Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2015
12:14
376
Sürücüləri soyan avtosalonlar - ARAŞDIRMA

Paytaxtda avtomobilini təmir etdirmək istəyən sürücülər zəmanət adı altında avtoservislər tərəfindən aldadılır.

Adi bir avtomobil təmiri sexində mühərrikin yağını dəyişdirmək istəyən şəxs həmin yağa 45 manat, xidmət haqqına isə 10-15 manat ödədiyi halda, həmin yağdəyişmə prosesi avtoservislər tərəfindən 70-80 manata həyata keçirilir. Şübhəsiz ki bu da vətəndaşları narazı salır.

Şəhər sakini Fərman Kərimov da salondan avtomobilini zəmanətlə alsa da təmiri ona baha başa gəldiyini deyir. Onun sözlərinə görə, bir müddət əvvəl özünə 2 illik zəmanətlə xarici model avtomobil alıb. Lakin zəmanətin şərtləri hazırda onu heç də qane etmir: 

"Avtoservisdə avtomobilin cüzi bir detalını da dəyişdirmək çox bahadır. Maşını alarkən mənə mühərrikin yağını 5 min kilometr tamam olduğu zaman avtomobili satan şirkətin servisinə gedərək dəyişdirməyimi tapşırdılar. Mən də servis mütəxəssisindən: "kilometraj 5 mini keçsə, zəmanət əsasında yağı dəyişməyəksiniz?"sualıma, servisdən "dəyişdirilməyəcək" cavabı verildi. Bir məqam da odur ki, mən başqa bir məntəqədə avtomobilin hansısa detalını dəyişsəm zəmanət ləğv ediləcək. Servisdə təmir isə mənə sərf etmir. Çünki adi bir avtomobil təmiri sexində 400 manata başa gələn bir təmir işi, servisdə 800-900 manata görülür".

Şəhərdə baş çəkdiyimiz adi avtomobil təmiri məntəqələrinin ustaları da avtoservislərdə qiymətlərin baha olduğunu dedilər. Avtomobil təmiri ilə məşğul olan Zaur Məmmədov deyir ki, servisdə maşın təmir etdirənlər daha çox imkanlı təbəqənin nümayəndələridir:

"İmkanı yaxşı olan şəxslər də bilir ki, servislərdə qiymətlər daha yüksəkdir. İnsanların həmin servislərə üz tutmasına səbəb odur ki, həmin məntəqələr bizim iş yerimizdən daha təmizdir, səliqəlidir. Servislərdə sürücü maşını aparıb ustalara təhvil verir və avto servisin ona təklif etdiyi çayı içir.Həmin müddətdə isə avtomobil təmir edilir. Bizim isə elə bir imkanımız yoxdur. Ancaq düşünürəm ki, gördüyümüz işlər arasında fərq yoxdur. Qiymət isə sözsüz ki, nəzərə çarpacaq qədər fərqlidir".

Şəhərdəki adi avtoservis

Avtoservislərdə isə qiymətlərin baha olması ilə razılaşmırlar. Tanınmış avtoservislərdən birinin administarotoru deyir ki, onların təklif etdiyi qiymətlər o qədər də yüksək deyil:

"Biz bunu qəbul edirik ki, qiymət fərqi var. Ancaq bu sürücülərin dediyi qədər də çox deyil. Görülən işin biraz baha başa gəlməsinə gəlincə isə, ona səbəb də bizim ehtiyat hissələrimizin keyfiyyətinin üstün olması və görülən işə zəmanət verməyimizə görədir."

Yuxarıda sadaladığımız hallarda zəmanətin ləğv edilməsinə gəlincə rəhbər şəxs bildirdi ki, "biz bununla avtomobilə yad ustaların müdaxiləsininin qarşısını almaq məqsədi güdürük. Ona görə də sürücülər qarşısında belə bir şərt irəli sürürük".

Şəhərdəki avtoservislərdən biri

Hüquqşünas və yol hərəkəti qaydalarının şərhçisi Ərşad Hüseynov deyir ki, avtomobil satışı ilə məşğul olan salonlar bəzən öz mövqelərindən sui-istifadə edirlər. Onun sözlərinə görə, zəmanət müqaviləsində zəmanətin bütün şərtləri əks etdirilməli və sürücüyə izah olunmalıdır.

"Əgər şərtlər sürücünü qane etmirsə o, müqaviləni bağlamamalıdır. Zəmanətin hansı hallarda pozula biləcəyi dəqiq  göstərilməlidir. Əgər zəmanətin pozula biləcəyi hallar müqavilədə konkret şəkildə göstərilməyibsə, heç kim sürücüyə hansısa detalı dəyişdirdiyi üçün zəmanətin pozulduğunu deyə bilməz. Burada digər bir məsələ, zəmanət müqaviləsində hansısa xidməti məhz həmin avtoservisin göstərəcəyi qeyd edilə bilməz. Müqavilədə şərtlər qanunauyğun və qarşılıqlı razılaşma şəklində həyata keçirilməlidir. Hazırda isə müqavilənin əksəriyyəti birtərəfli olduğu üçün avtoservislər də istədiyi qiyməti qoyurlar".

Xarici ölkələrdə isə sürücülərə avtomobil təmiri ilə bağlı fərqli təkliflər irəli sürülür. Qonşu Türkiyədə maşın alanlara verilən zəmanət kitabçasındakı şərtlərdə göstərilir ki, sürücü avtomobilində dəyişdirilməsi vacib olan detalını istədiyi yerdə və istənilən zaman dəyişdirə bilər. Avtomobil şirkəti buna görə zəmanəti poza bilməz. Çünki müqavilədə bütün şərtlər öz əksini tapıb.

Ölkəmizdə isə şərtləri qoyan tərəf avtomobil salonları olduğu üçün istədikləri zaman müqaviləni poza bilirlər. Avtomobil alanların isə bütün bu problemlərdən yaxa qurtara bilməsi üçün əsas çıxış yolu kimi imzalanacaq müqavilənin diqqətlə oxunulması, orada qeyd olunan şərtlərin sizin hüquqlarınıza zidd olduğu təqdirdə imzalamaqdan imtina edilməsi göstərilir. Çünki sonra bu şərtlərdən əziyyət çəkən və uduzan tərəf yalnız siz olursunuz.

Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
22

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
597

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
432

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
449

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
494

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
522

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
496

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1095
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 09:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru