Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2016
20:51
Bakıda kirayə qiymətləri artacaq - SƏBƏB

Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına uyğun olaraq, "Pilot layihə" çərçivəsində Bakıda yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, bir milyon kvadrat metrə yaxın yaşayış sahəsi tikilməlidir. Modern.az-ın xəbərinə görə, bunu Komitənin sədri Abbas Ələsgərov Bakı şəhəri rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri və baş memarları ilə görüşündə deyib.

Onun sözlərinə görə, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı tikinti işlərinin aparılması sahəsində rayon icra hakimiyyətlərinin bu günə qədər mövcud olan səlahiyyətlərini və eyni zamanda, məsuliyyətini artırıb. Şəhərsalmada əsas göstəricinin 1 hektara düşən tikinti sıxlığı və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu deyən A.Ələsgərov qeyd edib ki, bu göstəricilər hazırda Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"la tənzimlənir.

Sənədə bir sıra düzəlişlərin edilməli olduğunu nəzərə çatdıran Komitə sədri bu Qaydaların müvafiq tikinti norma və qaydalarından köçürüldüyünü və məhz sonuncu texniki-normativ sənəddəki bütün müddəaların toplu halında nəzərə alınmalı olduğunu vurğulayıb. Bu zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalının 2,7 hesabı ilə götürülə bilməsini və bu barədə müvafiq qaydada müraciət olunduğunu iclas iştirakçılarına bildirib. Eskiz layihələrdə bir neçə kobud faktlarla rastlaşdığını bildirən A.Ələsgərov deyib ki, bir kvartal üçün yerinə yetirilmiş planlaşdırma işlərində nəzərdə tutulmuş reqlamentlərin heç bir əsası olmadan 0,2-0,5 ha ərazilərə tətbiq edilməsi, belə kiçik ərazilərdə 3-4 16 mərtəbəli binanın yerləşdirilməsinə cəhd göstərilməsi kimi hallar mövcuddur.

Bəs görəsən bu qərar mənzil bazarına necə təsir göstərəcək? Ümumiyyətlə belə bir layihənin icrası üçün kifayət qədər vəsait varmı?

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyir ki, bu,  beş il müddəti əhatə edən bir layihə olduğuna görə mənzil bazarındakı vəziyyəti köklü şəkildə dəyişə bilməyəcək: "Amma layihənin icrası bazarda müəyyən dövr üçün bir qədər dinamikanın artımına səbəb ola bilər. Qeyd edim ki, bu xüsusilə də kirayə bazarına müsbət təsir göstərəcək. Çünki layihə çərçivəsində əhaliyə kompensasiya verilməsi nəzərdə tutulmur. Sökülən binaların yerində vətəndaşların mənzillə təmin olunması nəzərdə tutulur. Yəni söküntü müddətində, yaxud tikinti zamanı vətəndaşlar dövlət tərəfindən kirayə mənzillərlə təmin olunacaq. Yəni bu vəziyyət müəyyən ərazilərdə kirayə qiymətlərinin nisbi artımına gətirib çıxara bilər. Lakin ümumilikdə mənzil bazarında qiymət artımına  səbəb olması inandırıcı deyil".

R.Osmanlının fikrincə, layihənin icrası çox düzgün qərardır: "Çünki həmin binalar artıq sökülməlidir. Bu həm də insan sağlamlığı üçün təhlükəlidir. Eyni zamanda, sovetlər vaxtından qalmış tikililərin də sökülməsi planlaşdırılır. Lakin bu proses bütün paytaxta aid olsa da, o qədər də çox sayda binaların söküntüsünü nəzərdə tutmur və nəzərə almaq lazımdır ki, bu layihə beş il müddətinə icra olunacaq. Əgər vətəndaşlara hər hansı bir kompensasiya ödənişi olsaydı, vətəndaşlar yenidən mənzil ala bilərdi ki, yalnız o halda hər hansı bir dinamika baş verə bilərdi. Belə olan təqdirdə, mənzil bazarına pul axını da artardı. Layihənin gecikməsi isə bir daha onu göstərir ki, indiki ağır iqtisadi şərtlər çərçivəsində bu kimi layihələrin icrası asan məsələ deyil. Yəqin ki, gələcəkdə bununla bağlı müəyyən addımlar atılacaq".

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov qəzetimizə açıqlamasında bildirdi ki, qəzalı vəziyyətdə olan və artıq ömrünü çoxdan başa vurmuş binaların sökülməsi Bakı şəhərində aparılan ümümi abadlaşdırma və yenidənqurma işlərinin tərkib hissəsidir: "Belə binaların və evlərin sökülməsi, eyni zamanda, illərdir köhnə, uçuq-sökük mənzillərdə yaşayan insanların mənzil şəraitinin yaxşılaşdırılmasına dövlət qayğısının ifadəsidir. Əslində bu işlər Bakı şəhərində artıq çoxdan gedir və son illər ərzində minlərlə insan bu yolla mənzil şəraitini yaxşılaşdıra bilib".

F.Yusifovun sözlərinə görə, layihənin maliyyələşdirilməsi sahəsində ciddi çətinlik yaşanmayacaq: "Nazirlər Kabinetinin Bakı şəhərinin Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərarına uyğun olaraq, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti 5 il müddətinə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən, 1247 ailə yaşayan 49 çoxmənzilli yaşayış binasının, 166 fərdi yaşayış evinin, Qaradağ Rayon İcra Hakimiyyəti isə 10 960 nəfər yaşayan 274 qamış və taxta yaşayış binalarının sökülməsini və yenidən qurulmasını həyata keçirəcəkdir. Bundan başqa, hər iki rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması işləri də həyata keçiriləcəkdir. Bu layihənin beş il müddətinə nəzərdə tutulması o deməkdir ki, onun maliyyələşdirilməsi sahəsində də elə bir çətinlik yaranmayacaq".

"Kaspi"

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com