Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2016
15:28
Necə edim ki, imtahandan kəsilməyim?

Sürücülük vəsiqəsi üçün imtahan vermək istəyən şəxslərin bir çoxunu daha çox bir məsələ maraqlandırır. Necə edim ki, imtahandan kəsilməyim?

İndi biz sizə rahat şəkildə imtahan verməyin sirrini açırıq. İnanmırsınız? Onda oxumağa davam edin. Sadəcə hərəkət ardıcıllığına fikir verin və siz imtahandan keçəcəksiniz. 

İlk olaraq onu deyək ki, imtahan verəcəyiniz ərazidə svetoforlar işləməyəcək. Siz nişanlar, nişanlanma xətlərinə uyğun olaraq hərəkət etməlisiniz. Nəzəri imtahandan uğurla keçsəniz parktik imtahan verilən əraziyə getməli olacaqsınız. Yeni qaydalara əsasən əgər bəxtiniz gətirsə şəhər içərisində də imtahan vermək imkanınız olacaq.

Sürücülük vəsiqəsi üçün imtahan zamanı əsasən nələrə diqqət edilir?

Yoxuşda irəliyə doğru yerindən tərpənmə - avtomobili yoxuşda saxlamalı, sonra hərəkəti davam etdirməli (bu zaman avtomobili yerindən səlis tərpənməli, mühərrik sönməməli və avtomobil 20 sm-dən çox arxaya getməməlidir);

Hərəkət hissəsinin eni məhdudlaşdırılmış yerdə geriyədönmə (ölçüləri məhdudlaşdırılmış yol sahəsində sürətlər qutusunun arxa ötürücüsünü işə salmaqla bir dəfədən geriyə dönmə); 

Geriyə verərkən avtomobil elə dayandırılmalıdır ki, onun xarici konturu işarə edilmiş boksun daxilində olsun; 

Bu element yerinə yetirilərkən boksdan olan yan minimal məsafə imtahan qəbul edilən avtomobilin dönmə radiusunun xarici qabaritindən 1,5 dəfə az olmalıdır;

  • Hərəkətin başlanılması;
  • Hərəkətin başlanmasına hazırlıq, digər hərəkət iştirakçılarına münasibətdə diqqətli olmaq;
  • Xəbərdaredici işıq siqnallarının yandırılması və vaxtında verilməsi;
  • Arxaya baxış güzgüsündən istifadə edilməsi;
  • Nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi;
  • Sürət artırılması və ötürücüyə keçirmə;
  • Düzünə hərəkət;
  • Yolun hərəkət hissəsində düzgün yerləşmə;
  • Lazımi hərəkət sürətinə riayət olunması;
  • Nəqliyyat vasitələrinin arasında ara və yan məsafələrin seçilməsi;
  • Bir istiqamətdə iki və daha çox hərəkət zolağı olan yolda manevretmə;
  • Dayanmış nəqliyyat vasitələrinin, o cümlədən ümumi istifadədə olan nəqliyyatın və digər maneələrin yanından düzgün ötmə;
  • Bir zolaqdan digərinə yerdəyişmənin düzgün icra edilməsi;
  • Hərəkət iştirakçılarında siqnallara qarşı lazımi reaksiya;
  • Nizamlanan yol ayrıcından keçmək;
  • Yol ayrıcına yaxınlaşarkən yol şəraitinə qiymət verilməsi. Lazım gəldikdə xəbərdaredici siqnallardan istifadə edilməsi;
  • Nəqliyyat vasitəsinin yol ayrıcının qarşısında düzgün dayandırılması;
  • Dayandıqdan sonra nəqliyyat vasitəsinin yerindən mükəmməl hərəkətə gətirilməsi;
  • Svetoforun siqnallarına və ya yol polisi əməkdaşının işarələrinə əməl olunması;
  • Nizamlanmayan yol ayırıcını keçmək;
  • Yol ayırıcına yaxınlaşarkən, yol nişanlanma xətlərinin tələbləri, digər hərəkət iştirakçılarının işarələri nəzərə alınmaqla onlara qiymət verilməsi;
  • Hərəkətə üstünlük verilən hallarda onlara əməl edilməsi;
  • Yol ayırıcına yaxınlaşdıqda hərəkət sürəti və piyada keçidini keçmə;
  • Dönmənin (geriyə dönmənin) icrası;
  • Döngəyə düzgün daxil olma;
  • Mükəmməllik, sürət və hərəkət trayektoriyası nəzərə alınmaqla döngədən çıxma;
  • Ötmə;
  • Ötmədən əvvəl yol nişanlarının, nişanlanma xətlərinin tələblərini və hərəkətin digər iştirakçılarının davranışlarını nəzərə alaraq, yol şəraitinin qiymətləndirilməsi;
  • Xəbərdarlıq siqnallarının vaxtında verilməsi;
  • Konkret şəraitdən asılı olaraq ötmə vaxtı sürət rejimi;
  • Hərəkətin təhlükəsizliyini təmin etmək şərti ilə ötmə əməliyyatının başlanğıcı və qurtarma trayektoriyası;
  • Dayanma;
  • Xəbərdarlıq siqnalının verilməsi və düzgün yerdəyişmə;
  • Hərəkət sürətinin mükəmməl şəkildə azaldılması;
  • Yolun hərəkət hissəsində (kənarda) dayanarkən nəqliyyat vasitəsinin düzgün yerləşdirilməsi;

Sirr №1 -  Etdiyiniz hər bir hərəkəti şifahi (səsli) olaraq səsləndirin. Məsələn, əgər dönmə işığını yandırıb hərəkətə başlayacaqsınızsa, bu hərəkətləri edərkən deyin: “Güzgülərə baxdım, dönmə işıqlarını yandırdım, eyni istiqamətdə gələn nəqliyyat vasitəsi yoxdur, hərəkətə başlayıram…”. Bunun nəticəsində imtahan götürən şəxs “yoldan maşın gəlirdi niyə yol vermədiniz?” sualını sizə verməyəcək. Qapalı yerlərdə imtahan verilən zaman bütün hərəkətləri şifahi olaraq canlandırmaq lazımdır. 

Sirr №2 - Avtomobili işə salan zaman diqqətsizlik etsəniz o sönə bilər. Bu isə artıq imtahandan kəsilmək deməkdir. Ona görə işəsalma prosesini bir neçə dəfə məşq etməlisiniz. Sizə verilən avtomobilin əyləci, qazı və muftası çox həssas və ya sərt ola bilər. Ona görə maşını işəsalmazdan öncə pedallarını yoxlayın. Çalışın imtahan zamanı ilk adam yox, 3-cü və ya 4-cü olasınız. Sizdən öncəkilərin səhvlərini öyrənin. Və bütün meydança boyu sürət qutusunda 1-ci  sürət olsun. 2-ci və 3-cüyə keçməyə ehtiyac qalmayacaq.  

Sirr №3 - Əlinizi sükandan “3-ə 15 dəqiqə qalmış” formada tutun. Düzdür bu, imtahandan kəsilmək üçün səbəb yaratmayacaq, amma istənilən halda sükanı düzgün formada tutmalısınız.

İmtahan zamanı sizin hərəkətləriniz qiymətləndiriləcək. Etdiyiniz  hərəkətdə səhv olarsa, onlar müvafiq cərimə balları ilə qiymətləndirilir. Unutmayın, bu cərimə balı 100-ə çatdıqda siz imtahandan kəsilirsiniz. Ona görə hər bir hərəkətdə maksimum diqqət göstərməlisiniz. Əlavə olaraq onu da qeyd edək ki, bu qiymətləndirmə zamanı birbaşa “kəsilmə” də ola bilər.

Bəs qiymətləndirmə necə olmalıdır? 

İmtahanın yekunu üzrə imtahan qəbul edən müfəttiş, yol verilmiş səhvlər və qiymət barədə sürücülüyə namizədə məlumat verməlidir;

Sürücülüyə namizəd imtahan elementlərinin hər hansı birinin icrasından imtina edərsə və yaxud da qəza şəraiti yaratmaqla imtahan qəbul edən müfəttişi imtahanın gedişinə qarışmağa vadar edərsə o, «qeyri-məqbul» qiymət alır;

Sirr №4 - İmtahan zamanı “Sirr N1”ə  mütləq əməl edin. O zaman siz rahatlıqla imtahandan keçəcəksiniz.

Sirr №5 - Mütləq təhlükəsizlik kəmərini bağlayın.

Sirr №6 - Körpünün üzərində tam saxlamaq lazımdır. Daha sonra hərəkətə elə başlayın ki, avtomobil geriyə hərəkət etməsin. Ona görə məşq edin.

Sirr №7 - Parkinq zonasında saxlayan zaman səkiyə paralel saxlayın. Səhv saxlama nəticəsində cərimə balı qazana bilərsiniz.

Sirr №8 - Əgər inspektor qəfldən saxlamaq haqqında “burda saxla və düş”, “saxla qiymət yazım” və s. deyərsə o zaman avtomobili yolayrıcında, piyada keçidində, dəmiryol keçidində, ümumiyyətlə qanunla qadağan olunmuş ərazilərdə saxlamayın. Yalnız dönmə işığını yandırıb icazə verilmiş yerdə saxlamaq lazımdır.

Dj.Tural

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 07:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com