Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2016
10:51
9105
Təhsil işçiləri növbəti sınaq qarşısında

"Bir təşkilat kimi fəaliyyət sferamız artırılıb. İndi fəaliyyətimizlə əlaqədar nanotexnoloji sənədlərin, qanunların və s. dövlət qeydiyyatından keçməsi mərhələsindəyik ki, fəaliyyətə başlayaq". Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "anspress"ə müsahibəsində deyib. 

Məleykə Abbaszadə bildirib ki, bu il keçiriləcək imtahanlarda heç bir yenilik olmayacaq: "Cənab prezidentin də fərmanında qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınana qədər iki təşkilat öz fəaliyyətini, vətəndaşlara göstərdikləri xidməti davam etdirəcək. Bizim yüz minlərlə insana xidmət göstərdiyimizi nəzərə alsaq, imtahan verən şəxslər hansı yeniliklərlə qarşılaşacaqları ilə maraqlanırlar. Bu il onlar üçün heç bir yenilik olmayacaq".

Direktorlar Şurasının sədri qeyd edib ki, mərkəz paralel olaraq inteqrasiya proseslərini də başlamalıdır: "Çünki Dövlət İmtahan Mərkəzində yüksək texnologiyalardan istifadə edən iki idarə birləşib. Bizim mərkəz dövlət qeydiyyatından keçəndən sonra hansı departamentlərin qalacağı, hansıların birləşəcəyi məlum olacaq. İşçilər arasında müəyyən ixtisarlar ola bilər. Eyni paralel işi həyata keçirən insanlar ola bilsin, ixtisar edilsin".

Ekspertlər gözlənilən ixtisarlar haqqında nə düşünürlər?

Təhsil eksperti Nadir İsrafilov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, yeni qurum yaradılıbsa, istər kadr, istərsə də struktur sahəsində dəyişikliklər təbii qəbul olunmalıdır. "Nəzərə alsaq ki, hansı kadrlar qalacaq, hansılar ixtisar olunacaq, ümid edirəm ki, əsasən həmin sistemdə olan kadrlar saxlanılacaq. Bilirsiniz, TQDK-nın ləğvi söhbəti çıxanda da müəyyən proqnozlar verildi. Hadisələrin gedişi də göstərdi ki, elə Məleykə Abbaszadə sədr olaraq qaldı. Elə öz müavinini də yeni qurumuna müavinlərdən biri təyin elədi. Bu mənada sözsüz ki, o, kiminlə işləyib, uzun illər ona etibar edib, onları yeni qurumda saxlayacaq. İxtisar isə ştat vahidi ilə əlaqəli olan tələbdir. Ona müvafiq olaraq da ixtisarlar aparılacaqdır".

"Nələrin baş verəcəyini isə zaman göstərəcək. Adətən proqnozlar hər dəfə özünü doğrultmur. Hələ ki, bu sahədə olan proqnoz özünü doğrultdu. Deyək ki, struktura ictimai əsaslarla təyin olunan 4 nəfər hardasa o sahənin tanınmış adamlarıdır. Mən burada hansısa təsadüf ehtimalı görmürəm. Yəqin ki, Abbaszadə ilə bir sahədə çalışan, özünü doğruldan adamlar yenə də öz fəaliyyətlərini davam etdirəcəklər" - deyə N.İsrafilov bildirib. 

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin fikrincə, ixtisarlar, yeni yaranan strukturun normativindən, infrastruktur quruluşundan asılıdır: "Bəlkə hansısa şöbə ixtisara gedib. Ona görə bu onların daxili işləridir. Əgər onun sədri müvafiq bilirsə, kadrlarda da yeniləşmə aparmalıdır. O yeniləşmə bizim bildiyimiz kimisə çölə atmaq, kimisə dartıb gətirmək deyil. Texnologiyaları daha yaxşı bilən daha uyğun insanları işə cəlb etməkdir. Elmi tədqiqat işlərini, imtahan qaydalarını bilən, xarici təcrübədən xəbərdar insanlar gətirilir. Ona görə mən buna strukturun ilk addımları kimi yanaşıram. Fikrimcə, bu faydalı olacaq. Hər hansı giley-güzarlığa ehtiyac yoxdur". 

Təhsil eksperti Etibar Əliyev də musavat.com-a açıqlamasında bildirib ki, qurumların birləşməsi zamanı ixtisarlar mümkündür: "Ancaq Mərkəz yaradılmamışdan əvvəl də biz ekspert olaraq TQDK-nın iş prinsipinə bələdik. Bu qurum işi bilən insanları həmişə dəyərləndirib. Bunun hesabına çevik və rasional idarəçilik institutu yarada bilib. İdarəetmənin bu fəlsəfəsi yeni yaradılmış quruma daşınmalıdır. Ola bilsin ki, paralelliyin aradan qaldırılması üçün  departamentlərdə dəyişikliklər olsun, yaxud istiqamətlər üzrə işin icrasında təkrarçılığın aradan qaldırılması üçün ixtisarlar aparılsın. Bu, təbii qəbul olunmalıdır".

Qəbul imtahanlarında gözlənilən yeniliklər

Azərbaycanda orta məktəblərin buraxılış imtahanları ilə ali məktəblərə tələbə qəbulu imtahanları birləşdiriləcək. Artıq bu istiqamətdə hazırlıq işlərinə başlanıb.

Bunu Tələbə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuata verdiyi açıqlamada bildirib. Test üsulunun gələcək aqibətindən, test üsulunu tənqid edənlərdən, qəbul imtahanlarında dəyişikliklərdən danışan Məleykə Abbaszadə hazırda təhsil sistemində mövcud olan iki imtahan-buraxılış və qəbul imtahanlarının fərqli məqsədlər daşıdığını bidirib.

Məleykə Abbaszadə test üsulunun bütün dünyada tətbiq edildiyini və xüsusi bir elm olduğunu, bu sahədə qərarların mütəxəssislər tərəfindən verilməsinin vacibliyini qeyd edib: "Bununla əlaqədar hansısa sorğu keçirtmək düzgün deyil. Çox təəssüflər olsun ki, kimsə özünü ekspert kimi təqdim edir, xüsusilə cavan ekspertlər. Onlar mütəxəssis kimi hansı ali məktəbi bitiriblər, hansı nailiyyətləri var, onların yazdığı məqalələr nədən ibarətdir? Bu bir səthi yanaşmadır...". 

Buraxılış imtahanlarında minimal tələblərin qoyulduğunu, bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçilməsinin əsas məqsəd olduğunu söyləyən Məleykə Abbaszadə, qəbul imtahanlarında tam əksinə, yaxşı bilən şagirdlərin arasında ən yaxşı bilənlərinin seçilməsinin əsas məqsəd olduğunu vurğulayıb: "Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək buraxılış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir. Buna, hələ ki, bizim reallıqda məktəblərimiz hazır deyillər. Lakin biz öz tərəfimizdən buna hazırlaşırıq. Mən hesab edirəm ki, yeni kurikulumla təhsil alan şagirdlər - 1-ci sinfə 2008-ci ildə gedən uşaqlar 9-cu sinfə buraxılış imtahanı verəndə bu tamamilə ayrı növ imtahanlar olacaq. Orada biz uşaqların yazı qabiliyyətini təkcə test sualları ilə yox, eyni zamanda müxtəlif yeni növ suallarla yoxlayacağıq".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 12:05

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status