Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2016
11:03
Peşə məkətəbləri indi nə öyrədir?

Bu gün Təhsil Nazirliyinin tabeliyində 114 ilk-peşə ixtisas təhsili müəssisələri var. İlk peşə ixtisas təhsili müəssisələrindən 45-i peşə liseyi, 61-i peşə məktəbi (8-i cəzaçəkmə müəssisələrinin tərkibində), ikisi tədris mərkəzidir.

Peşə təhsili müəssisələrindən 6-sı işğal olunmuş rayonlarda yerləşdiyindən onların fəaliyyəti dayandırılıb. Ümumilikdə peşə ixtisas təhsili müəssisələrindən 34-ü Bakıda yerləşir.

Respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrində 126 peşə üzrə 23850 şagird təhsil alır. 2015-2016-cı il peşə məktəblərinə 16990 nəfər qəbul olub. İlk peşə ixtisas təhsilinin müddəti 1-3 ildir.

İlk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə 20 aprel 2016-cı il tarixdə Prezident Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Yaradılan yeni qurum uzun illərdir ki, diqqətdən kənarda qalan peşə təhsilinə gənclərin marağını artıra biləcəkmi? Hansı yeniliklər gözlənilir? Bu suallarla təhsil üzrə ekspertlərə müraciət etdik. 

"Yaşlı və orta nəslin nümayəndələri xatırlayar ki, texniki peşə təhsili məsələsinə sovet dönəmində böyük diqqət yetirilirdi. 90-cı illərdə, müstəqillik əldə edildikdən sonra keçid dövrü ilə bağlı müəyyən boşluqlar əmələ gəldi ki, bununla peşə təhsili sisteminə diqqət azaldı. Bəzi texniki peşə təhsili məktəblərinin maddi-texniki bazası, binaları hərraca qoyuldu, bəzilərinin təyinatı dəyişdirildi, bəziləri əsas oldu-olmadı, peşə liseylərinə çevrildi və s. Ümumiyyətlə, bu sahəyə diqqətin azalmasının başlıca  səbəblərindən biri ondan ibarət idi ki, o dönəmdə təhsil sistemi üç qurum tərəfindən idarə olunurdu.  Maarif Nazirliyi məktəbəqədər və orta ümumtəhsil məktəblərinə, Təhsil Nazirliyi isə bilavasitə ali və orta ixtisas təhsili müəssisələrinə rəhbərlik və nəzarət edirdi. Texniki peşə məktəbləri isə müstəqil Dövlət Texniki Peşə Təhsili Komitəsinin tabeçiliyində fəaliyyət göstərirdilər. Sərbəst idarəçilik və peşəkar mütəxəssislər var idi. Sonralar  bu üç qurum birləşdirilərək Təhsil Nazirliyi yaradıldı. Bu zaman peşə təhsilinə diqqət azaldı. Çünki peşə təhsili nazirliyin nəzdində bir şöbə kimi fəaliyyət göstərdi. Ayrıca müstəqil komitə səviyyəsində olanda diqqət daha çox idi",-deyə bu barədə "Bizim Yol" qəzetinə şərhində təhsil üzrə ekspert Nadir İsrafilov bildirdi. 

Onun sözlərinə görə, orta məktəblərdə peşə yönümünə diqqət zəiflədikcə bu sahəyə maraq da azaldı. Amma sonralar zaman göstərdi ki,  peşə sisteminin inkişafı nəinki lazımdır, hətta vacibdir: "Azərbaycanda ilk  Avropa Oyunları keçiriləndə təhsil naziri etiraf etdi ki, gələn qonaqlara xidmət göstərmək üçün peşə ixtisaslı  kadrlar, peşəkar işçilər tapa bilmirik. Bunları hətta xaricdən gətirmək zərurəti qarşısında qalmışıq. Prezidentin gənclərlə görüşündə də peşə təhsili sisteminə xüsusi diqqətin artırılması məsələsinə geniş yer verildi. Son zamanlar peşə təhsilini inkişaf etdirmək sahəsində müəyyən işlər görülməyə başlayıb. Bildiyim qədər Cənubi Koreya ilə Təhsil Nazirliyi arasında peşə təhsili ilə bağlı xüsusi razılaşma olub və müqavilə imzalanıb".

N.İsrafilov deyir ki, belə bir agentliyin və ya buna bənzər bir qurumun yaradılması gec-tez gözlənilən idi: "Hesab edirəm ki, Agentliyin yaradılması  bu sahənin inkişaf etdirilməsinə təkan verə bilər. Amma burada əsas məsələ agentliyin işinin gələcəkdə necə təşkil edilməsindən asılıdır: agentliyə rəhbərlik, kadr tərkibi, işlək mexanizmin olması, işlərin qurulması önəmlidir. Hər halda təqdir olunmalı addımdır.

Bununla yanaşı gənclərin peşə təhsilinə marağının artırılması istiqamətində də işlər görülməlidir. Bunun üçün isə əsas iş maarifləndirmənin aparılmasıdır. Almaniya, Yaponiya kimi ölkələr peşə ixtisası ilə dünyanın inkişaf etmiş ölkələrinə çevriliblər. Bizdə mentalitet belədir ki, əsas ali təhsildir. Sovet dönəmində önəmli tədbirlərdə ön yerlərdə qabaqcıl peşə adamları oturardı, onlara xüsusi diqqət yetirilərdi. Məktəblərdə müəyyən tədbir keçiriləndə əmək adamları, neft sahəsində çalışanlar dəvət edilirdi, onlarla görüşlər keçirilirdi. Orta məktəblərdə peşə yönümlü bir iş aparılırdı. Ona görə də orta məktəblərdən başlamaq lazımdır. Orta məktəblərdə ayrı-ayrı peşələr təbliğ olunmalı, dərsliklərə peşə məsələləri ilə bağlı hekayələr salınmalı, müsabiqələr, peşə adamları ilə görüşlər keçirilməli, ayrı-ayrı peşələrin  nüfuzu ilə bağlı şagirdlərə inşalar, esselər yazılmalıdır".

Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, yeni müəssisələrin, zavod və fabriklərin yarandığını, turizm sahəsinin  genişləndiyini, kənd təsərrüfatının və tikinti sektorunun sürətlə inkişaf etdiyini nəzərə alsaq, bütün bunlar ixtisaslı fəhlə kadrların yetişdirilməsinə  diqqəti artırmağı tələb edir: "Beləliklə, ölkədə ali və orta ixtisas təhsili  ilə yanaşı,  peşə təhsilinin də inkişafı  zərurəti  yaranır. Azərbaycan Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"  və  həmin Strategiya ilə bağlı prezidentin bu yaxınlarda imzaladığı yeni sərəncamı ilə təsdiq olunmuş Fəaliyyət Planında  ilk peşə-ixtisas təhsili sahəsində cəmiyyətin tələblərinə uyğun standartların və kurikulumların hazırlanması, müasir təminatlı peşə tədris mərkəzlərinin və komplekslərinin yaradılması nəzərdə  tutulmuş və konkret inkişaf istiqamətləri müəyyənləşdirilib".

Ekspert bildirir ki, texniki-peşə təhsili müəssisələrinin hazırkı fəaliyyətinə, şəraitinə nəzər saldıqda görürük ki, Azərbaycan təhsilinin, bəlkə də ən yaralı yeri məhz peşə təhsili sahəsidir: "Belə ki, bazar iqtisadiyyatının tələblərinə müvafiq, rəqabətə davamlı ixtisaslı fəhlə kadrlarının hazırlanması üçün texniki-peşə təhsili müəssisələrinin əksəriyyətinin maddi-texniki bazası günün tələblərinə cavab vermir. Peşə məktəbi və peşə liseylərinə tədrisin əyani və təlimin texniki vasitələri, yeni nəsil kompüterlər, müasir konstruksiyalı dəzgahlar, maşın-mexanizm və cihazlar ayrılmır. Aparılan araşdırmalar göstərir ki, sözügedən təhsil müəssisələrinə şagirdlərin də marağı azdır". 

K.Əsədov bildirir ki, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün Azərbaycan hökuməti ilə Koreya hökumətinin  birgə müasir tipli peşə tədris mərkəzinin yaradılması ilə bağlı Kredit Sazişi imzalanıb: "Azərbaycanın Təhsil Nazirliyi və Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında "Azərbaycanda peşə təhsili və təliminin inkişafı və gücləndirilməsi istiqamətində Əməkdaşlıq Memorandumu"nun imzalanmasını bu sahədə əhəmiyyətli uğur hesab etmək olar. Layihənin prioritet sahələri peşə təlimi üzrə işləyən müəllim və rəhbər heyətin bacarıqlarının artırılması, PTT təlimində məzmunun yenilənməsi, kurikulumların hazırlanması və təkmilləşdirilməsidir".

Ekspert hesab edir ki, peşə məktəblərinin məzunlarının işlə təmin edilməsi üçün Təhsil Nazirliyi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında 2014-cü ilin oktyabrın 30-da Anlaşma Memorandumunun imzalanması bu sahədə atılmış mühüm addım kimi qiymətləndirilməlidir: "Memorandum təhsil müəssisələri ilə biznes strukturları arasında əlaqələrin genişləndirilməsini, təhsil müəssisələrinin idarə edilməsi və tədris prosesinin təşkilində biznes strukturlarının rolunun artmasını, məzunların işlə təminatına dəstək verilməsini və s. məsələləri əhatə edir.

Təhsil Nazirliyinin iri işəgötürən təşkilatlarla əməkdaşlığı   genişləndirmək istiqamətində atdığı addımlardan biri də 2014-cü ilin  noyabrın 4-də "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti ilə Əməkdaşlıq Memorandumunun imzalanması olub. Söz yox ki, bu əməkdaşlıq respublikamızda son zamanlar sürətlə inkişaf edən metallurgiya sahəsi üzrə ixtisaslı kadrlara olan tələbatın ödənilməsinə, həmçinin, bu sahə üzrə kadr hazırlığı səviyyəsinin yüksəlməsinə köməklik göstərəcəkdir.

"Müasir Azərbaycan Peşəkarları" layihəsi artıq həyata keçirilməkdədir.  Həmin  layihə çərçivəsində görülən işlər ötən il də davam etdirilmiş, ilk peşə ixtisas müəssisələrində bəzi yeni ixtisaslar üzrə siniflər yaradılmışdır. Məsələn, 14 nömrəli Bakı Peşə Liseyinin bazasında "mühafizəçi" ixtisası üzrə kadr hazırlığına başlanılıb.

İşəgötürən təşkilatlarla əlaqələrin genişlənməsi məzunların işlə təmin edilməsi səviyyəsinə də müsbət təsir göstərir. Belə ki, hazırda bir sıra yerli və beynəlxalq şirkətlərdə işləyən peşə təhsili müəssisələrinin məzunlarının sayı artmaqdadır. Bu isə öz növbəsində peşə təhsilinə münasibətin dəyişməsinə, marağın artmasına səbəb ola bilər".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 19:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com