Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2016
16:49
Əmək haqqından vergi necə tutulacaq? - İZAHAT

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, bu ildən Azərbaycanda əmək haqqından və gəlirlərdən vergi tutulması qaydası dəyişib. İqtisadçı-ekspert Qalib  Toğrul bu dəyişikliklərin nədən ibarət olduğunu açıqlayır:

“Bu il yanvarın 1-dən etibarən, Vergi Məcəlləsinə edilmiş dəyişiklik nəticəsində Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri  2 500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri  30 000 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi  vergidən azad olunur.

Göründüyü kimi burda söhbət fiziki şəxsin əsas iş yerində muzdlu işlə əlaqədar əldə etdiyi gəlirdən, yəni, biz bildiyimiz əmək haqqıdan, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir gedir. Vergi Məcəlləsində muzdlu işlə əlaqədar əldə olunan gəlirlərfiziki şəxslərin gəlirlərinin bir istiqamətidir. Bugünkü yazıda ancaq əmək haqqıdan tutulan vergilər, bu sahədəki güzəşt və azadolmalardan bəhs edəcəyik.

Əmək haqqıdan vergi Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq  aşağıdakı cədvələ uyğun tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək

14 faiz

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

Qanunvericiliyin tələblərinə görə, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanaraq dövlət büdcəsinə ödənilir.

Bəs, aylıq əmək haqqının vergi tutulmalı olan məbləği hansı hallarda, hansı məbləğdə azaldılır?

1. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

- Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;

- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;

- müharibə əlillərinin;

- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);

- 1941—1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;

- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;

- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş  şəxslərin.

2. I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

3.Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:

- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri).

- 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri).

Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilirki, onlar təkrar nikaha girmiş olmasınlar;

- Əfqanıstana və döyüş əməliyyatları  aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;

- daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;

- məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. 

Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Bir xüsusi məqamı qeyd edimki, fiziki şəxsin yuxarıdakı 3 bənd üzrə 1-dən artıq güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.

4. Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır. Fiziki şəxslərin vergi  tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır. Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölüm halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.

Bəs, kimlər himayədə olanlara aid edilmirlər?

Vergi Məcəlləsinə görə:

- təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa);

- dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar);

- xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.

Vergi Məcəlləsində yazılır ki, əmək haqqından  tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və  yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Prezidentin müvafiq fərmanına görə, buradakı müvafiq icra hakimiyyəti orqanı Nazirlər Kabinetidir. Bu məsələlər Nazirlər Kabinetinin “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” 4 yanvar 2001-ci il tarixli, 4 saylı qərarı ilə tənzimlənir.

Qərara görə, güzəşt hüququnun tətbiqi üçün Azərbaycan Respublikasının Milli qəhrəmanları, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları- təltif edilmələri barədə vəsiqəni, müharibə əlilləri əlillik vəsiqəsini,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsini və rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışını təqdim etməlidirlər.

Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsini, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışını və Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin arayışlarını, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər - orden və medallarla təltif olunmaları haqqında vəsiqələri, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər isə - müharibə veteranı vəsiqəsini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışını və Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin arayışlarını iş yerlərinə verməlidirlər.

Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində, digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışlarını təqdim etməlidrlər.

I və II qrup əlillər (müharibə əlillərindən başqa) və ya sağlamlıq imkanları məhdud uşaqlar - rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışını və tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışını, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri) - rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışını və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışlarını, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respubli kasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) - rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hərbi hissənin arayışları və Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin arayışlarını, Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı, hərbi hissənin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin arayışları və Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin arayışlarını təqdim etməlidirlər.

Daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum - himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarını, ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışını, uşağın doğulması haqqında şəhadətnamənin surətini, birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışlarını və rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışını, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsini təqdim etməlidrlər.

Himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt isə ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışına və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlarına əsasən verilir”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 20:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com