Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2016
10:34
4351
Ölkənin milyonları Rusiya sərhədində batır - araşdırma

Ölkədə kənd təsərrüfatının və aqrar sektorun inkişafının vacibliyi fikri, demək olar ki, hər gün yüksək tribunalardan səslənməkdədir. Neftdən gələn gəlirlərin azalması səbəbindən gözlər qeyri-neft sektoruna dikilib. Bəs əslində vəziyyət necədir? Əməkdaşımız bu günlərdə istixana (“parnik”)  məhsullarının əkini və satışı üzrə ixtisaslaşmış Şəmkir rayonunda vəziyyəti öyrənməyə çalışıb. 

***

Şəmkir rayonu illərdir ki, istixanalarda əkinlə, xüsusən xiyar və pomidor yetişdirilməsi ilə məşğuldur. Rayonda minlərlə hektar sahələrdə uzanan “parnik”lər var. Alınan məhsul daha çox  Rusiya bazarlarına çıxarılır. Becərilən məhsullar həm də xaricdən minlərlə ailənin büdcəsinə vəsait gəlməsi deməkdir. 

Söhbətləşdiyimiz adamlar bu sahədəki problemlərin çoxluğundan şikayətləniblər. 

Öyrənirik ki, “parnik”lərdə ildə iki dəfə məhsul əkilir: avqustda xiyar, dekabrın sonunda isə pomidor. Qışda 14-16 dərəcə istilik olmalıdır. Avqustun sonunda xiyar əkirik, 40 günə məhsul verir. “Parnik”də ən çox istilik xərc aparır. 

Oktyabrın əvvəllərində məhsul yığılır. Noyabrın sonuna yaxın xiyar tağlarını ləğv edirik, yəni məhsul yığımı bitir. Dekabrda da pomidor əkirik. Pomidor şitili əkiləndən üç ay sonra, martda məhsul verməyə başlayır. Bir hektar sahəyə 26-27 min şitil əkmək mümkündür. Dəstək olarsa, bu sahə gəlirli sahədir və dolanmaq mümkündür". 

“Parnik”ini bizə göstərən Şahin Nəcəfov kəndlinin iş prosesini qısaca izah edir. Onun sözlərinə görə, dekabrda əksəriyyət pomidor əkir: “Pomidor həm məhsuldardır, həm də daha bahadır, xiyardan yaxşı pula gedir. Buna görə dekabrda az miqdarda xiyar əkirik”. Həmin müddətdə ölkənin bu tərəvəzə tələbatını isə İrandan gələn məhsul ödəyir. Məhsul isə daha çox xarici bazara ünvanlanır. “Yerli bazarda az satırıq. Daha çox Rusiyaya aparırlar”. 

Digər kənd sakini Elşad Əliyev isə istixananı yeni qurur. Onun düzəltdiyi “parnik” 23 sot ərazini əhatə edir. “Təkcə istixananın qurulması 1500-2000 manat edir. Qaza görə bir sənədə 10 min manat istəyiblər. Təkcə icazəyə 30-40 min manat xərc çıxacaq. Sayğac da yəqin azı 4-5 min manat olacaq...” 

Öyrənirik ki, “parnik”lərə qaz xəttinin çəkilişi üçün təkcə icazənin alınması minimum 30 min manata başa gəlir. Sayğac 4-7 min manata satılır. Qiymətlə maraqlanan kəndlilər deyirlər ki, əslində bu sayğaclar da monopoliyadadır və dəyərindən dəfələrlə baha qiymətə onlara satılır. Qaz çəkməyə imkanı olmayanlar isə keyfiyyətsiz yağlardan almalı olurlar. Bu, maşınlardan dəyişdirilən motor yağlarıdır ki, böyük çənlərə yığılıb kəndlilərə satılır. Həmin yağla “parnikin” isidilməsi isə çətindir, qaz daha yaxşı istilik verir. Həm də yağlar ekoloji təmiz deyil və ətraf çirklənir. “Qaza görə bizdən nə qədər rüşvət tələb edilir. Hələ əvvəllər qışda gəlirdilər, kəsirdilər qazı. Yalandan deyirdilər ki, sayğaca müdaxilə etmisən. Məhsul tağın üstündədir, qaz kəsilir və məhsul batacaq, kəndli məcburdur ki, əziyyət çəkdiyi məhsulunun batmaması üçün rüşvət versin. Beləcə, 10-20 min alıb çıxıb gedirdilər. Deyən yox idi ki, ay yoxlama, yayda niyə gəlmirsən? İndi iki ildir ki, yoxlama dayanıb”.

Kəndlilər, sahibkarlar məhsulun satışındakı əngəllərdən də danışırlar. “Məhsulun satışı da yoxdur. Məhsulu bilə-bilə dövlət batırır. Birdən 50 yük maşınını sərhəddə arxa-arxaya saxlayır, birdən buraxır, onlar da gedir tıxaca düşür, mal batır. Xiyar 550 rubla qədər qalxmışdı, indi 150-yə düşüb. Yığıldı maşınlar, sonra birdən bazara girəndə qiymət ”öldü". İndi xurma vaxtıdır, pul qazanmaq olar. Qiymət 650 rubla çatıb, indi zəng etmişəm qohumlara, deyirlər maşınların tıxacının ucu görünmür, tıxac 5 kilometrdir. Rusiya tərəf buraxmır. Birdən buraxacaq, qiymət 150-yə düşəcək. Məhsul aparan ziyana gedir. O biri il onu vurmaq, satmaq gücündə olmur. Həvəs də olmur",- sahibkarlardan biri durumu açıqlayır.  

Digəri isə deyir ki, “parnik”lərdə məhsul yetişdirənlərin zərər ehtimalı yüksəkdir. Bu da sərhəddə əsassız saxlanılmalarla bağlıdır: “Günlərlə gömrük buraxmır, yüzlərlə maşın gözləyir, buraxanda da məhsulun qiyməti düşür, xarab olur, sahibkar itirir”. “Mən keçən il üzüm əkmişdim, böyük bir sahədə həvəslə işə başlamışdım. Amma sata bilmədim, gəlir olmadı, buna görə bu il əkmədim. Deyilənə görə, bu il vəziyyət bir qədər yaxşı olub”,- sahibkar “parnik”siz əkilən məhsulların da durumunun eyni olduğunu vurğulayır. Həm də öyrənirik ki, Şəmkirdə artıq gülçülük iflas edib. Yüzlərlə istixana ləğv edilib. Hazırda rayonda təkcə nazirlərdən birinin  geniş ərazini əhatə edən gül “parnik”ləri var. 

“İndi dövlət bir milyonluq modern ”parnik"lər gətirir və lizinq edir. Bizə bu, lazım deyil. Bir milyonluq parnik bizim iqlim üçün gərək deyil, heç məhsuldarlıqda da fərq etmir. Bu qədər böyük xərcə düşməkdənsə, sahibkara lazım olacaq “parnik”i lizinq etmək lazımdır",- bu da bir neçə sahibkarın ümumi fikridir. 

“Siz xəbərlərdə oxuyursunuz ki, meyvə-tərəvəz dolu yüzlərlə yük maşını sərhəddə saxlanılıb, tıxacdır. Yəni kənd təsərrüfatı məhsulları aparan maşınlar 3-5 gün tıxac yaradır. Bu 3-5 gün oxucuya, jurnalistə adi bir rəqəm kimi gəlir. Bilirsiz o, nə deməkdir? O, böyük bir faciə deməkdir”,- sahibkarlar durumu dramatikliyini anlatmağa çalışırlar. “Orada eyni vaxtda yüzlərlə maşın gedir, növbəyə durur. Bu, o deməkdir ki, yüzlərlə maşın eyni vaxtda Rusiyaya bazara girəcək və uduzacaq. Niyə bu maşınları buraxmırlar? Gah deyirlər bizim tərəfin günahıdır, gah deyirlər Rusiya tərəfinin...  Fərqi yoxdur kimin günahıdır, o problem olmamalıdır. Başa düşmürəm Azərbaycanın gömrüyü, Gömrük Komitəsinin rəhbərliyi, baş naziri, digər orqanlar nə iş görürlər? Bu gün Şəmkir-Samux zonasında neçə min hektarlarla istixana var. Təkcə bu zonada 6 min hektara yaxındır. Üstünə gəlin Bakını, Göyçayı, Salyanı və sair yerləri, hesablasınlar ki, neçə milyardlıq mal edir. Dövlətin borcudur ki, bu işin üstündə dursunlar. Bu mexanizm saat kimi işləməlidir, sərhəddə mal qalmamalıdır, ləngiməməlidir. Satıcı əvvəl məhsulunu bir dollara satacaqdı, bu halda 30 sentə satmalı olur. Hamı ziyana gedəcək. Arxada yığılan malın da qiyməti düşür, sahibkar zərərə gedir. Qabaq tıxandısa, arxadakı məhsulların da qiyməti düşür. Bu, böyük, nəhəng bir mexanizmdir. 

İstixanalar böyük, milyardlıq layihələrdir. Bir neçə milyard buraya pul qoyulub. Ümumi hesablanmalıdır bu layihələr. Azərbaycanda bu gün ”parnik"lər işləyən, gəlir gətirən sahələrdən biridir. Bu da gedib tıxaca düşürsə, üç gün dayanırsa, yüzlərlə maşın yığılırsa, hamı uduzur. Həmin yüzlərlə maşın eyni vaxtda Rusiyada bazara girir. Eyni vaxtda da bu mal bazara girirsə, deməli, qiymət bir anda sıfıra düşür. Onun da 5-10 günlük satış müddəti var. Deməli, hamı ziyana getdi. Bunlar xəbər kimi adi görsənir, mətbuatdan informasiya kimi oxuyanlar bunu dərk etmirlər. Amma bu xəbərlərin arxasında minlərlə insanın taleyi yatır. Minlərlə insan əziyyət çəkir, ziyan edir, torpaqdan soyuyur. Bu, bir nömrəli məsələ olmalıdır. Gömrükdə maşınlar bir dəqiqə dayanmamalıdır. Fərqi yoxdur, hansı tərəfin günahıdır, bizim hökumətin borcu odur ki, bu məsələləri həll etsin",- bu da gərginliklə pul qazanmağa çalışan sahibkarların təhliilidir.

Sahibkar Şahin Nəcəfov da qeyd edir ki, bir uğurlu iş adamını məhv etmək dövlətə, millətə qarşı cinayətdir: “Nə qədər ki, biz bunu dərk etməyəcəyik, inkişaf olmayacaq. Son aylar mətbuatdan MTN işindən oxuyuruq ki, nə qədər uğurlu iş adamları məhv olub. Bu, dövlətə, millətə qarşı xəyanətdir, təkcə iş adamını sıradan çıxarmaq demək deyil. Dövlətlər uğurlu iş adamları ilə fəxr edirlər. İş adamı həm də bir marka deməkdir. Həm də bu gün bir çox məhsullarımız var ki, onları brend kimi dünyaya tanıtmaq, satmaq və milyonlar əldə etmək olar. Dövlət, müvafiq qurumlar bununla bağlı ciddi düşünməlidir”.(musavat.com)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 19:40

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status