Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2015
16:23
7592
Təhsil Nazirliyi müəllimlərin attestasiyasından danışdı

“Müəllimlərin attestasiyası məsələsi gündəmdədir. Amma bu, başqa bir məsələdir ki, biz attestasiyaya hazırıqmı?” Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

İ.Nağıyevin fikrincə, attestasiyaya ən tez halda, ölkənin bütün regionlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdıqdan sonra başlamaq olar: “Yaxud bunlar paralel də ola bilər. Məsələn, artıq Bakıda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Bakıda bəlkə də attestasiyaya başlamağı fikirləşə bilərik. Çünki artıq ilkin nəticələr var. Regionlarda isə bu, mərhələli ola bilər”.

İ.Nağıyev hesab edir ki, rayonlarda attestasiyanı keçirmək üçün ilkin mərhələ olaraq diaqnostik qiymətləndirmə olmalıdır: “Biz ən azından real vəziyyəti bilməliyik. Gərək müəllimlərə ixtisasartırma üçün kurslar təklif olunsun, yəni onlara şans verilsin. Çünki bu gün biz attestasiya etsək, nəticə yəqin ki, elə də ürəkaçan olmayacaq”.

Nazirlik rəsmisinin sözlərinə görə, attestasiyadan fərqli olaraq, bu gün müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması məsələsi gündəmdə durmur: “Amma bu gün müəllim işləmək istəyən şəxs ilk növbədə mərkəzləşdirilmiş qaydada imtahan verməli, ondan sonra diaqnostik qiymətləndirilmədən keçməlidir. Sonra da sertifikasiya prosesi olmalıdır".

Təhsil üzrə ekspert Şahlar Əsgərov da Trend-ə verdiyi açıqlamasında bu gün müəllimlərin attestasiyasının keçirilməsini zəruri sayır.

Onun sözlərinə görə, Azərbaycanda təhsil sistemində müəllimlərin sayı tələb olunan göstəricidən çoxdur. İnkişaf etmiş ölkələrdə hər 20 şagirdə bir müəllim düşdüyü halda, Azərbaycanda 10 şagirdə bir müəllim düşür: “Bu isə o deməkdir ki, Azərbaycanda müəllimlərin sayı lazım olan həddən çoxdur. Buna görə də imtahan keçirib onların arasından yaxşılarını seçib işdə saxlamaq lazımdır. Bu, hökmən edilməlidir”.

Ş.Əsgərov hesab edir ki, attestasiya nəticəsində məktəbdən yalnız zəif müəllimlər uzaqlaşacaq. Bu da məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinə gətirib çıxaracaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2018 15:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com