Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Yanvar

2016
09:28
5044
Hökumətin maaşı artırması inflyasiyanı sürətləndirməyəcək ki?

Iqtisadiyyatın staqflyasiya təhlkəsi yaşadığı, iqtisadi fəallığın kəskin azaldığı dövrdə pul kütləsinin belə sərt məhdudlaşdırılmasının törədəcəyi fəsadlar bir ayrı müzakirənin mövzusudu. Amma pul təklifinin artımının sırf inflyasiya faktorunu fəallaşdırması baxımından bəzi məqamları qeyd etmək vacibdir.

Birincisi, Mərkəzi Bank iqtisadiyyatı tam pulsuzlaşdırıb. Son bir ildə pul kütləsinin həcmi 2 dəfəyədək azaldılıb. M2 pul aqreqatının (nağd pul kütləsi+ manatla müddətli və müddətsiz depozitlərin həcmi) Ümumi Daxili Məhsula nisbəti son 1 ildə 30%-dən 15%-ə qədər enib. Məlumat üçün deyim ki, uzunmüddətli iqtisadi tədqiqatların nəticəsinə görə, dayanıqlı və genişlənən, böhran meyllərindən uzaq iqtisadiyyatlarda geniş pul kütləsinin ÜDM-ə nisbəti üçün minimum yol verilən hədd 50%, normal hədd 70% sayılır (hərçənd ki, 120-130% təşkil edən yüksək inkişafı olan iqtisadiyyatlar da var).

Azərbaycanda hazırkı şəraitdə inflyasiyanı yaradan əsas səbəb klassik anlamda rastlaşdığımız Mərkəzi Bankın çap maşınının işləməsi deyil. Əksinə, yuxarıda qeyd etdim ki, qiymətlərin 45-50% bahalandığı son bir ayda pul kütləsinin həcmi 2014-cü ilin sonlarına nisbətən 2 dəfədən çox azalmışdı. Yəni iqtisadiyyatın kəskin pul defisiti yaşadığı bir şəraitdə gündəlik tələbat malları səbətinin ikirəqəmli inflyasiyası baş verir. Bu, xammal bazarlarında qiymət şokunun yaşandığı mərhələdə daxili bazarı idxaldan, milli valyutasının sabitliyi və büdcə imkanları xammal ixracından kəskin asılı olan iqtisadiyyatlar üçün xarakterik olan fenomendir. Yəni hökumətin tənzimləmə gücü valyuta bazarının və tədiyyə balansının sabitləşdirilməsinə yönəldilməlidir – inflyasiya ilə mübarizə yolu budur. Əks halda hətta pul kütləsinin ÜDM-də payının 10%-ə endiyi şəraitdə belə gündəlik istehlak məhsullarının bahalanması qaçılmazdır.

Ikinicisi, şübhəsiz ki, pul kütləsinin artımının inflyasiya törədici effekti qaçılmazdır. Lakin bu aztəminatlı insanların gəlirlərinin alıcılıq qabiliyyətinin artırılması üçün hökuməti indeksasiya tədbirlərindən qaçmağa əsas vermir. Əgər kəskin qiymət artımı şəraitində gəlirlər yerində sayırsa, bunun qısamüddətli dövrdə çox ağır sosial, bir müddət sonra isə siyasi nəticələri qaçılmazdır. Hökumət istənilən şəraitdə insanların gəlirlərini minimum yaşayış standartlarına uyğunlaşdırmaq öhdəliyi daşıyır.

Üçüncüsü, hazırkı strukturu və istehsal potensialı Azərbaycan iqtisadiyyatının yüksək pul yaratmaq qabiliyyətini təmin etmiş olsaydı, pul təklifinin artımı inflyasiya doğurmazdı. Bunun sadə izahı nədir? Mərkəzi Bankın çap etdiyi hər manatı sonradan bank sektorunun vasitəçiliyi ilə milli iqtisadiyyat ən azı 5-6 manata çevirməlidir. Məsələn, bank sektorunun kredit verdiyi vəsait dəyər yaradan sektorlara yönəlirsə və bu yeni yaranan dəyər xidmət və məhsul şəkilində pula satılaraq yenidən depozit formasında banka qayıdırsa və bank yenidən həmin vəsaiti başqa bir dəyər yaradan sahibkara kredit kimi verirsə, 1 manatı, əlbəttə, il ərzində 5-6 manata çevirmək mümkün olacaq. Yox, iqtisadiyyat hökumətin satdığı xammal dollarını manata çevirib dövriyyəyə buraxacaqsa və həmin pullar ölkədə sahibkarların yeni məhsul (xidmət) yaratmasına deyil, əcnəbi sahibkarın mənfəət əldə etməsinə (yəni idxala) gedirsə, əlbəttə, pul kütləsinin artımı inflyasiyanı stimullaşdıracaq. Buna iqtisadi nəzərəyyədə pul multiplikatoru deyirlər – pulun pul yaratmaq qabiliyyəti, gerçəkdə isə milli iqtisadiyyatın pul yaratmaq potensialı. Əgər iqtisadiyyatın “istehsal maşını” çalışmırsa, həmin ölkədə yalnız Mərkəzi Bankın çap maşını çalışacaq.

Məsələn, hazırda ABŞ-da FED-in kəsdiyi hər dollar 6-7 dollar, Rusiyada emissiya olunan hər rubl 3-3.5 rubl, dövriyyə buraxılan hər gürcü larsi 2.0-2.5 lari əlavə pul yaradır. Bəs Azərbaycan manatı – Mərkəzi Bankın çap etdiyi hər manat cəmi 30 qəpik yaradır. Bu, bizim iqtisadiyyatmızın nə qədər zəif potensiallı, idxaldan kritik asılılıq səviyyəsini, iqtisadiyyatın şaxələnmə səviyyəsinin kritik dərəcədə aşağı olmasını nümayiş etdirən olduqca aşkar göstəricidi. Pul kütkəsinin ÜDM-ə nisbətinin 70-80% ölkədə inflyasiyanın səviyyəsi 1-2%-i ötmədiyi (hətta Yaponiya və Avropa son 2-3 ildə deflyasiya riski ilə üzləşmişdi) halda bizim kimi 15% göstəricisi olan ölkədə ikirəqəmli inflyasiyanın əsas səbəbini bax bu yanaşmada axtarmaq lazımdır.

Bir sözlə, yüksək inflyasiyanı stimullaşdıran əsas problem pul təklifinin artması deyil, pul yaradan iqtisadiyyatın olmamasıdır. Yuxarıda qeyd etdiyim fikri bir daha təkrarlayıram: Mərkəzi Bankın çap maşını məhz iqtisadiyyatın pul yaratmaq qabiliyyəti olmayanda işə düşür və inflyasiya da o zaman qaçılmaz olur. Amma pulu iqtisadiyyat “istehsal” edəndə inflyasiya hökumət üçün qayğıya və riskə çevrilmir.

Qısası, maaş və pensiayaları qiymət artımına uyğun indeksləşdirməyən hökumət inflyasiyanı baiskar çıxarır. Lakin inflyasiyanı öz potensialı içərisində əridən iqtisadiyyatı formalaşdırmaq məsuliyyətinin birbaşa hökumətə aid olduğunu heç kəs unutmamalıdır və iqtisadi təhlillə məşğul olanlar ona hər gün xatırlatmalıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
102

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1710

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
268

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1168

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
336
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 15:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru