Fermerlər niyə koperativləşə bilmədi?

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2016
09:16
4718
Fermerlər niyə koperativləşə bilmədi?

Böyük neft pulları dövründə Azərbaycanda kənd təsərrüfatı kooperativlərinin yaradılması üçün çox əlverişli iqtisadi zəmin yaranmışdı, amma bu fürsət qaçırıldı. Inhisarçı maraqlar, kəndlilərin birgə təsərrüfatlarda birləşərək sonradan iqtisadi güc qazanmasının hazırkı mərkəzləşdirilimiş siyasi sistem üçün başağrısına çevrilməsi ehtimalı məmurları bu istiqmətdə islahatlara həvəsləndirmədi.

Kopperativlər yaransaydı, indi kiçik qrupun maraqlarına xidmət edən on minlərlə hektar kənd təsərrüfatına yararlı dövlət və bələdiyyə torpaqlara görə həmin kooperativlər hesabat tələb edəcəkdi. Bu koopertivlər onlardan deyil, əcnəbi fermerdən ucuz xammal alıb əhaliyə satan emal müəssisələrindən hesab soracaqdı. Fərdi fermerlər onların mallarını ucuz alan emalçılara güc göstərə bilmir, amma kooperativlər güc mərkəzi kimi diqtə edəcəkdi. Fərdi fermerlər hökumətin aqrar siyasətində iştirak edə bilmir, amma kooperativlər öz birliklərini yaradaraq məsləhətləşmə, kənd təsərrüfatı dəstəyinin dünyada mövcud olan daha çevik mexanizmlərini tələb edəcəkdi. Dünyanın bir sıra ölkələrində aqrar kooperativlərin iş təcrübəsinə baxın, ölkəmiz üçün onların hansı faydalar verə biləcəyini təsəvvür edin.

Avropa ölkələrinin böyük əksəriyyətində kənd təsərrüfatı kooperativlərinin məhsul istehsalında və satışında xüsusi çəkisi 75-80%-dən az deyil. Belə şəraitdə kiçik fermerlərin satış qayğısı onların adından müqavilə imzalayan kooperativlərin üzərinə keçir. Məsələn, Almaniyada tərəvəzin 76%-ni son istehlakçıya 5 nəhəng kooperativ birliyi çatdırır. Bu birliklərin nəhəng anbar şəbəkəsi, soyuducu nəqliyyat vasitələri, tara və qablaşdırma materialları istehsal edən müəssisələri var.

Fransada üzüm sənayesi məhsullarının təxminən 70%-i, Niderlandda gülçülük təsərrüfatları məhsullarının 75%-i, Danimarkada xəz-dəri məmulatlarının 98%-i koopretivlər vasitəsilə reallaşdırılır. Ümumilikdə isə Finlandiya, Fransa, Danimarka, Isveç və Niderlandda qida sənayesi məhsullarının istehsal və satış həcminin orta hesabla 50%-ə qədərini fermer kooperativləri həyata keçirir.

Niderland dünyada kənd təsərrüfatı və aqrar sənayenin inkişafına görə ABŞ, Fransa, Avstraliya kimi ölkələrlə bir sırada dayanır. Odur ki, bu ölkədə aqrar kooperativlərin fəaliyyəti maraq doğurmaya bilməz. Niderlandda ilkin kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsi emal mərhələsini keçməklə satış şəbəkəsinə daxil olur. Nəzərə alaq ki, bu ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının təxminən 80%-i dünya bazarlarına ixrac olunur. Elə ona görə də, ilkin məhsullar zəruri emaldan (məsələn, təbii südün müəssisə şəraitində müxtəlif növ məhsullara – kərə yağı, pendir, ayran – çevrildikidən) və ya qablaşdırmadan (məsələn, diri çəkidə kəsilmiş ət hissələrə ayrılıb xüsusi üsullarla qablaşdırıldıqdan) sonra satış dövriyyəsinə daxil edilir. Niderlandda kənd təsərrüfatı məhsullarının emalı, nəqli və satışı əsasən kooperativlər vasitəsilə həyata keçirilir. Xüsusilə də süd (həmçinin süd məhsullarının) istehsalı sahəsində kooperativlər əhəmyyətli rol oynayır.

Hazırda Avropa Birliyi çərçivəsində Birliyə üzv ölkələr arasında süd satışı sahəsində çox ciddi rəqabət var. Odur ki, Niderlandın bu sektorda çalışan kooperativləri süd istehsalçılarının maraqlarını qorumaq üçün hətta Avropa bazarlarında südün qiyməti düşdüyü şəraitdə öz üzvləri üçün zəmanətli qiymətlər tətbiq edirlər. Hazırda bu ölkənin heyvandarlıq kompleksində 8 nəhəng kompaniyadan 6-ı məhz kooperativlərdir. Onların payına ət və süd satışının təxminən üçdə ikisi düşür. Öz növbəsində, ölkədə süd istehsalı ilə 25 000 ferma məşğuldur. Istehsal olunan südün demək olar, hamısı emal zavodlarına satılır. Niderlandda kiçik və iri ölçülü 13 şirkətə məxsus 55 süd emalı zavodu fəaliyyət göstərir. Həmin zavodların 41-i məhz kənd təsərrüfatı kooperativlərinə məxsusdur. Eyni zamanda, ölkədə bütün süd emalının 80%-i məhz iki aqrar kooperativin (“Campina” və “Koninklicke Friesland Foods” kooperativləri) hesabına təmin olunur. Bu ölkədə kooperativlər süd bazarındakı rəqabətdə uduzmamaq üçün məhsulun keyfiyyətilə yanaşı, onun maya dəyərini aşağı salmağı çalışırlar. Odur ki, süd emalı kooperativləri yeni texnologiyaların tətbiqi məqsədilə fermalara maddi dəstək proqramları həyata keçirirlər.

Rövşən Ağayev

Şərhlər
ELvin tərəfindən 17-02-2016 05:33:53 tarixində yazıldı
ferme
Beli tamamile dogrudur,yeyib batirdilar olkeni,adi taxilinda istehlakinda qazaxstandan asili duruma donmushuk,olkeni erebler kimi idare elediler ele bil ki bizde sehrada yashayiriq munbit torpaqlarimiz yoxdu kend teserrufati mallarin xaricden alaq,kendciye destek adi altinda milyardlari goye sovurdular ama indi aci heqiqetle bash basha qaliblar,axirda bashlarin goturub qacaqlar,yaziq xalqi en azi 20 il dala atdilar...
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 10:30



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com