Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

26 Aprel

2016
13:51
2373
Super-marketlər kimi aldatmağa cəhd edirlər? - TƏHLİL
Keçmiş nazir mağazalarda qiymətlərin niyə bu qədər şişdiyinin səbəbini açıqladı

Bu ilin aprel ayının 18-də bəzi super-market sahiblərinin İqtisadiyyat Nazirliyinə  əlavə dəyər vergisinə sıfır dərəcə tətbiq etməklə bağlı müraciətindən sonra, mətbuat səhifələrində və TV kanallarında geniş müzakirələr açıldı. Nə qədər qəribə də olsa, problemin əsil həqiqətdə nədən ibarət olduğunu aydınlaşdırmayan bəzi iqtisadçılar və jurnalistlər dərhal bu marketlərin “müdafiəsinə” qalxdılar. Biz mətbuat səhifələrində bu məsələyə fərqli münasibət bildirdik. Təklif etdik ki, bütün maraqlı tərəflərin -İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Super-market sahiblərinin nümayəndələrindən ibarət bir komissiya yaradılsın və birgə müzakirə ilə bu müraciətin kökündə əsil həqiqətdə nəyin dayandığı aydınlaşdırılsın. Heç şübhə yoxdur ki, müraciətin altından imza atan super-market sahibləri problemin kökünün əlavə dəyər vergisində olmadığını hər kəsdən çox yaxşı bilirlər. Çünki bu marketlərdə əlavə dəyər vergisi onsuz da sıfır dərəcə ilə tətbiq olunur. Bəs onda super-market sahiblərini narahat edən nədir? Nə üçün onlar qiymətlərin yüksək olmasını və bu səbəbdən ticarət dövriyyəsinin getdikcə azaldığını əsas gətirərək, nəticə etibarilə iş yerlərinin ixtisara düşəcəyi, marketlərinin bağlanacağı ilə bağlı “həyacan təbili çalırlar”.

İlk öncə onu demək lazımdır ki, super-market sahiblərinin bu müraciətində məsələ yersiz və əsassız şəkildə bu qədər şişirdilib. Onların manatın məzənnəsində baş verən kəskin dəyişikliklərdən sonra, bəzi qiymətlərin artması səbəbindən ticarət dövriyyəsinin azaldığına dair məlumatları yanlışdır. Əksinə, bu dövrdə həmən super-marketlərdə ticarət dövriyyəsi kifayət qədər artıb. İkincisi,  super-marketlərdə əhaliyə satılan malların qanuniliyini təsdiq edən sənədlər mövcud olduğu tədqirdə, həmən mallar üzrə ƏDV sıfır dərəcə ilə tətbiq olunur.  Əgər məsələnin kökü yalnız qanuni sənədlərin mövcudluğundadırsa, onda problemi ƏDV-nin üzərinə gətirmək hansı məntiqə sığışır? Belə çıxır ki, market sahibləri öz qanunsuz əməllərini başqa bir qanunsuzluqla – vergi müfəttişliyini qanunsuzluğa məcbur etməklə bağlamaq istəyirlər. Onlar başa düşməlidirlər ki, müvafiq təsdiqedici sənədləri olmayan mallara ƏDV-ni sıfır dərəcə ilə tətbiq etmək mümkün deyil və vergi xidmətini buna təhrik etmək cəhdləri yanlış bir hərəkətdir.

Əgər doğrudan da söhbət marketlərdə satılan malların  qiymətlərinin yüksək olmasından gedirsə, onda bu malların son qiymətlərinə təsir edən digər qeyri-rəsmi və səmərəsiz xərclər də araşdırılmalıdır. İlk növbədə, market sahibləri bəzi malların mağazanın piştaxtasına neçənci vasitəçi tərəfindən gəlib düşdüyünün fərqində olmalıdırlar. Bizdə olan məlumatlara görə bəzi məhsullar 2-ci, 3-cü,  bəzən də daha çox vasitəçinin pəncəsindən çıxaraq mağazaların piştaxtalarına gəlib düşür. Bu isə o deməkdir ki, hər vasitəçi malın qiymətinə 8-10% əlavə edir və nəticə etibarilə məhsulun qiyməti əsassız olaraq şişir. Eyni qayda ilə məhsulun son qiymətinə digər neqativ məqamlar da az təsir etmir. Bax, məsələnin kökünü bu istiqamətlərdə araşdırmaq lazımdır. Onda, son qiymətə nəyin necə təsir etdiyi müəyyənləşəcək və market sahiblərinin bu müraciətinin nə qədər əsassız olduğu hər kəsə tam aydın olacaq.

Fikrət Yusifov

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2018 13:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru