Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2016
11:23
20 illik baş nazir - Artur Rəsi-zadə

Yaxın qonşuluğumuzdakı daha bir ölkədə - qardaş Türkiyədə yeni baş nazir dəyişikliyi reallaşmaqdadır. Əhməd Davudoğlu öz vəzifəsindən getməyə hazırlaşır. Davudoğlunun gedişi 1996-cı ildən indiyə qədər keçən 20 il ərzində Türkiyədə 7-ci baş nazir dəyişikliyi olacaq. 

1996-cı ili təsadüfən qeyd etmədik. Azərbaycanda da 1996-cı ildə yeni baş nazir təyin edilib. Ancaq məsələ burasındadır ki, Türkiyədə 20 ildə 7 baş nazir dəyişibsə, Azərbaycanda təyin edilən baş nazir hələ də həmin postdadır. 

Artur Rasi-zadə 1996-cı ilin noyabrında baş nazir vəzifəsinə təyin edilib. Bu vəzifəyə təyin ediləndə 61 yaşı olan Rasizadənin hazırda 81 yaşı var. Hörmətli Artur müəllim regionun həm vəzifəcə, həm də yaşca ən uzunömürlü baş naziri statusunu saxlayır. Türkiyənin görəvindən getmək üzrə olan baş naziri Əhməd Davudoğlu 57,  Rusiyanın baş naziri Dmitri Medvedyevsə 50 yaşdadır. Ermənistanın baş naziri Ovik Abramyan Artur Rasizadədən 23 yaş cavandır - onun 58 yaşı var. Gürcüstana 48 yaşlı Georgi Kvirikaşvili baş nazirlik edir. Keçmiş SSRİ məkanının ən böyük ölkələrindən olan Ukraynanın yeni baş naziri Vladimir Qroysmanın isə 38 yaşı var. 

1996-cı ildən indiyə qədər Türkiyədə 7, Gürcüstanda 10-a yaxın, Ermənistanda 6, Rusiyada 4, Ukraynada 6 şəxs baş nazir vəzifəsində işləyib. Hazırda bu ölkələrdə baş nazir vəzifəsində çalışan şəxslərin bu vəzifədə işlədikləri müddəti toplayanda Artur Rasizadənin  baş nazir işlədiyi müddətin təxminən yarısı qədər edir.

Maraqlıdır, konstitusiyaya görə ölkənin ikinci şəxsi olan hörmətli Artur Rasizadəni dəyişməz edən nədir? Hakimiyyət nədən ona bu qədər önəm verir, onu dəyişmir?   

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycanda baş nazirin dövlətin idarə edilməsində əslində səlahiyyəti, əhəmiyyəti yoxdur, ona görə də eyni şəxs illərdir bu vəzifədə saxlanır: “İki cür hökumət olur - yüksək keyfiyyətli və aşağı keyfiyyətli hökumət. Yüksək keyfiyyətli hökumətlərdə kadrların tez-tez dəyişilməsi zəruri olur, əsas əlamətlərdən sayılır, kadrların da dəyişilməsi nə cəmiyyətə, nə dövlətə hər hansı problem yaratmır. Aşağı keyfiyyətli hakimiyyətlərdə isə kadrlar şəxsi sədaqət prinsipi əsasında seçilirlər və yüksək çinli kadrların dəyişilməsinə sistem çox həssas olur. Ona görə də mümkün qədər vaxtaşırı kadr dəyişikliklərindən qaçırlar. Azərbaycanda ikincidir. Artur Rasizadənin dəyişdirilməməsinin səbəblərindən biri budur. Digər tərəfdən, Azərbaycanda baş nazirin dövlətin idarə edilməsində əslində səlahiyyəti, əhəmiyyəti yoxdur. Ona görə də baş nazir postuna kimin qoyulub-qoyulmamasının Azərbaycanda situasiyanın dəyişilməsinə ciddi nəsə verəcəyi ehtimalı yoxdur. Baş nazirin dəyişilməsi ilə hər şey olmur. Böyük islahatlara ehtiyac var”. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 02:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com