Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2015
17:08
1139
Azərbaycandan uzaq düşən məşhur sabiqlər: onlar vətənə niyə gələ bilmirlər?

Azərbaycan hakimiyyətində vaxtilə yüksək postlar tutmuş və ciddi mövqelərə sahib olmuş şəxslərin bir çoxu hazırda ölkədən kənarda yaşayır. Onlar vətənlə əlaqələrini ya tamamilə, ya da qismən kəsiblər.

Daha çox hakimiyyətdaxili nüfuz savaşlarının qurbanı olan belə sabiq məmurlardan biri keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevdir. O, 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuş, 2005-ci ilin oktyabrınadək bu vəzifədə çalışmışdı. Vəzifədə olduğu müddətdə qeyri-rəsm şəkildə həm də bizneslə məşğul olan Heydər Babayev “ABU” şirkətlər qrupunu yaratmışdı. 

2005-ci il oktyabrın 19-da Heydər Babayev prezident İlham Əliyev tərəfindən yeni vəzifəyə - iqtisadi inkişaf naziri postuna təyin olundu. Amma cənab Babayev bu nazirlikdə çox işləyə bilmədi. 2008-ci il oktyabrın 30-da Heydər Babayev iqtisadi inkişaf naziri vəzifəsindən azad olundu.

Hazırda Babayev xaricdə yaşayır, onun ölkədən kənarda biznes fəaliyyəti ilə məşğul olduğu məlumdur. Qaynar.info-nun əldə etdiyi məlumatda iki il əvvələdək daha sıx-sıx Azərbaycana gələn və Bakıdakı bağ evində dincəlməyə üstünlük verən eks-nazirin son zamanlar vətənlə əlaqəsini kəskin azaltdığı, sadəcə, özünə yaxın şəxslərdən bəzilərinin xeyir-şər mərasimlərində iştirak etmək üçün qısamüddətli ölkəyə təşrif buyurduğu deyilir.

Heydər Babayev

Başqa bir sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin də son vaxtlar Azərbaycana gəlmədiyi bildirilir. 2014-cü ilin payızında həbsdən azad edildikdən sonra müalicə məqsədi ilə xaricə getdiyi bildirilən sabiq nazir hələ də ölkədə deyil. Bu barədə Qaynar.info-nu bilgiləndirən mənbə onun sonuncu dəfə ötən ilin sonlarında Azərbaycanda olduğunu, Cəlilabaddakı ata evinə baş çəkdiyini, buradakı müəyyən şəxsi işlərini yoluna qoyduqdan sonra ölkə xaricinə qayıtdığını bildirib. Məlumata görə, hazırda ailə üzvləri ilə birgə Avropa ölkələrindən birində yaşayan F.Əliyev əsasən Çexiyadakı biznesini idarə etməklə məşğuldur.   

Xatırladaq ki, sabiq nazir 1990-1997-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində işləyən özəl şirkətlərə başçılıq edib. 2001-ci ildə iqtisadi inkişaf naziri nazir təyin olunub. 2004-cü ildən başlayaraq onun bir sıra iri məmurlarla, xüsusilə Kəmaləddin Heydərovla münasibətləri gərginləşib. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub. 14 oktyabr 2013-cü ildə prezidentin əfv sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.   

Fərhad Əliyev

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov da iki ildən artıqdır Azərbaycana gəlmir. Hazırda Rusiyada yaşayan və burada əvvəldən mövcud olan biznes imkanlarını daha da genişləndirən Abbasovla vaxtilə təmsil olunduğu hökumət arasında münasibətlər gərgindir. 

Belə ki, sabiq baş nazir hökumətə yaxın şəxslər və KİV tərəfndən anti-Azərbaycan fəaliyyətində, xüsusilə hakimiyyəti dəyişdirməyə çalışmaqda ittiham olunur. Hətta ötən ayın əvvəllərinda iqtidaryönlü politoloqlardan biri Qabil Hüseynli A. Abbasovun açıq tonla həbs edilməsi ehtimalı barədə danışıb. “Abbas Abbasovun əməlləri xaricdə olan Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən izlənilir. O, gözləyirdi ki, Azərbaycanda hakimiyyət dəyişəcək və ölkə rəhbəri postunda əyləşəcək. Amma niyyəti həyata keçmədi. Çünki Abbas Abbasov dərin düşüncəli insan deyil... Abbas Abbasov Azərbaycan vətəndaşıdır. Yəni Rusiya vətəndaşı deyil. Azərbaycan tərəfi hələ ki, Abbas Abbasovun həbsini vacib hesab etmir. O da aldığı komandaya uyğun olaraq çəkilib yerində oturub. Hadisələrin sonrakı inkişafı və Abbas Abbasovun həbsi ilə bağlı hələ ki, heç nə demək olmaz. Hər an hər şey ola bilər. Bu baxımdan onun həbsi gözləniləndir” deyə Hüseynli bildirib. 

Bəzi ehtimallara görə, bu cür açıqlamalar təsadüfi deyil və Azərbaycan hakimiyyətinin sabiq vitse-premyerlə bağlı B planından xəbər verir. Belə ki, onunla bağlı siyasi təhlükənin artdığı hiss olunursa, Abbasovun həbsi məsələsi istiqamətində addımlar atıla bilər. 

Hazırda vətənə gələ bilməyən keçmiş baş nazir müavini isə Bakıda sonuncu dəfə 3 il əvvəl, 2012-ci ilin dekabrında olub. O dekabrın 25-də Azərbaycan paytaxtında ölkə başçısı İlham Əliyevlə görüşüb. Görüşdən sonra isə dərhal Moskvaya qayıdıb və bir daha Azərbaycana gəlməyib. “Cənab prezidentlə görüşdükdə bütün yeni yaranan təşkilatlar, Ümumrusiya Azərbaycanlıları Konqresi, Federal Milli-Mədəni Muxtariyyətimiz haqqında, demək olar ki, bütün bu məsələlər, qurumlar ətrafında dərin söhbətimiz oldu. Cənab prezident bu təşkilatların fəaliyyətini istiqamətləndirdi, öz tövsiyələrini verdi və mənə bu məsələlərlə bağlı sıx əlaqə yaratmaqla yaxından məşğul olmağı həvalə etdi. Bütün bu boşluqları aradan götürməyi tapşırdı. Bu təşkilatların fəaliyyəti də Azərbaycan naminə, Azərbaycan-Rusiya əməkdaşlığı naminə, azərbaycanlılar naminə xidmət edəcək” – deyə məlum görüşdın sonra Abbasov bildirmişdi.

Ancaq sözügedən görüş də keçmiş vitse-premyerlə Azərbaycan hakimiyyəti arasındakı soyuqluğu aradan qaldırmayıb. Əksinə, 2013-cü ildə münasibətlər daha da kəskinləşib və körpülərin tamamilə yanması ilə sonuclanıb. 

Xatırladaq ki, A. Abbasov 1992-ci ildən baş nazirin birinci müavini vəzifəsində çalışıb, 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib və bundan sonra “Azərbaycanın iqtisadi inkişafındakı böyük xidmətlərinə görə” “İstiqlal” ordeni ilə təltif olunub.

Abbas Abbasov 

YAP-ın məşhur sabiq deputatlarından Rza İbadov isə artıq 10 ildir Azərbaycana gələ bilmir. İbadova bununla bağlı qeyri-rəsmi yasaq qoyulduğu deyilir. 1995-2000-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, eyni zamanda həmin dövrdə parlamentin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komissiyasının sədri olmuş İbadovun iqtidar daxilindəki qrup mübarizələrinin qurbanı olduğu aydındır. Hazırda Londonda yaşayan keçmiş deputat sonuncu dəfə 2005-ci ildə Milli Məclisə seçkilərdə iştirak etmək üçün Azərbaycana gəlmiş, amma bu istəyinə nail ola bilməmiş və qalmaqallı şəkildə ölkəni tərk etmək məcburiyyətində qalmışdı. Belə ki, onun seçki qərargahı polis basqınına uğramışdı.  

Hazırda Rza İbadov Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışdadır. O məhz 2005-ci ildən Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinir. Bu maddələr üzrə hüquq pozuntularında iştirakı ilə əlaqədar ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırdığına görə onun barəsində axtarış elan edilib.

Rza İbadov 

Başqa bir məşhur sabiq deputat Hüseyn Abdullayev də vətənə gələ bilmir. Vaxtilə hakimiyyətə hədsiz yaxınlığı və bağlılığı ilə bilinən “Quska” ləqəbli Abdullayev 2013-cü ildə Azərbaycanı tərk edərək Avropaya sığınıb. Bundan az sonra o, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası və beynəlxalq axtarışa verilib. Səbəb isə onun barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işinin başlanması olub.

Son iki ildə H. Abdullayev hakimiyyət əleyhinə sərt çıxışlar və çağırışlar edib. Musiqi fəaliyyəti ilə də tanınan sabiq deputat və iş adamının anti-hakimiyyət xarakterli “Susma!” bəstəsi isə geniş rezonans doğurub.  

Xatırladaq ki, Hüseyn Abdullayev 2005-ci ildə parlametn seçkilərində millət vəkili seçilib. Lakin 2007-ci ildə parlamentin iclasında millət vəkili Fəzail Ağamalı ilə aralarında baş verən davadan sonra onun deputatlıq mandatı geri alınıb. 

F. Ağamalının şikayəti əsasında məhkəmə 2 ay müddətinə barəsində həbs-qətimkan tədbiri seçib. Parlamentdəki davaya görə, Hüseyn Abdullayevi məhkəmə günahkar bilib və barəsində 2 illik şərti həbs cəzası hökmü verib.

Hüseyn Abdullayev 

10 gün öncə onun atası vəfat edib. Amma H. Abdullayev haqqında açılan cinayət işi və iqtidarla kəskin münasibətləri səbəbindən atasının hüzründə iştirak edə bilməyib. 

Hazırda o, Almaniyada məskunlaşıb və bu ölkədən siyasi sığınacaq alıb. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri - SİYAHI

21

May
09:23
İQTİSADİYYAT
8

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
102

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1383
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 09:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru