Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2016
11:57
1495
Yanan binaya görə hələ də kompensasiya ala bilməyənlər var
15 nəfərin ölümü ilə nəticələnən dəhşətli olayla bağlı cinayət işi yekunlaşıb

Zərərçəkənlər prezidentin sərəncamı ilə ayrılan vəsaitlərdən niyə faydalana bilməyiblər? 

Dünən Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanındakı 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 1 il ötdü. Hadisənin ildönümü ilə bağlı bina qarşısında anım tədbiri keçirilib. Binanın qarşısına qərənfillər düzülüb, dünyasını dəyişən şəxslərin ruhuna ehsan verilib. 

15 nəfərin ölümü, 56 nəfərin isə xəsarət almasına səbəb olan yanğına binanın yanan "poliuretan" materialı ilə üzlənməsi göstərilib. Həlak olanlar arasında azyaşlı uşaqlar da olub. 

Hadisədən sonra binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov saxlanılıb. Bundan əvvəl isə keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış "Global Construction" şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bu hadisədən sonra paytaxtda eyni materialla üzlənən binalarda söküntü başladı. Qısa müddət ərzində, demək olar ki, bütün binalarda tezalışan maddədən ibarət olan üzlüklər sökülərək yeni və daha keyfiyyətli üzlüklə əvəz edildi. 

Təkcə Yasamal rayonunda 33 və Nərimanovda isə 34 binanın üzlükləri dəyişdirilib. 

Prezidentin 2015-ci il 19 may tarixli 1229 nömrəli Sərəncamına əsasən yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib. Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat vəsait ayrılıb. Bu məsələlərin həlli və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün  büdcədən Bakı şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat məbləğində vəsait ayrılıb. Hadisədən sonra prezident tərəfindən baş verən yanğın faktı ilə bağlı Dövlət Komissiyası yaradılıb. 

"Bizim Yol"un əməkdaşının zərərçəkənlərlə söhbəti əsnasında məlum olub ki, heç də onların hamısına kompensasiya ödənilməyib. Bəzi zərərçəkmişlərə isə qismən ödənilib.

Hadisə nəticəsində yararsız vəziyyətə düşən avtomobilin sahibi Mustafayev Tofiq Telman oğlu bildirir ki, zərər çəkmiş qeyri-yaşayış sahəsinə və avtomobil sahiblərinə zərər hələ də ödənilməyib. "Prezidentin sərəncamı qismən yerinə yetirildi. Komissiyanın bütün üzvlərinə etdiyimiz müraciətlər cavabsız qaldı.  Məsələn, mənim avtomobilimin bazar qiyməti 6250 manat olsa da, mənə komissiya 4000  manat ödədi".

T.Mustafayevin sözlərinə görə, ötən həftə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaq materialları ilə tanış olub: "İstintaq işi yekunlaşdırılıb, məhkəməyə göndərilib. Mən zərərçəkmiş olaraq məhkəmədə vəsatətlə çıxış edib mənə dəymiş zərərin tam ödənilməsini tələb edəcəm".

Həmin binada kirayədə qalan Rizvanov Qəribağa Əlibala oğlu ona məxsus 8000 manat dəyərində ev əşyalarının yanaraq yararsız vəziyyətə düşdüyünü dedi: "Evdə olan əşyaların hamısı mənim idi. Yanan hər ev üçün 20000 manat kompensasiya ayrılmışdı. Ev sahibi mənə yalnız 6000 manat verdi. Hazırda şəhərdən uzaq və yaşamaq üçün şəraitsiz bir otaqda qalıram". 

"Şəmkir 1001 xırdavat" mağazasını icarəyə götürüb işlədən Seyidov Mirhəsən Mirmusa oğlu da narazılığını bildirdi: "Hadisə nəticəsində təkcə mağazaya təxminən 2000  manat dəyərində zərər dəydi. Mən mağazaya 6 aylıq icarə haqqı üçün 3000 manat ödəyirdim. Amma hadisə nəticəsində bu müddətdə qazancım olmadı. Dəfələrlə baş nazirin müavini Abid Şərifova, yerli icra hakimiyyətinin başçısına müraciət etdim. Hər dəfə yalan vəd eşitdim. Mənə dəymiş zərərə görə kompensasiya ödənilmədi".

Zərərçəkmiş Hüseynov Azad Rafiq oğlu bildirir ki, 6 aydan sonra ona dəymiş zərər ödənilib: "Məlum hadisə nəticəsində "Vaz 2104" markalı avtomobilimə 5000 manat zərər dəyib, komissiyanın hesabladığı qiymət 4500  manat oldu. Bu vəsait mənə ödənilib və mən razıyam".

Hüseynov Ülvü Sərdar oğlu da bildirir ki, ona dəymiş zərər ödənilib: "Mənə məxsus "Pejo 406" markalı avtomobilim yanaraq yararsız vəziyyətə düşmüşdü, komissiyanın hesabladığı qiyməti, yəni 6500  manatı mənə ödədi".

Zərərçəkmiş Mahmudov Yusif Nazim oğlu isə bildirir ki, ona dəymiş zərər hələ də ödənilməyib: "Mənə məxsus "Nissan Patfaynder" markalı avtomobilin bazar qiyməti 40000 manatdır, komissiyanın hesabladığı qiymət 21000 manatdır. Mənə dəymiş zərər bir ildir ki, ödənilmir".

Daşdəmirov Zəmanət Möhübbət oğlu bildirir ki, yanğını baş vermiş binada kirayədə yaşayıb:  "Mən həmin binada 16 il idi ki, kirayə yaşayırdım. Kirayəçi olduğum üçün prezidentin sərəncamında nəzərdə tutulan təzminatların heç birindən yararlanmadım. Bina təmir olunduqdan sonra ora köçə bilmədim. Bu binanın yanında 6 ildən çox idi fiziki şəxs qismində "İnternet klub"unu işlədirdim. Ailəmi həmin klubun gəlirləri ilə dolandırırdım. Hadisə zamanı mənə məxsus klubda olan 15000 manat dəyərində əmlak yanaraq yararsız hala düşdü. Dövlət tərəfindən dəymiş ziyana qarşı heç bir təzminat ödənilmədi". O, bildirir ki, "İnternet Klub" servis  mərkəzində texniki avadanlıqlara dəymiş ziyan 12000  manatdır: "1 ildir işləmədiyi üçün hər aya mənə 1000 manat zərər dəyir. Cəmi dəymiş ziyan 24 000 manat təşkil edir".

Vəkil Müzəffər Baxış "Bizim Yol"a bildirdi ki, vətəndaşların əmlakına dəymiş zərərə görə ən çox kompensasiya burada ödənilib: "Bu yaxşı haldır. Amma gərək baş vermiş yanğın hadisəsi zamanı zərərçəkmiş qeyri-yaşayış sahəsinin, eləcə də avtomobil sahiblərini də razı salsınlar".

Xatırladaq ki, yanğın baş verməsi ilə əlaqədar təqsirləndirilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi yaxın günlərdə hakimin icrasına veriləcək.

Məqalədə : yanan bina kompensasiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
100

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
118

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
163

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1019

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1189

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
984

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1014

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
453
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 22:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru