Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2017
20:35
Bakı Nəqliyyat Agentliyi: Marşrut şəbəkəsi məntiqsiz qurulub
Bir dəfə qayda pozan sürücü daha avtobusda işləyə bilməyəcək

Artıq avtobus qəzaları ilə bağlı xəbərlər gündəmdən çıxmır. 2016-cı ilin sonunda paytaxtda 2 gün ard-arda 3 qəza baş verdi. Bakı Nəqliyyat Agentliyi (BNA) isə 2017-ci ildən etibarən bu istiqamətdə konkret addımlar atılacağını bəyan etdi. 2017-ci ilin ilk günlərində isə avtobus qəzaları səngimək əvəzinə can almaqda davam edir. Xüsusilə son 1 ay içərisində "Xaliq Faiqoğlu" MMC-yə məxsus 20 saylı avtobus marşrutunun iştirakı ilə baş verən qəzalar diqqətdən yayınmır. Yəni BNA məsələni  kökündən həll etmək üçün marşrut xəttini başqa bir daşıyıcıya həvalə edə bilməzmi?

 

Məsələ ilə bağlı sualları BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsindən Mais Ağayev cavablandırıb.

 

Qəzalarla yadda qalan xətt "Xaliq Faiqoğlu" MMC-dən niyə geri alınmır?!

 

O deyib ki, paytaxtın marşrut şəbəkəsi elə məntiqsiz sistemlə qurulub ki, problem yaranan istiqamətdə dəyişiklik etmək üçün alternativlər yoxdur:

“Bu gün “8-ci kilometr”dən “Avtovağzal”a işləyən tək marşrut 20 saylıdır. Biz bunu marşrutdan çıxarıb hansı daşıyıcıya verəcəyik? Onsuz da bütün daşıyıcılarda vəziyyət təxminən eyni cürdür. Hətta o birilərdə vəziyyət bundan da pisdir ki, yaxşı deyil”.

 

M. Ağayev “Alternativ ola biləcək “BakuBus” var” fikirlərini belə cavablandırıb:

 

“Siz düşünən ehtimalları, variantları biz də düşünürük. İndi çalışırıq ki, ən optimal variantı icra edək. Normalda Türkiyədə bir marşrut üzrə iki daşıyıcı xidmət göstərir. Biri bələdiyyənindir, digəri isə özəl olaraq fəaliyyətdədir. Özəl daşıyıcı hansısa qayda pozuntusuna yol verdikdə xətt əlindən alınır. Amma sərnişinlər üçün əlavə narahatlıq yaranmır. Çünki bu istiqamətdə bələdiyyə avtobusu da var. Bizdə isə marşrut şəbəkəsini çıxılmaz vəziyyətə salıb agentliyə veriblər”.

 

Sürücü Təbriz Hüseynov işdən uzaqlaşdırılıb

 

BNA rəsmisi bildirib ki, bütün qəza hallarında avtobus sürücüsü günahkar ola bilməz:

“Hadisələrdə, xüsusilə də ölüm və xəsarət halları varsa, araşdırma hüquq mühafizə orqanları tərəfindən aparılır. Bir məsələ də var ki, avtobusların iştirakı ilə baş verən bütün qəzalarda heç də avtobus sürücüsü günahkar deyil. Sonuncu hadisədə konkret olaraq sürücü günahkardır. Ona görə də sürücü Təbriz Razim oğlu Hüseynov işindən uzaqlaşdırılıb. Hazırda onunla bağlı təhqiqat gedir.

 

Amma ümumilikdə biz, hər zaman hüquq mühafizə orqanlarının araşdırmalarını gözləyirik. Ol bilsin ki, sürücü normal sürətlə gedib, başqa nəqliyyat vasitəsi onun yoluna çıxıb. Yaxud qəzanın təkcə sürücü deyil, daşıyıcı məsuliyyətsizliyindən baş verdiyi ortaya çıxar. Daşıyıcı avtobusu reysqabağı texniki baxışdan keçirməyibsə, buna birbaşa məsuliyyət daşıyır. Belə olan halda daşıyıcıya qarşı tədbir görülür”.

 

Bir dəfə qayda pozan sürücü daha avtobusda işləyə bilməyəcək

 

Qurum rəsmisi deyib ki, öhdəsindən gələcəkləri çətin işləri var:

“İllərdir yığılıb qalan, həllini gözləyən çətin işlərimiz var. Qeyd edim ki, bütün bunları BNA bir günə həll edə bilməz. Bunun üçün vaxt lazımdır. Həm də bizi narahat edən məsələnin başqa tərəfidir. Bu cür sürücülər deyək ki, qayda pozuntusuna yol verdikdə işdən uzaqlaşdırılır. Amma çox keçməmiş başqa marşrutda yenidən fəaliyyətə başlayır. Bunun qarşısını almaq üçün marşrut şəbəkəsində çalışan bütün sürücülərlə bağlı məlumat toplanacaq və daşıyıcılara bu cür sürücüləri işə götürmək qadağan ediləcək. Hansı marşrut xəttinə sürücü lazım olacaqsa, BNA-nın bazasından onlara sürücü təklif ediləcək”.

 

Xatırladaq ki, 2016-cı dekabrın 21-də saat 07 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Müşfiq Şıxəliyev idarə etdiyi "Daevoo" markalı 20 saylı  xətt avtobusu ilə yolun kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub. Hadisə nəticəsində M.Cəfərov yerindəcə ölüb,  digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, 20 nömrəli avtobusun iştirakı ilə baş verən qəza zamanı sözügedən marşrutun sürücüsü ilə 94 saylı marşrutun sürücüsü bir-birini ötməyə çalışıb. Nəticədə insan ölümü ilə nəticələnən qəza qeydə alınıb.

 

20 saylı marşrutun iştirakı ilə baş verən sonuncu qəza 2017-ci il yanvarın 12-də Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Təbriz Hüseynov idarə etdiyi 20 saylı "Daewoo" markalı avtobusla idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.

Nəticədə avtobusda olan sərnişinlər - 1994-cü il təvəllüdlü Qənirə Məmmədzadə, 1991-ci il təvəllüdlü Aişə Rəsulova və 1951-ci il təvəllüdlü Xuraman Cabbarova xəsarət alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər.(Modern.az)

 

Məqalədə : BNA avtobus sürücü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14142

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12807

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14200

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13804

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19169

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13673

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13777
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 11:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru