Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2015
11:40
1032
Kərbəla məktəbinin qalarlılıq fenomeni
Aşura hərəkatında görünən ikinci aparıcı xətt - yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmədir

Bismilləhir-Rahmənir-Rahim! 

Həmd olsun Allaha ki, bizlərə Məhərrəm-Səfər əyyamını yaşatmağı, İmam Hüseyni (ə) tanıyan bir toplumda göz açmağı, mövcud olmağı və yaşamağı nəsib edib. Allahdan bu böyük nemətin şükrünü yerinə yetirmək tofiqatını nəsib etməsini diləyirik.

Tarixdə yer almış vücudi hadisələrin kulminasiyası

Məhərrəm-Səfər əyyamında aşiqlərin halında bir dəyişiklik olar. Bunun bir hissəsi iradəvi və əqlidir, bir hissəsi isə bizim fitrətimiz, ruhiyyələrimizlə bağlıdır. Hüseynsevərlərin daxilində bir istilik, hərarət var ki, Qiyamət gününə qədər bu hərarət özünü göstərər. Məhərrəm-Səfər əyyamı gələndən insanların halı, durumu dəyişər. Dünya tarixində çox hadisələr olub, çox məsələlər olub, çox təsirli mövzular olub. Acılı-şirinli çox qəhrəmanlıqlar olub. Amma, bunların içərisində heç biri hər il bu cür yüz milyonlar tərəfində yaşadılmır. Allah inayət etsə, bir neçə bəhsimizi Aşura hərəkatının əsas, strateji hədəfi barədə edəcəyik. Bu hərəkatın içərisində olan xüsusi aparıcı süjetlərdən danışacağıq. Bunlar danışılarkən başa düşüləcək ki, bu, bir tarixi olub-qurtarmış, coğrafi, hansısa məkana aid olan hadisə deyil. Bu, bəşər mövcudiyyətində olmuş vücudi hadisələrdəndir. Onların yekun nöqtəsini qoyan hadisələrdəndir. Bəşər tarixində yer almış vücudi hadisələrin kulminasiyasıdır. Məhz buna görədir ki, Aşura əsrlərdir yaşayır. Kərbəla məktəbinin qalarlılıq fenomeninin əsas izahını məhz buradan başlayaraq tədqiq edəcəyik.

Aşura hərəkatının ali hədəfi

Biz diqqət etsək, görəcəyik ki, Həzrət Adəmlə (ə) bağlı xüsusi məsələləri bəşəriyyət davamlı olaraq xatırlayır. Həzrət Nuhla (ə) bağlı bəşəriyyət vaxtaşırı müəyyən məsələləri xatırlayır. Həzrət İbrahimin (ə) bütsındıran mahiyyətini, mövcudiyyətini davamlı olaraq xatırlayır. Həzrət Musanı (ə), Həzrət İsanı (ə), əziz Peyğəmbərimizlə (ə) bağlı bir çox hadisə və məsələləri bəşəriyyət xatırlayır. Bunlar bəşəriyyətin mövcudiyyəti ilə bağlı baş verən hadisələrdir. Bunlar insanların içərisindəki ruhiyyə ilə bağlı olan məsələlərdir.

Aşura məktəbinin, Aşura hərəkatının bu cür yaşanmasının əsas səbəbi budur ki, bu hərəkatın ali hədəfi fövqəl dərəcədə mübarək olub. Həzrət İmam Hüseyn (ə) öz yaxınları, əzizləri ilə bu yola çıxıb və əsas bir hədəfi var. Əba Əbdillahın (ə) Aşura məktəbinin ali hədəfi - dinin əhyasıdır, dinin diri saxlanmasıdır. O din ki, o İslam ki, əziz Peyğəmbərimiz (s) gətirib və o Həzrətə (s) qədər yüz iyirmi dörd min peyğəmbər (ə) gəlib, hər biri öz dövründə üzərinə düşən vəzifələri yerinə yetirib. Sonuncu Peyğəmbər (s) gəlib və müqəddəs Qurani-Kərimi gətirib. Qədir-Xumda özündən sonra İlahi vilayətin, yəni yerlə göyün bağlantısının davamiyyətini təmin edən İmamların (ə) elanını da edib. Qədir-Xum günündə bu elan olanda İslam dini, din olaraq kamala çatır, nemətlər tamamlanır, İslam din olaraq bəyənilmiş hala gəlib çatır.

İndi əziz İslam Peyğəmbərinin (s) vəfatından sonra, bir neçə onillik ərzində bir hadisələr baş verir ki, İslamın din olaraq mövcudiyyəti sıradan çıxa bilər. Həzrət İmam Hüseyn (ə) Aşura məktəbini, Aşura hərəkatını buna görə həyata keçirir ki, İslam din olaraq diri qalsın. Qiyamət gününə qədər bu dini öz mübarək qanı ilə sığortalayır. Aşura günündə baş verən istənilən cəhəti, istənilən hadisəni, istənilən mövzunu, hissəni götürsək, ona bu baxımdan yanaşsaq, Aşuranın haqqını yerinə yetirmiş olarıq. Amma əgər bunu unutsaq, Aşura hərəkatının hədəfinə diqqət etməsək, əsas strateji hədəfini unutsaq, bu hadisələr folklora, hekayələrə çevrilər, bu hadisələr əhəmiyyətini itirməyə başlayar. 

İki cür əzadarlıq mümkündür. Birincisi budur ki, dünənə qayıdasan və dünəndə qalasan. İkincisi isə budur ki, Aşura hərəkatının içərisinə daxil olanda, əzadar olanda fərqində olasan ki, bütün bu hadisələr dinin əhyası üçün, dinin qorunub-saxlanması, yaşanması, Qiyamət gününə qədər İslamın diri qalması üçün baş verib. Aşura ona görə baş verib ki, Qiyamət gününə qədər bəşəriyyət İslamı diri olaraq yaşaya bilsin və İslamın din olaraq əziz Peyğəmbərin (s) gətirdiyi forma və mahiyyətdə qorunub saxlanması sığortalansın.

Aşuranın yaşadılması onun ali hədəfinə uyğun olmalıdır

Allah etməsin ki, bizlər minbərlərdə, məclislərdə, rövzələrdə, mərsiyələrdə Aşuranın həqiqi hədəfini unudaq. Bu strateji hədəf unudulsa, gərək düşəcəyimiz bu vəziyyətin özünün yasını saxlayaq. Böyüklərimiz bunu zaman-zaman vurğulayıblar. Bildiriblər ki, bu gün bəşəriyyət bu mərasimləri o hala gətirdi, o qədər xurafatlar daxil etdi ki, yeni bir müsibət meydana çıxdı. Artıq bu yeni müsibətin özü üçün əzadar olmaq gərəkər. Nədən danışsaq, o ali hədəfi unutmalı deyilik. Əgər Həzrət Əbəlfəzlin (ə) məzlum halından danışacağıqsa, əgər uşaqların su axtararkən onların çəkdikləri iztirablardan danışacağıqsa, ali hədəfi xatırlamalıyıq. Əgər bu ali hədəfə diqqət etmədən danışsaq, biz bu yaşatmadan bəhrə apara bilməyəcəyik. 

Bir var nurani məzlumiyyət. Bu məktəbin içərisində olan bütün məzlumiyyətlər nurani məzlumiyyətlərdir. İnsanlar haqq uğrunda, düzgünlük uğrunda, ali hədəflər uğrunda, İslamı yaşatmaq uğrunda ayağa qalxıb və İmamının (ə) arxasınca gedib və dinin əhyası uğrunda bütün bu qurbanları veriblər. Və bütün bu qurbanların verilməsində olan məzlumiyyətin bir nuraniyyəti var. Bir də var ki, biz bütün bu məsələləri bir kənara qoyaq və Aşura məktəbinə başqa cür yanaşaq. Ona görə də məclislərimizdə bu nöqtədə xüsusilə diqqətli olmalıyıq.

Aşura hərəkatında birinci aparıcı xətt - imtina

Dedik ki, Aşura hərəkatının ali hədəfi - İslamın din olaraq əhyası, diri saxlanmasıdır. İslamın diri olaraq mövcudiyyətini Qiyamət gününə qədər sığortalamaqdır. Aşuranı təhlil edən mütəxəssislər, Kərbəla məktəbini hər mənada dəyərləndirən böyüklər deyirlər ki, Aşura o hadisələrdən, fenomenlərdəndir ki, onun dərinliyi var. Bu hadisənin bir neçə mövzusu, mahiyyəti var. Bunun layları, qatları var. Hərəkatın içərisinə diqqət etdikdə bir neçə sujetin, xəttin davam etdiyini görmək olur. Bunlardan biri və ən önəmlilərdən biri - imtina məktəbidir. Bu hərəkatın içərisində ən aparıcı xətlərdən biri - imtina fəlsəfəsidir. Yezid (lən) o qədər həddini aşır ki, bir mərhələyə yetişir ki, artıq yerlə göyün bağlantısının təminatçısı olan bir İlahi İmama (ə) da xəbər göndərir ki, o lənətliyə beyət etsin. Həzrət İmam Hüseyn (ə) Mədinədə bu beyətdən imtina edir. İmam Hüseynin (ə) bu imtinası - Tövhidin əməli halda yaşadılmasıdır. “Lə ilahə İlləllah”ın əməli, praktik yaşanmasıdır Əba Əbdillahın (ə) bu imtinası.

Əba Əbdillah (ə) beyətdən imtinası ilə bəşəriyyətə imtina dərsi keçir

İmam Hüseyn (ə) beyətdən imtinasının fəlsəfəsini bəyan edərkən bildirir ki, əgər bu beyəti etsəydi, İslamın din olaraq “fatihə”si verilərdi. Əgər bu imtina olmasaydı, İslam din olaraq sıradan çıxardı. Deməli, Aşura hərəkatında aparıcı xətlərdən biri - imtinadır. Məkkədən Mədinəyə, Mədinədən Kufə boyunca olanlar, Kərbəlada baş verənlərin hamısında diqqət edəcəyimiz önəmli mövzulardan biri - imtinadır. Kərbəla məktəbi özündə imtinanı yaşatmaqla həm də bəşəriyyətə imtina dərsi keçir. Əgər bizlər imtina etməyi bacarmasaq, Allaha bəndə ola bilməyəcəyik. Həvayi-nəfsimizdən imtina etməyi bacarsaq, Allaha bəndə ola bilərik. Şeytanın (lən) vəsvəsələrindən imtina etməyi bacarsaq, Allah bəndəsi ola bilərik. Mövcud olduğumuz toplumun içərisində olan, sırınan stereotiplərdən imtina etməyi, bütləşmiş, doqmalaşmış günün bütlərindən imtina etməyi bacarsaq, Allah bəndəsi olmağa müvəffəq olarıq. İmtina fövqəl dərəcədə mühüm məsələdir. 

Əgər biz bilmək istəyiriksə Aşurada harada olardıq, daxilimizə baxaq. Baxaq biz öz daxilimizdə hansı tərəfdəyik? İmtina etməyi bacarırıqsa, Aşurada Əba Əbdillahla (ə) birlikdə olardıq. Nəfs boş durmur. Nəfs tam mənada fəaliyyətdədir və insan nəfsin istəklərini nəzarətə almağı bacarmasa, imtina etməyi bacarmasa, onun mövcudiyyəti ardan gedər.

Kərbəlada olan bütün mövzulara bu gün və sabahla baxılmalıdır. Kərbəlaya, Aşuraya İslamın diriliyi baxımından yanaşılmalıdır. Fərdi həyatımızda nə qədər imtina edə bilirik? İctimai həyatımızda nə qədər imtina edə bilirik? Mənfiliklərdən, eybəcərliklərdən, haramlardan, boş-boş məsələlərdən, ğinadan, ləhv məsələlərdən, dünyanın vurğunluğuna aparan cürbəcür məsələlərdən nə qədər imtina edə bilirik? Rahatlığımızdan, konformizmə meylliliyimizdən, rahatlıq axtarmağımızdan, güzəranımızı rahatlıqla yaşamaq istəyimizdən nə qədər imtina edə bilirik? Bunlar mühüm məsələlərdir. İmam Hüseyn (ə) əzadarları bu sualları özlərinə verməlidir. Əba Əbdillah (ə) aşiqləri məhz bu ruhiyyəyə malik olmalıdır.

Aşura hərəkatında digər aparıcı xətlər

Aşura hərəkatında görünən ikinci aparıcı xətt - yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmədir. Bütün Aşura hərəkatı boyunca bu, hiss olunur. Yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə Kərbəla məktəbində aparıcı xətlərdən ikincisidir. Kərbəla məktəbində Həzrət Əba Əbdillahın (ə) buyuruşlarından da görünən üçüncü aparıcı xətt - ümmətin islahı və fəsadla mübarizədir. Buna görə də, biz əgər Kərbəla məktəbinə İslamın din olaraq diri saxlanması hədəfindən yanaşırıqsa, qayıdıb baxmalıyıq ki, həyatımızda yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə ilə bağlı vəziyyət nə yerdədir. Günümüzdə ümmətin islahı, fəsadla mübarizə istiqamətində vəziyyət nə yerdədir. 

Kərbəla məktəbində dördüncü aparıcı xətt - kufəlilərin dəvəti və bununla bağlı İmamın (ə) üzərinə gələn vəzifədir. Belə ki, kufəlilərin dəvəti ilə, İmam Hüseynin (ə) üzərinə xüsusi imaməti həyata keçirməklə bağlı vəzifə gəlir. O Həzrət (ə) bu vəzifəni həyata keçirməyə cəhd etməlidir. O, ümmətin İmamıdır və ümmətin bir önəmli qrupu olan kufəlilər yezid istibdadından qurtulmaq iradəsini ifadə etdikdə, İmamın (ə) üzərinə bununla bağlı vəzifə gəlir.

Kərbəla məktəbində bu dörd aparıcı xətt var. Bunları nəzərə alaraq Kərbəla səhnələrinə diqqət etsək, anlayarıq ki, o kəsilən qollar nə üçün kəsilir, balaca Rüqəyyə (s.ə) nə üçün o müsibətləri yaşayır, Həzrət Əli Əkbərin (ə) müsibəti nə üçündür, Həzrət Əli Əsğər (ə) Kərbəla səhrasına niyə gəlib, Həzrət Zeynəb (s.ə) niyə əsir düşüb. Bunları anlamaq üçün öncə vaqiənin kökünü, səbəblərini bilməliyik. Gələn bəhslərimizdə dörd aparıcı xətt barədə geniş danışacağıq, inşəallah.

Kərbəlanın bütün səhnələri dərslərdən ibarətdir. Buyuruşlarda gəlir ki, hər il Məhərrəmin ilk günündən Aşura gününədək Şəhidlər Ağasının (ə) parça-parça olmuş köynəyi İlahi ərşdən asılar və bütün aləmi qəm bürüyər. Bütün varlıq aləmini düşündürən, kədərləndirən bir məsələdir.

Əba Əbdillahın (ə) Kərbəla torpağına yetişməsi

Mətinlərdə gəlir ki, İmam Hüseyn (ə) ətrafı ilə məhərrəm ayının ikinci günündə Kərbəlaya çatır. Bu, səhralıqda bir yer idi. Həmin məkana çatanda Həzrətin (ə) atı daha hərəkət etmədi və dayandı. İmam Hüseyn (ə) istədi ki, at hərəkətini davam etdirsin, amma at hərəkətini davam etdirmədi. Əba Əbdillah (ə) buyurdu ki, başqa bir at gətirsinlər. Beləcə yeddi dəfə atları əvəzlədilər, amma heç biri yerindən hərəkət etmirdi. Həzrət İmam Hüseyn (ə) soruşdu: “Bu yerin adı nədir?”. Dedilər: “Qaziriyyə”. İmam Hüseyn (ə) soruşdu: “Başqa adı yoxdurmu?”. Dedilər: “Neynəva”. İmam Hüseyn (ə) soruşdu: “Başqa adı yoxdurmu?”.

Dedilər: “Şatul-Fərat”. İmam Hüseyn (ə) yenə də soruşdu: “Başqa bir adı yoxdurmu?”. Dedilər: “Kərbəla”. O vaxt İmam (ə) ürəkdən bir ah çəkdi, kövrəldi və buyurdu: “And olsun Allaha, bura Kərbəla torpağıdır. And olsun Allaha, bu məkanda bizimlə olan kişiləri öldürəcəklər, xanımlarımızı, uşaqlarımızı əsir aparacaqlar. Ey comərdlər! Atlardan yerə enin ki, bizim qəbirlərimizin yeri buradadır”.

Allahım, bizlərə Məhərrəm-Səfər əyyamında bu eşq karvanında olmağı nəsib et! 

Allahım, həyatımızın hədəfini Əba Əbdillahın (ə) ali hədəfinə uyğun et! 

Allahım, mövcudiyyətimizi Hüseyni (ə) et! Allahım, aqibətimizi Hüseyni (ə) et!

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
261

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
351

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
233

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
264

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
217

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
244

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
254

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
543
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 21:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru