Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2016
09:35
4790
İmamların məsumluğu Qurani-Kərimdə və Peyğəmbər hədislərində

Bu gün İslam təqvimində Rəcəb ayının 13-cü günüdür. Rəcəb ayının 13-ü Əmirəlmöminin Əlinin (ə) doğum günüdür və İslam dünyasında böyük bayramlardan hesab olunur. Elə bu münasibətlə əziz həmvətənlərimizi təbrik edir və İmamların məsumluğu barədə Quran ayələri, Peyğəmbər hədislərindən ibarət kiçik bir araşdırmanı diqqətinizə çatdırırıq. 

Müsəlmanlar imamların da Peyğəmbər kimi xəta etmədiyinə və məsum olduqlarına inanır. Çünki imamlar dinin qoruyucusu və icraçılarıdır. Bu məsələdə əməlləri eyni ilə peyğəmbərlər kimidir. Peyğəmbərlərin məsum olduğuna inanmağı tələb edən dəlillər, eynilə İmamların da məsum olduğuna inanmağı tələb edir. (Əqaidul İmamiyyə, s.67)

Bəli, şiənin ismət mövzusundakı inancı elə budur. Görəsən bu inanc, Quran və sünnəyə ziddirmi? Yoxsa əqli cəhətdənmi qeyri-mümkündür? Yaxud İslam dininin rədd etdiyi bir şey varmı? Ya da bu inanc Peyğəmbər və ya imamın dəyərini aşağımı salır?

Xeyr, əksinə, bu əqidədə Allahın Kitabı və Peyğəmbər sünnəsinə əks bir şey görmürük. Ağılla təyin olunan prinsiplərlə də üst-üstə düşür və onlarla ziddiyyəti yoxdur. Peyğəmbər və ya imamın məqam, mövqe və dəyərində də bir mənfilik yaratmır.

Qurani-Kərimdə Allah Təala belə buyurur: "...Allah siz Əhli-Beytdən hər cür pisliyi təmizləmək və sizi - paklığın bütün cəhətlərində - pak etmək istəyir." (Əhzab, 33)

Görəsən, bu ayədə bəhs olunan, "Hər cür pisliyi təmizləmək" sözü məsumluğu ifadə etmirsə, nəyi ifadə edir?

Yenə Allah-Təala belə buyurmuşdur: "Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir Şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar." (Əraf, 201)

Təqva sahibi olan bir mömini belə, şeytan azdırmaq istədikdə, Allah Özü onu şeytanın hiylələrindən qoruduğuna, beləliklə, o da Allahı xatırlayıb haqqa yönəldiyinə görə, Allah Özü seçib hər cür pislikdən təmizlədiyi şəxslərin, daha yüksək xüsusiyyətlərə malik olmaları heç vaxt gözardı ediləcək bir şey deyil.

Allah Təala belə buyurur:

"Sonra Biz bu kitabı bəndələrimizdən (sonuncu ümmət və İslam əhli olaraq) seçdiklərimizə miras verdik." (Fatir, 32)

Allahın seçdiyi kəslər, heç şübhəsiz ki, günahsızdırlar. İmam Rza (ə) Abbasi xəlifəsi olan Məmunun təşkil etdiyi elmi konfransda alimlərə cavab olaraq şəxsən bu ayəni dəlil göstərmiş və bu ayədə həm özlərinin (yəni Əhli-beyt İmamlarının) nəzərdə tutulduğunu və Allah-təalanın özlərini seçərək kitab elminin varisi etdiyini sübut etmiş və onlar da bunu etiraf etmişlər. (Əl-İqdul Fərid, c.3, s.42)

Bu ayələr İmamların məsum olduğunu qeyd edən ayələrdən yalnız bəzi nümunələrdir. Məsələni sübut edən:

 "... və onları bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik" (Ənbiya, 73) ayəsi kimi digər ayələr də mövcuddur.

Məsələ ilə əlaqədar Həzrəti Peyğəmbərin (s) bir hədisində belə buyurulub:

"Ey insanlar, mən sizin aranızda elə bir şey qoyuram ki, əgər ona bağlansanız, heç vaxt zəlalətə düşməzsiniz; Allahın Kitabını və mənim nəslimdən olan Əhli-Beyti." (Səhihi Tirmizi, c.5, s.328, Müsnədi ibn Hənbəl, c.5, s.189)

Göründüyü kimi bu hədis Əhli-Beyt İmamlarının məsum olduğunu açıq şəkildə bildirir.

Çünki əvvəla, Əhli-Beyt Allahın Kitabı ilə eyni şəkildə zikr edilib. Quran isə məsumdur. Ona nə önündən, nə də arxasından batil sıza bilməz. O, Allahın kəlamıdır və kim buna şübhə edərsə, kafir olur. Məlumdur ki, Allahın kitabı kimi riayət edilməyə layiq olanlar da onun kimi məsum olmalıdırlar.

İkinci isə, onlara (Kitaba və Əhli-Beytə) bağlananların zəlalətə (azğınlığa) düşməmək üçün təminat içində olacağı açıqlanır. Demək, bu hədis Quran və Əhli-Beytin xətadan məsum olduqlarını açıq şəkildə bildirir. Çünki insan ancaq məsuma yaxın olduqda azğınlıqdan xilas ola bilər.

Həzrət Peyğəmbər başqa bir hədisində belə buyurub:

"Məni Əhli-Beytim sizin aranızda eynilə Nuhun gəmisinə bənzəyir. Kim o gəmiyə mindisə xilas oldu, geri qalanlar isə boğuldu". (Mustədraki Hakim, c.2, s.343. Kənzul Ummal, c.5, s.95, Savaikul Muhrika, s.184)

Göründüyü kimi bu hədisdə də Əhli-Beyt İmamlarının xətadan məsum olduqları açıq şəkildə bildirilir. 

İslam Peyğəmbərinin başqa bir hədisində isə belə buyurulur:

"Kim mənim kimi yaşamaq, mənim kimi ölmək və Rəbbimin mənə vəd etdiyi Huld cənnətinə girmək istəyirsə, Əlinin və ondan sonra da soyunun vilayətini qəbul etsin. Çünki onlar heç vaxt sizi hidayət qapısından ayırmaz, azğınlıq qapısına doğru aparmaz". (Kənzul Ummal, c.6, s.155. Məcmauz Zəvaid, c.9, s.108. Mustədraki Hakim, c.3, s.128. İhkakul HaqqŞ c.5, s.108)

Bu hədis də Əhli-Beyt İmamlarının, yəni İmam Əli və soyunun xətadan məsum olduqlarını açıq şəkildə bildirir. Çünki bu hədisdə Əhli-Beyt İmamlarının özlərinə tabe olanları heç bir azğınlığa aparmadıqları açıqlanır. Halbuki səhv etməsi mümkün olan bir kimsənin, xalqı içində heç bir azğınlıq olmayan yola aparması mümkün deyil.

Peyğəmbərdən olan başqa bir hədisdə oxuyuruq: 

"Mən çəkindirənəm, Əli isə hidayət edəndir və məndən sonra ey Əli, doğru yola gedənlər səninlə hidayət olacaqlar." (Təfsiri Təbəri, c.13, s.108. Təfsiri Razi, c.5, s.271, Təfsiri İbni Kəsir, c.2, s.502, Təfsiri Şəvkani, c.3, s.70, Təfsiri Durrul Mənsur, c.4, s.307.)

Bu hədisin də İmam Əlinin məsum olduğunu göstərdiyi açıq aydındır və heç bir ağıl sahibinə gizli deyil. 

İmam Əli isə həm özünün, həm də nəslindən olan İmamların məsum olduğunu belə açıqlayıb: 

"Hara gedirsiniz? Hara üz tutursunuz? Bayraqlar ucalıb, ayələr açıq-aydın və əlamətlər göstərilmişdir. Bəs nəyə görə yolunuzu azırsınız və necə kor edilirsiniz? Halbuki, Peyğəmbərinizin Əhli-Beyti sizin aranızdadır. Onlar xalqın qabaqcılları, dinin liderləri və düzgünlüyün dilləridir. O halda onlara Quranın ən yaxşı dərəcəsində yer verin və susuz dəvələrin suya qaça-qaça getdiyi kimi, onlara tərəf qaçın. Ey insanlar, bu barədə Həzrət Peyğəmbərə (s) itaət edin. Çünki bizdən olan biri ölsə belə, ölü deyil və bizdən olan çürüyüb getsə də, çürüməmişdir. Tanımadığınız, bilmədiyiniz bir şeyi deməyin. Çünki haqqın çoxu sizin inkar etdiyiniz şeydir. Əleyhinə dəliliniz olmadığı şəxs üzürlü bilin. Mən həmin şəxsəm. Sizin aranızda, "Səqəleyn"dən (iki dəyərli əmanət - Quran və Əheli-Beyt) böyüyü tutulub, kiçiyi bir kənara atılmadımı? Buna baxmayaraq, yenə sizin aranızda iman bayrağını ucaldan mən oldum". (Nəhcül Bəlağə, c1, s.155)

Əhli-Beyt İmamlarının ismətini bildirən bu qədər Quran ayəsi və Peyğəmbər hədislərindən sonra, görəsən ağıl və insaf sahibi olan bir insan, Allah-Təalanın hidayəti üçün seçdiyi imamların məsum olduğunu inkar edə bilərmi? Ağıl və insaf belə bir şeydən heç vaxt imtina etmədiyi kimi, hətta əksinə, məsum bir ilahi rəhbərin qiyamətə qədər yer üzündə olmasını belə lazım görür. Bəşərin liderlik və hidayət vəzifəsini yerinə yetirən şəxs, səhv, unutqanlıq və günahlar altında əzilən biri olmamalıdır. Çünki bu halda həmin şəxsən özü insanların azmasına səbəb olur.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru