Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2015
11:06
174
`Ərbəin` - həqiqətin aydınlaşdığı gün

İmam yolu

Bağışlayan və Mehriban Allahın adıyla başlayıram. Kərbəla çölündə Aşura günü baş verən faciəni daha yaxşı dərk etmək və anlamaq üçün, fikrimcə İslam dininin meydana gəldiyi vaxta və yerə, Peyğəmbərimizin ilk peyğımbərlik zamanına və məkanına, ümumilikdə Ərəbistanın Besət dövründəki vəziyyətinə diqqət yetirmək lazımdı. İstənilən hadisəni dəqiq və geniş təhlil etməkdən ötrü onu daha əhatəli müzakirə etmək zəruridir, məhz o dövrdən başlanan təhlil İmam Hüseyn hərəkatının həqiqətlərinin tam olaraq üzə çıxmasına, yanlış fikirlərin kənara atılmasına köməkçi ola bilər. Çünki Kərbəla hadisəsinin haqq və batil arasında olan mücadilə  olduğunu sübuta yetirmək, İmam Hüseynin dinin,  bəşəriyyətin qorunmasına görə vuruşduğunu bəlli etmək üçün, mütləq Ərəbistanın Besət dövrünə qayıtmaq lazımdı. İnsanlara çatdırmaq lazımdi ki, o dövrdə  dinin meydana gəlməsi, onun möhkəmlənməsi hansı çətinliklərlə yaranmışdı, təbii ki, Yezid kimi din adı altında İslamı məhvə  aparan adamla,  həmin dini qorumaq  ilahi vəzifəsi olan İmam Hüseyn mücadilə etməliydi, çünki din bəşəriyyətin səadət yoludur,  Hüseyn dini qorumaqla əslində bəşəriyyətin səadət yolunu, bütövlükdə bəşəriyyəti qorumuş oldu, çünki bəşəriyyət səadətə çatmaq üçün var olub.

Beləliklə Ərəbistanda Besət dövrü

haqda çox qısa şəkildə söz açmadan öncə onu qeyd edim ki, bu dəfə Allah öz yeni böyük peyğəmbərini və sonuncu şəriətini dünyanın ən cahil və vəhşi insanları arasına göndərdi, daha dəqiq desək sonuncu peyğəmbərini belə insanların arasından seçdi, sonuncu şəriətini və səmavi kitabını da ilk olaraq onlara göndərdi. Cansız tanrılara ibadət edən, cahil və vəhşi lakin ədəbiyyat - şersevər insanlar üçün sonuncu səmavi kitab əsl möcüzə idi. Lakin bununla belə onlar çox çətinliklə İslam dinini qəbul etdilər, çoxlu inadkarlıq göstərdilər, çünki xalqa rəhbərlik edənlər yeni dinin haqq olduğunu bilsələr də bu onların maddı mənfəətinə ciddi təhlükə idi. Bu cahil və vəhşi insanların bu xüsusiyyətlərini sübut etmək üçün təkcə bir məşhur misalı çəkmək kifayət edər, belə ki, onlar öz analarının da bir vaxtlar kiminsə qız övladı olduğunu unudub, qız övladlarına nifrət edirdilər, öz qız balalarını diri-diri basdırırdılar və bunu bir şücaət və “kişilik” sanırdılar.  Onlar cahildilər çünki  dərk etmirdilər ki, onlar da vaxtıyla bir qız uşağı olan anadan dünyaya gəliblər və bugünün qızları, sabahın anaları vasitəsilə insanlıq davam tapır, vəhşi idilər, çünki balaca uşağı diri-diri dəfn edirdilər. Bax belə insanlar arasında İslam Peyğəmbəri gətirdiyi dini təbliğ etməyə başladı, allahlara itaət edən cahil və vəhşi insanları təkallahlılığa, elmə, əxlaqa dəvət etmək, övladını diri-diri basdıranları övlada sonsuz məhəbbət bəsləməyə səsləməyin çətinliyini dərk etmək asandır.  Peyğəmbərin Allah tərəfindən qız övladı ilə müjdələnməsində, Fatimeyi Zəhranın  övladlarının vasitəsilə nəslinin davam tapmasında da böyük bir ibrət var.Allah öz elçisinə də qız övladı bəxş etdi ...

İslamın yayılması

bu ilahi nurun, nicat yolunun insanlara çatdırılması çox çətin şəraitdə, min əzab əziyyətlə Peyğəmbərin və onu az saylı tərəfdarlarının vasitəsilə baş verdi. İslam dininin tanıtdırılması, yayılması, inkişaf etdirilməsi yüzlərlə inanclı insanın şəhadətə yetməsi, zindanlara atılması,  ac-susuz qalması, evindən-eşiyindən didərgin düşməsi, mal-dövlətinin əlindən çıxması hesabına baş verdi. İslamı qəbul etdiyinə görə valideynlərinin öz gözü qarşısında qətlə yetirilməsinə yana-yana dözən Əmmar Yasirin, vaxtıylə Məkkənin ən varlı insanlarından olan Xədiceyi Kubranın müsəlmalığa görə öz yurd-yuvasından qovulanlarla birgə  Əbu Talib dərəsində ac-susuz qalması,  müsəlmanların öz vətənlərindən məcbur olub hicrət etmələri hesabına İslam dini yayıldı, təbliğ oldu, ayaq tutdu. Nəhayət Peyğəmbər özü də Məkkədən hicrət edib Mədinədə ilahi, dini dövlətini qurdu,  İslam Xilafəti İslam dininin din və dövlətçilik müddəaları əsasında, Peyğəmbərin özü tərəfindən quruldu, bu dinin həm möhkəmlənməsi, həm də inkişafı üçün çox önəmli bir addım idi. Bununla artıq İslam dinin aradan getməsi təhlükəsi azalmışdı, dinin əməli olaraq inkşafı üçün daha geniş imkan var idi. İslam Xilafəti İslam qanunları ilə idarə olunan bir dövlət idi, bununla da Peyğəmbər İslam dinin tam olaraq  nümunə göstərə bilirdi, İslam Xilafəti bir İslam nümunəsi idi.

Peyğəmbərin vəfatı və bununlada yaranan ciddi böhran

gözlənilən idi, Peyğəmbər özü də bu təhlükəni hiss edirdi və qabaqlayıcı tədbirlər görürdü, amma çox təəssüf ki, İslamın gücünü təşkil edən adi və sadə müsəlmanlar məsələni əhəmiyyətini dərk etmədi. Təbiidir ki, o cür cahil və vəhşi insanlar bu qısa müddət ərzində İslam dinini qəbul etmişdilər, lakin onlar hər incəliyi, sabahla bağlı problemləri tam olaraq dərk edə bilmirdilər. Peyğəmbər müsəlmanlar arasında, hətta öz ətrafında olan ikiüzlü, riyakar, münafiq insanları, onların daxili xislətlərini tanısa da zahiri davranışlarına görə onları cəzalandıra bilmirdi, lakin bilirdi ki ilk fürsətdə bu insanlar dini və müsəlmanları öz mənfəətlərinə xatir istifadə etməyə hazırdılar. Ona görə də ancaq qabaqlayıcı tədbirlər görməkdən başqa heç nə edə bilmədi, bu qabaqlayıcı addımları isə dünənin cahil və nadan insanları tam olaraq dərk edə bilmədi, əhəmiyyətinə varmadı. Buna misal Qədir Xum hadisəsidir, bu hadisə  həm ilahi göstəriş, həm Quranın hökmü idi, Peyğəmbər bunu inslanlara çatdıranda minlərlə insan onun eşitdi, lakin zamanı çatanda bir neçə nəfərdən savayı heç kəs bu ilahi əmrə həyata keçirilməsinə dəstək vermədi, onlar Allahı da, Quranı da, Peyğəmbəri də, Əlini də sevirdilər, sadəcə məslənin əhəmiyyətini dərk edə bilmirdilər və bununla da Peyğəmbərin vəfatından sonra böhran başladı və məhz bu böhran müsəlmanların Qədir Xum hadisəsinə əhəmiyyət verməməsindən baş verdi, Qədir Xumda Peyğəmbərin söylədikləri həyata keçsəydi İslam və müsəlmanlar bu günə qədər davam edən böhranı yaşamayacaqdı.  Qədir Xum hadisəsi İslamın davamiyyət və qorunması demək idi, bu hadisə İslamın təkcə Qurani Kərim deyil həm də hədisdən ibarət olması, Quranla Peyğəmbər və onun pak Əhli-beytinin bərabər tutulması anlamındadır. Qədir Xum hadisəyilə Peyğəmbərimiz özündən sonrakı təkcə mənəvi rəhbərliyi deyil, həm də İslam Xilafətinin zahiri rəhbərliyini təyin etdi, bu imamət və məsum imamların ilahi yolla təyin olunması deməkdi. Qədir Xum hadisəsi Peyğəmbərdən sonra müsəlmanların himayəsi, dinin qorunması demək idi, məsum imamların vəzifəsi məhz budur,  imamların vəzifəsi İslamı  qorumaq olub, dini qorumaq dini gətirmək qədər əhəmiyyətli olub, imamlar məhz bu vəzifələrini, ilahi missiyalarını icra ediblər. Ona görə məsum imamların əməllrindən düzgün nəticə almaq üçün onların həyatını ayrı-ayrı deyil, bir uzun ömürlü insan həyatı kimi təsəvvür etmək lazımdı, o öz vəzifəsini bəzən xəlifələrin yanında olub onların əməllərini islah etməklə, bəzən cinayətkarla sülhə getməklə, bəzən qiyam etməklə, bəzən maarifləndirməylə, bəzən xəlifənin vəli-əhdi olmaqla, bəzən də qeybə çəkilmələ məcburən icra edib və dini qoruyub.

Raşidi Xəlifələr

dövründə İslam dinin qorunmasında İmam Əlinin nə qədər əhəmiyyətli rola malik olması heç kəsə sir deyil, dinimizi Peyğəmbərin vəfatından sonra yaranmış böhrandan çıxarmaq, qorumaq vəzivəsi bir İmam kimi Əli bin Əbu Talibin öhdəsindəydi və o özündən əvvəlki üç xəlifə vaxtı sırf İslamı qorumaq məqsədilə onların hərkətlərini islah etmək, bəzən onları qorumaq üçün əlindən gələni edirdi, məsələn üçüncü xəlifə Osmanı terrordan qorumaq üçün o öz övladları ilə bu işin qarşısını almağa çalışdı və bacardığını etdi, çünki Qədir Xum hadisəsi unudulsa da xəlifələr İslam xilafətinin başında dururdular və  zahirdə İslama riayət edirdilər,  Əli belə vəziyyətdə dini qoruyurdu, o ona qarşı olan haqsızlığa, Peyğəmbərin qızının qətlinə yan-yana susrdu, çünki İslam dini məhv olma və aradangetmə təhlükəsiylə üzləşə bilərdi. Əli əlindən gələni edirdi ki, İslam Xilafəti, bu din adına olan Peyğəmbər dövləti qorunsun, bununla da İslam qorunurdu, dinin qorunmasında Peyğəmbərin qurduğu xilafətin rolu əvəzsizdi, buna xatir də Əli  ona və Peyğəmbər ailəsinə olan hörmətsizlik və cinayətə dözürdü. Əli nəhayət uzun illərdən sonra haqqı özünə qayıdandan da, Xəlifə olanda da əsas hədəf İslamın qorunması olduğu üçün bu yolda çox səbr etdi. Çünki İslam düşmənləri Peyğəmbərdən sonra da İslam dinini yer üzündən bir dəfəlik silmək istəyirdilər, İslamın dünyada sürətlə yayılması, təkallahlıların çoxalması bütün dövr və zamanlarda əks tərəfin düşmənçiliyinə səbəb olub. Raşidi xəlifələrinə qısa müddət xilafətə rəhbərlik edən Həsən bin Əlini də əlavə etmək gərəkliyi var. O xilafətdə qısa zamanda oldu, hiylə nəticəsində vəziyyət elə gətirdi ki İmam Əli zamanından özünü xəlifə elan edən və İslam xilafətinə tabe olmayan Əməvilər sülasinin  nümayəndəsi Əbu Sufyanın oğlu Müaviyə ilə sülh edib müvəqqəti olaraq xilafəti ona həvalə etdi, bu sülhə məcbur olan İmam Həsənin hədəfi dinin qorunması idi, çünki bu həssas zamanda  dini qorumağın yegnə yolu bu idi. Bununla da artıq Aşuraya çatdıq çünki bu sülh müqaviləsi Aşura qiyamının başlanğıcı idi. Əslində İmam Həsənin Müaviyə cəsusları tərəfindən zəhərlənərək qətlə yetirilməsinin bir səbəbi də onun qiyama hazırlaşması idi, sadəcə Müaviyənin də zahirdə islami davranış və rəftarlara riayət etməsi bu qiyamın vaxdını uzadırdı, çünki əsl simasını gizlədirdi və üzə çıxarmırdı, o bilirdi ki bir gün səhv edəcək və İmam Həsən bu səhvini dünyaya elan edib onun yalançı və İslam donuna bürünərək İslam düşməni olduğunu, İslam Xilafətini qəsb etdiyini müəlmanlara elan edib ona qarşı qiyam edəcək, çünki din xətərdə olanda məsum imam öz tərəfdarları ilə canında verəcək, İslamı xilas edəcəkdi.

İmam Həsənin sülhündən Yezidin xilafətinə qədər

baş verən hadisələr tarixilik baxımından çox əhəmiyyət kəsb edir və İmam Hüseyn qiyamına aidiyyəti var, qeyd etdiyim kimi İmam Həsən Müaviyə ilə sülh etməklə müvəqqəti olaraq xilafəti ona tapşırdı, çünki o dövrdə Müaviyə ilə savaşa girib şəhadətə yetmək İslamın sonu olacaqdı, Müaviyənin dinsizliyini, dinə düşmən olduğu sübut etmək  qeyri-mümkün həddə idi, Müaviyə hiyləgərliyi ilə buna nail olmuşdu, o özünü müsəlmanlar arasında Yezid qədər ifşa etdirməmişdi. Müaviyə dinə zahirdə riayət edirdi, bunsuz məhv olacağını bilirdi, Yezid isə artıq İslama zahirdə belə riayət etməyə ehtiyac görmürdü, çünki artıq özünü yenilməz qüdrət sayırdı. Odur ki əslində Müaviyə İmam Həsənlə sülhə imza atmaqla məğlub oldu, çünki o  zaman o az və satqın tərəfdarları ilə qalan İmam Həsənlə sülh bağlamayıb müharibə etsəydi bəlkə də əsl niyyəti oan Muhəmmədin dininin məhv olmasına nail ola bilərdi. Amma bu baş vermədi İmam Həsənlə sülhə razılıq verən Müaviyə  bu sülh müqaviləsi ilə Ali Əbusüfyanın sonunun başlanğıcına imza atdı. İmam Həsən isə özünü və saf tərəfdarlarını yenidən bir araya gətirmək üçün bu sülh müqaviləsiylə fürsət qazanmış oldu. Sülh müqaviləsindən sonra İmam Həsən Mədinəyə qayıdır, özünü və tərəfdarlarını toparlayır, İslam Xilafətini, dini xilas etməkdən ötrü Müaviyəylə qiyama hazırlaşırdı, eyni zamanda baxmayaraq ki Müaviyə elə ilk günlərdən sülh müqaviləsinin şərtlərini pozmuşdu, İmam müqaviləyə riayət edirdi, həm də Müaviyənin iç üzünün açılmasını gözləyirdi ki planlaşdırdığı haqq qiyamı həyata keçirsin,  Müaviyənin dəfələrlə Mədinəyə İmam Həsənə göndərdiyi məktublar da bunu sübut edir, çünki Müaviyə bu məktublarda İmamı sülhə riayət etməyə və qiyama cəhd göstərməməyə çağırırdı, nəhayət sülh müqaviləsi bitməsinə az zaman qalmış Müaviyənin cəsusları İmamın həyat yoldaşını aldadaraq onun əliylə Həzrəti zəhərləyərək şəhid etməyə nail olurlar. İmam Həsən şəhid olur, Müaviyə indi də İmam Hüseyn kabusunu yaşayır, ədalət tərəfdarları həmişə zülmkarların kabusuna çevrilib, yuxularını ərşə çəkib, rahatlıqlarını pozub. İmam Həsənin işini İmam Hüseyn davam elətdirir, tarixdə var ki Müaviyə İmam Həsənin şəhadətindən sonra Yezidi özünə vəli-əhd yəni özündən sonra xəlifə təyin edir və qorxduğu üç adamdan: Ömərin oğlu Abdullah, Zübeyrin oğlu Abdullah və Əlinin oğlu Hseyndən Yezidin vəli-əhdliyi üçün kütlə qarısında qılınc və zor gücünə beyət alır, Müaviyə xilafəti İmam Həsənə o yoxdusa İmam Hüseynə qaytarmaq barədə olan sülh müqaviləsinə riayət etməyib oğlu Yezidi özündən sonra İslam Xilafətinin başında görmək istəyir. Müaviyə ölənə qədər zahirdə, davranışlarında İslama və xəlifəyə layiq görüntülü hərəkətlər edirdi və tam olaraq  İslamı məhv etmək niyyətini üzə çıxara bilmirdi, çünki o da yaxşı bilirdi ki məsumların vəzifəsi dini qorumaqdır və o həddini aşmasıyla məhv ola bilər. Müaviyənin vaxtında dinə, Quranın hökmlərinə, Peyğəmbər və onun Əhli-beytinə  böyük təzyiqlər var idi, lakin dinin ardan gedib, məhv olma xətəri az idi, çünki Müaviyə özü dini qorumağa məcbur idi. Dövran beləcə keçir, Müaviyə öz çirkin niyyətlərinə çatmadan atası Əbu Süfyan kimi İslamı məhv edə bilməyib arzusu ürəyindəcə dünyadan gedir, Xilafət onun vəli-əhdi Yezidə çatır, lakin Yezid xəlifəliyini leqalaşdırmaq üçün tanınmış adamlar ona aşkarda beyət eləməlidi, vəli-əhdlik üçün edilən beyət xəlifəlik üçün kifayət etmirdi.  Yenə də tanınmış üç nəfər onun qarşısında xilafətə gedən yolu bağlayır, ancaq onlardan birini dünyala aldatmaq asandı, Abdullah bin Ömər elə sonradan bu yolla da Yezidlə razılaşır, Abdullah bin Zübeyri də hər nə cürsə susdurmaq, qətlə yetirmək asandı və onun qətli cəmiyyətdə heç bir qeyri-adi səsküyə səbəb olmayacaqdı, amma Hüseyn bin Əli ciddi maneədir.

Yezid kimdir

bu suala cavab tapmaq o qədər də çətin deyil, Yezid nə babası Əbu Süfyan, nə nənəsi Hində, nə atası Müaviyə qədər zahirdə olsa dinə riayət etmirdi, o bunu lazım bilmirdi, o elə zənn edirdi ki, artıq atası kimi zahirdə və davranışlarda dinə riayət etməyə ehtiyac yoxdur, çünki artıq xilafət tam olaraq mənimsənilib və Əməvilərdən kənara çıxmayacaq. Odur ki aşkara dində haram sayılan əməlləri dinin başında dura-dura həyata keçirirdi. Məsələn o aşkarda İslamda haram buyurulan əməllərdən, əxlaqsızlıqla öz sarayında aşkar məşğul olur, hamının haram bildiyi zina əməlini etməkdən çəkinmir, sarayda padşahlar kimi açıq aşkar kef məclisləri təşkil edir, aşkara qumar oynayır, şərab içir və sair əməllərə sahib olurdu. Ən əsası isə bunu gizlində etmirdi aşkarda, saray adamlarının, saraya gələn qonaqların, müsəlmanların gözü qarşısında edirdi. Müaviyə sağlığında Yezidin bu əməllərinin aşkarda olmasının qarşısnı alırdı və bunun acı nəticələri ola biləcəyini Yezidə xatırladırdı, Yezidsə gənc və sərməst bir insan olduğundan bunlara inanmırdı Müaviyə öləndən sonra isə Yezidin hərəkətlərinin həddi olmadı və əməlləri sürətlə Xilafət daxilinə yayıldı. Yezid babası və atası kimi münafiqliklə yanaşı aşkarda fəsad da edir, bu isə onun çirkin niyyətli olduğunu aşkar edirdi. Yezidin nigarançılığı qeyd etdiyim üç adamdan əsasəndə İmam Hüseyndən idi, çünki Yezid yaxşı bilirdi ki, İmam Həsənlə sülh müqaviləsini pozublar, hətta İmam Həsən özü qiyam etmək istəyirdi, odur ki ilk işi İmam Hüseyndən öz xilafətinin təsdiqinə beyət almaq idi, ona görə də Müaviyə ölən kimi onun ölüm xəbərini gizlədib, öz nümayəndəsi ilə ilk olaraq İmam Hüseyndən beyət almağı  tələb edir. Bu tarixi bir faktdır ki, Müaviyənin ölüm xəbərinin gizlədilməsini və Müaviyənin artıq öldüyünü elan olunmamışdan öncə İmam Hüseyn Mədinədə olarkən Abdullah bin Zübeyrə bu xəbəri söyləyir.  Mədinə valisi Yezidin göstərişi ilə Müaviyənin ölüm xəbərini Hüseynə çatdırmalı və ondan Yezid üçün beyət almalı idi, əks təqdirdə Hüseyn bin Əli valilikdə qətlə yetirilməli idi. Bəli, Yezid validən əgər beyətdən boyun qaçırsa İmam Hüseyni qətlə yetirmək əmrini vermişdi. İndiyə qədər məsumların qətlinə gizli və dolayısı yolla əmr olunurdusa bu dəfə və ilk dəfə Yezid - İslam Xilafətini qəsb edib başında oturan şəxs aşkar şəkildə Peyğəmbərin nəvəsinin qətlinə fərman verən ilk və son xəlifə idi. İmam Beyət etmədi, vali hər nə qədr cinayətkar olsa da İmamı öldürmək kimi ağır fəsadı yerinə yetirmədi, əlbəttə burda İmam ilə gələn və kənarda onu gözləyən silahlı Bəni Haşım tərəfdarlarının da rolu oldu, qiyam isə başladı, həmin gecədən qiyam başladı.

Başlandı

əslində İmam Mədinə valiliyinə dəvət olunandan vəziyyəti anlamışdı və artıq müqəddiməsi İmam Həsənin sülhüylə başlanan dinin xilası qiyamı başlandı. Çünki İmam Yezidin kimliyini yaxşı bilirdi və Müaviyənin ölümüylə onun aşkar fəsadlarının artmasından da xəbərdar idi, artıq Yezidin əməllərinə çəki-düzən verən atası yox idi, İslam Xilafətinin başında belə bir aşkara dinə riayət etməyən şəxsin oturması dini xətərə salırdı, onun aşkar fəsadları ilə nəinki əcnəbilər heç müsəlmanlar da dinə hörmət etməyəcəkdi, dinin başda duran zahiri rəhbərliyi, Peyğəmbərin yerində oturan şəxs aşkara dinə riayət etmirsə sadə insanlar ona heç riayət etməyəcəkdi və din bununla da aradan getmə təhlüksəiylə üz-üzəydi. O çətin Besət dövründə min bir əziyyətlə ortaya çıxan, yayılan İslam dini artıq xətərdə idi, minlərlə insanın əzab-əziyyəti, qanı bahasına yayılan İslamı qorumaq imamın vəzifəsidir, bu dəfə bu vəzifəni icra etmək üçün yeganə yol İslam Xilafətinin başında duran dinsiz şəxsi ordan uzaqladırmaqla həyata keçə bilər, beləki, ya Yezid İslam Xilafətindən uzaqlamaqla din qorunacaq, ya da bütün müsəlmanlar bilməlidir ki Yezid müsəlmanlığa və dinə ləkədir, onun oturduğu kürsü artıq İslam Xilafəti deyil əslində saxta din pərdəsinə bürünmüş ərəb xilafətidir, İmam, Yezidi əzl edə bilməyəcəyi təqdirdə bütün dünyaya İslam Xilafətinin Müvaiyəyə qədər olması və ondan sonra  Müaviyə tərəfindən işğal olunaraq Ərəb xilafətinə çevrilməsini tanıtdırmalıdır. Odur ki İmam qiyam edir dini qorumaq üçün Yezidi ya taxtından salmalı ya da onun xilafətinin İslamdan ayrı olduğunu süubuta yetirməli və İslam xilafətinin raşidi xəlifələrdən sonra  Əməvilər sülaləsi tərəfindən işğal olunduğunu sübut etməklə dini xilas etməlidir bu onun ilahi vəzifəsidir, odur ki uzun illərdən bəri hazırlanan dinin xilası qiyamını başlayaraq İmam zalıma hücum edir.

Kufə camaatının dəvəti

əslində İmam Hüseyn qiyamın əsasını təşkil etməsə də,  hadisələrin gedişatına təsirsiz qalmadı. Qiyam edən şəxs onu dəvət edən və ondan müdafiə edəcəklərini söz verən inandığı insanların dəvətinə təbiiki müsbət cvab verməlidir,  kufəlilər də məhz qiyama başlamış İmam Hüseyni belə dəvət edirdilər, Kufə İmam Hüseynə doğma idi, İmam Əlinin xəlifəliyi dövründə İslam Xilafətinin paytaxtı hərbi və digər strateji əhəmiyyətinə görə  Kufə olmuşdu, orada Peyğəmbər övladlarının tərəfdarları çox idi, İmam təbii ki bu dəvətə müsbət cavab verib Mədinədən Məkkəyə üz tutmuş qiyam karvanının istiqamətini Məkkədən Kufəyə tutmalıydı, çünki Məkkədə qiyam üçün münbit şərait yox idi hər yerdə Yezid tərəfdarlaır olan cəlladlar İmamı terror etmək təhlükəsi var idi, çünki Yezid bu qiyamı baştutmamış, nəticəyə çatmamış boğmaq istəyiridi, İmam isə əksinə qiyamın qələbə ilə nəticələnməsinə nail olmalıydı hətta bu özünün və əzizlərinin qətli və faciəsi bahasına olsa da belə çünki, dini qorumaq üçün ya Yezid xilafətdən getməli ya da özü də tutduğu postunun da İslamdan kənarlığı ifşa olunmalıydı.  İmam kufəlilərin dəvətinə müsbət cavab versə də ora elçilər göndərdi və vəziyyyətin müsbət olduğu xəbərini alandan sonra daha qətiyyətlə  Kufəyə tərəf istiqamət götürdü lakin elçilərinin İmama yazılan məktubdan sonra başlarına nə müsibət gəldiyini artıq Kufə yolunda bildi. Amma istənilən halda İmamın istiqamətini dəyişməməsi onu göstərir ki onun qabaqcadan hazırladığı qiyam planının icra yeri elə İraq istiqaməti idi, çünki İmam əvvvəla Kufəlilərin dəvətindən öncə də o istiqaməti planlaşdırırdı, və kufəlilərin vəfasızlığından və dönüklüyündən xəbərdar olandan sonra da yenə istiqamətini dəyişmədi, bu sirdimi, hikmətdimi bəlli deyil, tarix üçün isə bəlkə də hələ də açılmayan bir səhifədir.  Ancaq bir fakt faktlığında qalır ki İmam kufəlilərin vədələrinə əməl etməyib, onun elçilərinin qətlə yetirilməsindən xəbərdar olandan sonra artıq dəqiq bilirdi ki Yezidi taxtdan salmaq çətin olacaq, yalnız bir seçim qalır onu ifşa etməklə İslam xilafətini əməvi hakimiyyətindən ayırmaqla dinin qorumaq, insanlar bilməliydilər ki İmam Əli və İmam Həsəndən sonra İslam xilafəti Əməvilər tərəfindən işğal olunub və Yezidin, hətta atası Müaviyənin İslam xilafətinə bütövlükdə dinə heç bir aidiyyəti yoxdur, din İmam Həsəndən sonra xilafətdə təmsil olunmayıb və Peyğəmbərin qurduğu  İslam dövləti İmam Həsənin xəlifəliyinin sonuna qədər davam edib və dinin qorunması, müsəlmanlara mənəvi rəhbərlik və himayəsi Qədir Xumda ilahi göstərişlə Peyğəmbər tərəfindən təyin olunan Əli və onun övladlarının öhdəsindədir və dini onlar təmsil edir. İmam kufəlilərin vəfasızlığından sonra istiqamətini qeyd etdiyim kimi dəyişmədi lakin şəhadət və bu yolda çətinliklərin baş verəcəyini bilib öz tərəfdarlarını bundan agah edirdi, çünki belə ilahi missiyanın həyata keçməsində fədakarlıq edənlər son dərəcə azadlıqla bu yolu seçməliydilər, məhz əqidə və eşqlə atılan addımlar uğura və əbədiyyətə səbəb olur. Odur ki, İmam Məkkədən sonra öz karvanıyla gedərkən üç dəfə otraq etdi və hər dəfə öz tərəfdarlarını azad seçim qarısında qoydu, qənimət və dünya dalınca gələnlər ondan ayrılır, Kərbəla karvanında saflama prosesi gedirdi, Kərbəlaya saf din tərəfdarları çatdı, artıq Aşura gecəsi imamın bu çağırışında heç kəs onu tərk etmədi çünki, gedənlər getmişdi, qalanlarsa dini bu dünyadan üstün tutanlar idi.

İmam Hüseyn karvanında qadınlar və uşaqlar

həmişə araşdırmaçıların marağında olub və diqqəti cəlb edib, ümumiyyətlə isə bu məsələni diqqətlə araşdıranda görərik ki, bu karvana daxil olanları arasında sanki xüsusi bir seçim olub, İmam özüylə mübarizə yoldaşlarını tək-tək seçirdi desək məncə yanılmarıq, çünki bəzi şəxsiyyətinə şübhə etmədiyimiz insanların ona qoşulmasına mane olan İmam Hüseyn, ondan kənar qaçan insanları təkidlə özünə tərəf çağırırdı, eyni zamanda dəfələrlə onu tərk etmək istəyənlərə fürsət də verirdi, beləliklə Kərbəla qiyamının simaları arasında bir nəfərdə təsüdüfü, kor-koranə İmama dəstək verən adam qalmamışdı, hamısı ağıl, əqidə, azad şəkildə bu karvana qoşulmuşdular. Təbii ki belə də olmalıydı dini və bəşəriyyəti xilas edəcək insanların sırasında bir nəfər də olsun təsadüfü adam qalmamalıydı, bu onları əbədiləşdirən bir amildir. Bəllidir ki, İmamın yaxın və uzaq qohumları o cümlədən ailə üzvləri, qadınlar və uşaqlar da bu karvana daxil idilər, yuxarıda deyilənləri nəzərə alsaq deməli İmam öz qadın və uşaqlardan ibarət olan ailə üzvləri və qohumlarını da bu karvana təsadüfən daxil etməmişdi. Qiyama başlayan insan, hətta yarı yolda addığı addımın faciə ilə nəticələnəcəyini, hədəfə qanla çatacağını bildiyi halda qadın və uşaqları karvanda saxlayırsa deməli qadınlar və uşaqlarda bu qiyamın iştirakçısıdır və onların da öz missiyası var. İmam yaxşı bilirdi ki Yezid ya onu gizlincə terror etmək ya da kimsəsiz bir biyabanda qətlə yetirmək niyyətindədir, İmam gizlində qətlə yetirilmək istəmirdi və buna görə də Məkkədə Həcc əməllərini tamamlamayıb çıxdı, çünki Yezidin cəlladları İmamı Məkkədə terror etmək istəyirdi, İmam isə qiyam etmişdi bu qiyamın səssiz boğulması fürsətini Yezidə verməzdi, odur ki Məkkədən çıxdı, istiqamət Kufə idi, ümumiyyətlə isə qeyd etdiyim kimi İmamın qiyamının ünvanı İraq, Kufə istiamətləri idi,  hətta kufəlilər onu dəvət etməsəsydi belə, bir neçə il Kufədə yaşamaları, atası və qardaşının xəlifəlik dövründə Kufənin İslam Xilafətinin mərkəzi olması, orada çoxlu Əhli-beyt tərəfdarlarının olması ona bu yeri seçməyə sövq etmişdi, odur ki o kufəlilərin əhdinə vəfasız çıxdığlarını, dəvətdən sonra onun göndərdiyi elçilərə qarşı amansız rəftar etmələrini bildikdən sonra yenə istiqamətini dəyişmədi daha doğrusu Məkkədən Kufəyə tərəf istiqamət götürəndən sonra ona kufəlilərin dəvət məktubları çatdı, kufəyə çatmamış ona kufəlilərin dönüklüyü xəbəri çatdı, karvanın istiqaməti isə dəyişmədi, elə Kufə olaraq qaldı. Təbii ki, Yezid hadisəni yəni İmamın qətlinin səssiz keçməsini və cəmiyyətin bundan gec və üstündən bir qədər keçmiş xəbər tutmasını istəyirdi, üstəlik qatillərində gizli qalması və ya hakimiyyətə aid olmaması planını cızmışdı. Ancaq İmam Hüseyn qiyam edirdi o istənilən halda hədəfə çatmalı idi, bu dəfə dini qorumaq üçün Yezid ifşa olunmalıydı və bununada Yezid dinə heç bir dəxli olmadığı hamıya elan olunmalıydı, hədəf bu idi onunçun İmam lazım olduğu təqdirdə öz canından keçməyə, əzizlərinin müsibətinə də razı idi, təbii ki Yezidin İmam Hüseyn və tərəfdarlarını kimsəszi bir biyabanda, heç adi ticarət karvanlarının da yol almadığı bir səhrada qətlə yetirməklə yenə də bu hadisəni səssiz qalmasına çalışırdı, İmam Neynəva çölündəki bu səssiz baş verən hadisənin dünyaya, müsəlmanlara çatdırılması üçün qabaqcadan tədbir görmüşdü, bu karvandakı qadınlar və uşaqlar idi, müsibətin şahidi və zülmün tərəf müqabili olaraq karvandakı qadın və uşaqlar xüsusilə İmamın bacısı Əli və Fatimə ailəsinin üzvü Xanım Zeynəb İmam Hüseyn qətlə yetiriləndən sonra öz xəstə qardaşı oğlu İmam Səccadla birgə bu müsibət karvanına rəhbərlik etdi, karvanın sağ qalan qadın və uşaqları, bir də xəstə İmam Səccadla Aşura həqiqətlərini dünyaya çatdırmaq karvanda olan qadın və uşaqların bu qiyamdakı rolu və missiyası idi.

Yezidin ifşası

bu qiyamın hədəfə çatması üçün çox mühüm idi, İmam aşkarda fəsad əhli olan Yezid və tərəfdarlarına fürsət verməklə onları haqqa dəvət etməklə həm insanlıq və imamlıq borcunu yerinə yetirir və hər dəfə zalımlar İmama etiraz etməklə özlərini ifşa edir, çirkin niyytələrini bir daha büruzə verirdilər. Odur ki İmamın qiyam karvanını Kufə yaxınlığına çatanda qarşısı alındı və ona Kufəyə daxil olmağa icazə verilmədi, heç geri qayıtmağa da qoymadılar, qətlə də yetirmədilər, çünki Kufə yaxılığı bu planın həyata keçməsi üçün Kufəyə gedən karvanların yolunun üstü idi, xəbər tez yayıla bilərdə bundan əlavə müsəlmnlar Yezidin Peyğımbər ailəsini qətlə yetirməkdə günahlandırardı və dinsizliyi bir daha aşkar hamıya sübut olardı, odur ki İmamın karvanına yalnız bir istiqamətə - Neynəva biyabanına, Kərbəla çölünə getmək üçün koridor açıldı, Yezidin tərəfdarları bilmirdilər ki İmam buna da hazırdır və karvandakı qadın və uşaqlar məhz buna görə İmamla həmrahdılar, çünki o qiyam edir və qabaqcadan hər çətinliyə hazırlıqlıdır. İmam Kərbəlaya çatdı, Kərbəla çölünün çökəkliyində çadırlarını qurdu, bu qaydaların əksinə idi, çadırlar adətən belə vəziyyətdə hündürlükdə qurulmalıydı, məncə isə İmamın bu hərəkətinin iki səbəbi var idi, birincisi, İmam düşmən qoşununun onun qarşısını kəsib onu Kərbəlaya istiqamətləndirən min nəfərlə tamamlanmayacağını bilirdi, o bilirdi Yezid bura daha çox qoşun göndərəcək, əslində İmam da bunu istəyirdi, bu hadisə hər nə qədər çox adamın gözü qarşısında baş versəydi Yezid bir o qədər daha çox ifşa olacaqdı, hətta bu adamlar düşmən qoşunundan olsaydı belə, odur ki, İmam ailə və uşaqlarında olduğu çadırları çökəklikdə qurdurdu, istərmidi namərdlər mərd karvanında baş verənləri gözləriylə rahatca müşahidə edə bilələr, digər səbəb isə uşaqların qanlı meydanda baş verə biləcək səhnələri görməməsiydi, uşaqlar İmam qətlə yetiriləndən sonra cadırlara və eyni zamanda qadın və uşaqlara olan vəhşiliyi onsuzda görəcəkdilər. O Xanın Zeynəbə, yalnız ona döyüş meydanını izmələmk üçün xüsusi bir hündürlüyə çıxmağı məsləhət bilmişdi. Hər şey Yezidin dinsizliyini aşkar etmək üçün idi, dinsiz dinə rəhbər ola bilməzdi, Yezid xilafətdədisə deməli xilafət İslam Xilafəti deyil artıq. Odurki İmamın Yezid qoşunu ilə Aşuraya qədər apardığı dialoqu, onlara qadın və uşaqlara toxunmamağ tövsiyyəsi, İmam Hüseyn karvanının tamamilə içməli sudan məhrub edilməsinə yol verməmələrini dilə gətirməsi və Yezid tərəfdarlarını öz çirkin əməllərindən çəkinməsi çağırışları Yezidin anba-an dinsizliyi və fasidliyini aşkar edirdi. Onlar İmamın söylədikləriylə razılaşmadıqca kimlikləri, məqsədləri bəlli olurdu. İmam Hüseyn və tərəfdarlarının başına gətirilən müsibətdə Yezidin bir başa əli var idi, hər addım onula razılaşdılırdı, ancaq İmam Hüseyn və o şəhid olandan sonra Zeynəbi Kübra və İmam Səccad öz davranışları ilə Yezidin dinsizliyini, fasid və zalimlığını elə sübuta yetirdilər ki nəinki müsəlmanlar hətta bütün dünya anladı ki, artıq Xilafət İslam Xilafəti deyil Əməvilər tərəfindən qəsb olunmuş Ərəb Xilafətidir. Ona görə hətta tarix kitablarında belə Peyğəmbərdən sonra İmam Əli və İmam Həsənə qədər İslam Xilafəti Müaviyə və Yeziddən başlayaraq ərəb xilafəti adlanır, və xilafətin əleyhinə çıxmaq dinin əleyhinə çıxmaq sayılmır. Dünya Raşidi xəlifələrinə başqa münasiubət, onlardan sonrakı xəlifələrə fərqli münasibət bəsləmiş oldu, bu İmam Hüseyn qiyamınbın nəticəsiydi və dinin qorunması idi ki İmam Hüseyn özünün və əzizlərinin qanı və müsibəti bahasına buna nail oldu. Yezid o qədər ifşa oldu ki Şam da törətdiyi cinayətlərin hamısnı Kərbəladakı qoşunlarının komandanı Kufə və Bəsrə valisi Abdullah bin Ziyadın boynuna atdı,  İmam Hüseyn və tərəfdarlarına Xanım Zeynəbin və İmam Səccadın rəhbirliyi ilə tarixin ilk əzadarlıq mərasimin qurulmasına razılıq vermək məcburiyyətində qaldı, bunlar hamısı sonra olacaqdı.

Kərbəlada baş verənlər

isə bəşər tarixinin ən qanlı səhifəsi idi. Məhərrəm ayının ouncu günüdə - Aşurada İraqın Neynəva səhrasında, Kərbəla çölündə hələ misli görünməmiş bir faciə baş verdi, hadisənin qeyri-insani olması haqqında danışmazdan öncə onu qeyd etmək zəruridir ki, İmam Hüseyn karvanında sayı 80-nəfərə çatmayan qədər əli silah tutan insan var idi, bundan əlavə xəstə İmam Səccadla birgə 40 nəfərdən də yuxarı əli silah tutmayanlar - qadın və uşaqlar vardı. Düşmən tərəfin isə qoşunlarının sayı ən azı 10 min nəfər idi, amma buna baxmayaraq İmam Hüseyn tərəfdarları bir gün – səhər dan yeri söküləndən axşam üstünə qədər – gün batanadək müqvimət göstərdilər. İmam Hüseyn fədailərinin ilk şəhidi ilə son şəhidi  arasında gün çıxandan – gün batanadək zaman fasiləsi var idi. Günorta azanına qədər İmam Hüseynin yaxınlarından heç kəs döyüşə getməmişdi, Əhli beytin müsibəti günorta namazından sonra başladı, amma hər bir Kərbəla döyüşçüsü son dərəcə məharətlə döyüşür fədakarcasına şəhid olurdu. Bu günün əsas qəhramanı isə İmam Hüseyn idi o son dərəcə fədakarlıqla döyüşür, zülmkarların kabusuna çevrilir və hər dəfə də düşmənə Əlinin oğlu olduğunu sübut elətdirirdi. Bu hadisənin faciəvi hissəsi elə məhz İmam Hüseynin yaxınlarına olan zülmlərlə başladı, Yezid qoşunları xüsusi amansızlıqla İmamın oğlu Əli Əkbəri atdan yerə yıxılandan sonra tikə-tikə doğramaları, İmamın qardaşı İmam Həsənin iki kiçik yaşlı övladlarını Qasim və Abdullahı öldürmələri, nəhayət İmamın 6 aylıq körpə balasını vəhşicəsinə qətlə yetirmələri, faciəin başlanğıcı idi, zalımlar İmamın qohumların amansızlıq etməklə onlarla qeyri-insanı, vəhşicəsinə davranmaqla sanki ondan qisas alırdılar, çox amansız şəkildə İmamın özünə hucum edilməsi, diri-diri başının kəsilməsi, şəhid olanların cənazələrinin hamısından başlarını kəsərək niyzələrə taxması bu hadisənin faciəviliyindən xəbər verir bu gün İmam Hüseynə əza saxlayanlar məhz hadisənin bu məqamlarına diqqət yetirərərk əzadarlıq edir və ağlayırlar. Kərbəla hadisəsini adi döyüş müstəvisindən faciəyə çevirən bu məqamlardı, axı adi döyüşdə 6 aylıq, körpəni, 10-15 yaşlı yeniyetməni qətlə yetirmirlər, diri-diri insanın başını kəsmirlər, cənazələri qarət edib onları təkcə bir alt paltarıyla buraxıb, başlarını bədənlərindən ayırıb nizələrə taxıb şəhər-şəhər gəzdirmirlər, bu artıq döyüş deyil, faciədi, vəhşilikdi, qeyri-insani rəftardı. Bundan əlavə döyüşdən sonra şəhidlərin ailələrinə, uşaqlarına hücum edib, onları qarət etmək, əşyalarına, çadırlarına od vurmaq, onları əsir edib, əli-qolu zəncirli şəhər-şəhər gəzdirmək faciədir, bu sadaladığlarım Kərbəla hadisəsinə faciə, soyqrım statusu verir. Sanki İmam Hüseyn baş verəcək hadisələri qabaqcadan bilib, Yezid tərəfdarları ilə danışanda onları azad insan, mərdanə, kişi kimi rəftar etməyə çağırırdı, çox təssüüf ki onlar dinsiz olmaları ilə yanaşı nə mərd nə də azad insan deyildilər. İmam isə bütün bu faciəyə baxmayaraq öz yolunu getdi və qələbə çaldı, dini yaşatdı.

Teoloq, Namiq Babaxan

Kiyev, Ukrayna

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
555

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
765

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1485

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
165

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1756

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
793

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
224

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
192

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
233

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
196
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 01:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru