar yaşamışlar. Qayaüstü təsvirlərdən və arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılardan görünür ki, qədim dövrdə bu ərazidə pələng, canavar, tülkü, çaqqal və başqa yırtıcı heyvanların da məskəni olmuşdur. 

Tədqiqi

Qobustan qışlaq kimi Azərbaycan maldarlarına çoxdan məlum olmuşdur. Lakin oradakı maddi-mədəniyyət qalıqları və qayaüstü təsvirləri ilk dəfə Azərbaycan arxeoloqlarından prof. İshaq Cəfərzadə 1939–1940–cı illərdə aşkara çıxarmışdır. 1941–cı ildə başlanan Böyük Vətən Müharibəsi ilə əlaqədar olaraq axtarışlar dayandırılmış və bir də 1947–ci ildə davam etdirilmişdir. İ.Cəfərzadə illər boyu apardığı çətin elmi axtarışların və tədqiqatların nəticəsi olaraq 750 qaya üzərində döymə, qazma və sürtmə üsulla çəkilmiş 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar – petroqliflər qeydə almış, 20 qayaaltı sığınacaq aşkarlamışdır.

Qobustan abidəsi bir də onunla maraqlıdır ki, burda insan həyatı təxminən eramızdan əvvəl onuncu minilliklərdən başlayaraq ta XVIII əsrə qədər ardı-arası kəsilmədən davam etmişdir.

Qoruq əsasən üç dağın (Böyükdaş, Kiçikdaş və Cingirdağ) yerləşdiyi böyük bir ərazini əhatə edir.

Yaşayış yerləri

Hələlik məlum olan qayaaltı sığınacaqların ən yaxşı nümunələri Böyükdaş və Kiçikdaş dağlarının cənub-şərqində yerləşən iri düşərgədir. Arxeoloqlar bu yaşayış yerlərinin birini "Çardaq zağa", digərini isə "Feyruz–1" adlandırmışlar.

Bu düşərgələrin hər ikisinin tavanını qərbdən torpağa oturmuş iri yastı qaya təşkil edir. Mütəxəssislər güman edirlər ki, bu sığınacaqlarda yaşayanlar ev işlərinin bir hissəsini düşərgələrin yastı tavanı üstündə edirlərmiş. Belə düşərgələrdən biri də Böyükdaş dağının cənub enəcəyindəki "Yeddi Gözəl" mağarasıdır.

Məşğuliyyətləri

İbtidai insanların həyat mübarizəsinin əsasını, başlıca olaraq acından ölməmək üçün yemək əldə etmək təşkil edirdi. Bunun üçün qədim qobustanlılar cürbəcür meyvə və bitkiləri yığmağa, heyvan ovlamağa məcbur olmuşlar. Silah (adi daş və dəyənək) bəsit, ov isə asanlıqla təslim olmayan ot və ətyeyən heyvanlar olmuşdur. Qobustanlılar böyük dəstələrlə ova gedib otlaqlardakı heyvan sürülərini qova-qova Böyükdaş, Kiçikdaş və Cingirdağın üstünə qaldırır, sonra da arxa tərəfi kəsərək onları uçuruma tərəf yönəldirdilər. Hürkmüş heyvanlar özlərini təhlükədən xilas etmək üçün dağdan atılır və ovçulara yem olurdular. 

Dənizə yaxın ərazidə yaşayan Qobustan qəbilələri balıq da ovlamışlar. Qobustanlılar mağaraların yanında yerə batmış böyük və yastı qayaları daşla döyərək oyur, iri su hovuzları düzəldirdilər. Bu hovuzlar yağış suyu ilə dolur və növbəti yağışa qədər qəbilənin ehtiyacını ödəyirdi. 

Qədim qobustanlıların ən əsas məşğuliyyətlərindən biri də daş alətlər hazırlamaq olmuşdur. Onlar çay daşından döyəclər, kəsərlər, çaxmaq daşı qəlpələrindən xırda bıçaqlar, ox icad edildikdən sonra isə oxların daş uclarını və s. düzəldirdilər. Qobustanda açılaraq tədqiq edilmiş qəbirlərdən və yaşayış yerlərindən tapılan bəzək əşyaları içərisində yaxadan asılan daş, qaban və başqa heyvanların dişləri, üstü naxışlanmış sümük asmalar, cürbəcür muncuqlar və s. vardır. 

Qayaüstü təsvirlər

Qədim qobustanlıların hansı dildə danışmaları və ya ümumiyyətlə danışıb-danışmamaları elmdə mübahisə doğuran məsələlərdəndir. Lakin onlar özlərindən miras qoyduqları təsvirlər vasitəsi ilə bu gün də özləri, yaşamaları haqqında məlumat verməkdədirlər.

Min illərlə bir-birinin dalınca gələn nəsillər tərəfindən 1000-ə qədər qayada dönə-dönə çəkilmiş, bir-birini təkrar edən və etməyən 4-5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələri çox qədim bir rəssamlıq məktəbinin yaradıcılığıdır.

Rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilmişdir. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilmişdir. 

Qobustan rəsmlərində nəzərə çarpan xüsusiyyətlərdən biri də odur ki, ovçuluqla məşğul olan insanların qıç əzələləri qabarıq şəkildə təsvir olunmuş, onların başları nisbətən kiçildilmiş və surət cizgiləri – burun, ağız, göz, qulaq və s. verilməmişdir. 

"Yeddi Gözəl" mağarasında çəkilmiş şəkillərdən məlum olur ki, ovçuluqda qadınlar da iştirak edirlərmiş.

Böyükdaşda 126 nömrəli qayadakı şəkil də böyük maraq doğuran təsvirlərdəndir. Burada bir kişi, bir qadının əlindən tutaraq aparmaq istəyir, lakin qadın getmək istəmir. Şəkildəkilərin hər ikisi orta yaşlı insanlardır. Belə bir səhnə 128 nömrəli qayada da təsvir olunmuşdur. Bu təsvirdəki kişi ox və dəyənəklə silahlanmışdır.

Böyükdaşdakı 8 nömrəli və bir sıra başqa qayalarda çoxlu gəmi təsviri vardır. Bu gəmilərin burnunda şüalanmış günəş şəkli nəqş olunmuşdur. Buradan görünür ki, qobustanlılar gəmi vasitəsiylə dənizə çıxa bilirdilər.

Qobustandakı şəkillər içərisində rəqs mərasimi təsvirləri xüsusi yer tutur. Kollektiv ifa olunan bu rəqslər indiki Azərbaycan türklərinin oynadıqları Yallı rəqsini xatırladır. 

Qavaldaş

Böyükdaş və Cingirdağda olan və "Qavaldaş" adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Oxun icad olunması qəbilə adamlarının maddi güzəranı üçün nə qədər lazım idisə, zərb musiqi qurğusu – "Qavaldaş"ın yaradılması da musiqi zövqlərini təmin etmək, rəqs və mahnı mərasimləri düzəltmək üçün olduqca əhəmiyyətli idi. 

Cingirdağdakı "Qavaldaş"ın quruluşu belədir: təpənin döşündə yastıq kimi iki iri daşın üstündə üçüncü daş qoyulmuşdur. Bu daş altdakılar nisbətən xeyli yastıdır. Alt daşlarla üst daş arasında boşluq vardır və dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir.

Böyükdaşdakı "Qavaldaş"ın quruluş forması bir qədər fərqli olsa da, prinsip etibarilə eynidir. Qurğu həmişə hava axını keçən dərədə quraşdırılmışdır. Qaya üstündəki iri yastı daşın altına bir tərəfdən daş dirsək qoyulmuşdur. Hər iki qavaldaş kiçik bir daşla döyəcləndikdə mis kimi cingiltili səs verir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 19:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com