Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Noyabr

2015
16:49
Mənzil bazarını canlandıracaq daha bir addım

Azərbaycanda evlərin və mənzillərin satışından vergi tutulması qaydaları dəyişəcək. Bəs yenilik daşınmaz əmlak bazarında hansı ciddi dəyişikliklərə gətirib çıxaracaq?

Bu barədə Vergi Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulur. Həmin dəyişikliklər Milli Məclis tərəfindən büdcə paketi ilə birlikdə qəbul edilib, təsdiqlənmək üçün ölkə prezidentinə təqdim edilib və təsdiqlənəcəyi təqdirdə, 2016-cı ildən qüvvəyə minəcək.

Hər kvadrata görə 15 manat

Yeni qaydalara görə, ev və mənzillər satılanda vergi onun qiymətinə görə yox, sahəsinə görə tutulacaq. Belə ki, mənzilin hər kvadrametrinə görə, 15 manat vergi hesablanacaq. Məsələn, satılan evin sahəsi 100 kv.m olduqda ödənilən vergi 1500 manat, evin sahəsi 40 kvadratmetr oluqda isə vergi 600 manat olacaq və s. Bu zaman mənzilin hansı qiymətə satıldığı nəzərə alınmayacaq. Amma bu rəqəm Bakı şəhəri üçün baza rəqəmi sayılır. Yəni evin harada yerləşməsindən asılı olaraq verginin məbləği artıb-azalacaq. Belə ki, regionlarda bu məbləğ daha aşağı olacaq. Bakının özündə də ev satışından tutulan verginin məbləği evin hansı ərazidə yerləşməsindən asılı olacaq. Mərkəzdə yerləşən evlərin satışından vergi daha yüksək olacaq, kənarlara getdikcə vergi də azalacaq.

Bakının 12 zonası

Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı şəhərinin ərazisi əmlak vergisinin tutulması məqsədilə şərti olaraq 12 zonaya bölünüb. Bu zonalar paytaxtın mərkəzindən tutmuş ən ucqar nöqtələrinə qədər bütün ərazini əhatə edir. Hər bir zona üzrə ayrıca əmsal var və vergi hesablananda bu əmsallardan istifadə olunacaq. Əmlak vergisi üzrə əmsallar 0,7-dən 1,5-dək dəyişir. Şəhərin mərkəzi hissələrinə aid əmsallar daha böyükdür. Bu, o deməkdir ki, mərkəzdəki əmlak sahibləri nisbətən kənarda yaşayanlarla müqayisədə daha artıq vergi ödəyəcəklər.

Vergi necə hesablanacaq?

Bakının ayrı-ayrı zonalarında mənzil satışından tutulacaq vergi

Məsələn, Bakının mərkəzində - 1-ci zonada əmlak satılarkən onun 1 kv.m-dən tutulan vergini hesablamaq üçün 15 manat baza rəqəmi 1,5 əmsalına vurulacaq. Nəticədə hər kv.m-ə görə 22,5 manat vergi ödəniləcək. 2-ci zonada bu rəqəm hər kvadratmetrə görə 21 manat və s. olacaq.

Bakının kənarlarında isə əksinə, əmlak vergisinin dərəcəsi azalacaq. Mənzilin 1 kvadratmetri üçün vergi hesablananda 15 manat məbləğ 0,7 əmsalına vurulacaq. Yəni hər kvadratmetrdən tutulan vergi 10,5 manat təşkil edəcək.

Zonalar necə bölünüb?

Nazirlər Kabinetinin adıçəkilən qərarında Bakının bölündüyü zonalar dəqiq göstərilib. Məsələn, şəhərin mərkəz hisəsini göstərən 1-ci zona "Azneft" meydanından başlayır və bu zonanın sərhədləri Niyazi, İstiqlaliyyət, Hüsü Hacıyev, Nizami və Rixard Zorge küçələridir.

2-ci zona bir qədər kənar ərazini - Füzuli, Rəşid Behbudov küçələrini, "28 may" metro stansiyasını və yaxınlıqdakı əraziləri əhatə edir.

3-cü zonaya isə Şəhidlər Xiyabanından başlayaraq Nəriman Nərimanov və Tbilisi prospektlərini, Bakıxanov və Həsən Əliyev küçələrinin, eləcə də Azadlıq prospektinin əhatə etdiyi əraziləri nəzərdə tutur.

10-cu zonaya Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Lökbatan, Hövsan, Binə, Maştağa, Nardaran qəsəbələri, eləcə də Pirallahı rayonu aiddir.

11-ci zona isə Zığ, Sahil, Ramana və Zabrat qəsəbələrini əhatə edir.

Nəhayət, 12-ci zonaya Qaradağ, Xəzər və Sabunçu rayonlarının digər əraziləri aiddir.

Ekspert yanaşması

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev Milli.Az-a bildirib ki, yaşayış mənzillərinin alqı-satqısının vergiyə cəlb edilməsinin sadələşdirilməsi bazara müsbət təsir edəcək: "Bazarda vəziyyətin gərgin olmasını nəzərə alsaq, demək olar ki, bu, daha çox uzunmüddətli perspektivdə özünü göstərəcək. Əmlakın investisiya cəlbediciliyinin artması da investorların bazara marağını artıracaq. Alqı-satqı üzrə vergi dərəcələrinin aşağı olması isə bazarı tərk etmiş bəzi ev alverçilərinin qayıtmasına səbəb ola bilər".

Ekspertin sözlərinə görə, bu cür yanaşmanın mənfi cəhəti odur ki, mənzilin neçəyə satılmasının və nəticədə nə qədər qazanılacağının heç bir əhəmiyyəti olmur: "Mənzili zərərlə və mənfəətlə satan mülkiyyətçilər eyni vergi ödənişi edəcəklər. Əvvəlki qaydalarda isə zərərlə (baha alıb ucuz satan) mənzil satan satıcılar vergi ödəmirdilər".

Lakin R.Əliyevin fikrincə, dəyişikliyin müsbət cəhətləri daha çoxdur: "Əsas müsbət cəhət qaydaların sadələşdirilməsidir. Bu üsulla həm vergi orqanları, həm də vətəndaşlar ödəniləcək vergini asanlıqla və dəqiqliklə hesablaya biləcəklər. İkinci müsbət cəhət isə vergi dərəcələrinin aşağı olmasıdır. Məsələn, 1-ci zonada satılan mənzilin vergi məbləği satış qiymətinin orta hesabla 1,5-2 faizini təşkil edəcək. Beləliklə, nə qədər qazanılacağından asılı olmayaraq, eyni məbləğ ödəniləcək".

Ekspert, həmçinin qeyd edib ki, bu yenilik süni qiymət artımının da qarşısını ala bilər: "Məsələn, əvvəlki qaydalara görə, bəzi mənzillərin satışı zamanı xərclər çox olurdu. Həmin xərcləri kompensasiya etmək üçün bəzi satıcılar satış qiymətlərini artırmaq istəyirdilər və bu zaman verginin məbləği çox olurdu. Yeni vergi hesablama sistemi isə tətbiq edilsə, həmin mənzillərin satış xərcləri xeyli azalacaq. Bu, hətta qiymət güzəştlərinin edilməsi üçün də əlavə şərait yarada bilər ki, bu da öz növbəsində əmlak bazarındakı qiymətlərə müəyyən dərəcədə təsir edə bilər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
232

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
280

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 02:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru