Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2015
12:34
1151
Alma yağışı

28 May müstəqillik günü axşam yatmışdım. Birdən qəribə səsə oyandım. Elə bil ki, binanın damına iri almalar dəyib taqqıldayırdı. Yuxulu-yuxulu soruşdum ki, göydən alma yağır? Otaqdakı ağcaqanadları öldürən həyat yoldaşım dedi ki, atəşfəşanlıqdır, bayrama görə fişəng atırlar. Bu sözləri eşitsəm də mənim üçün hələ də alma yağırdı, iri, üstündə yarpaq olan almalar. Atəşfəşanlıq qurtarandan sonra yuxudan  tam oyandım və daha yata bilmədim. Beynim sürətlə işləməyə, qanım qaralmağa başladı. Ümumiyyətlə, mən fiziki işlə məşğul olmayanda beynimə axmaq fikirlər dolur. Ona görə də fermamıza gedib yorulana qədər işləyirəm ki, beynim istirahət etsin. Hansısa dahi deyib ki, beyninə istirahət verməyin ən yaxşı yolu fiziki cəhətdən yorulmaqdır.

İsrafçılığa qətiyyən dözə bilmirəm. Hər dəfə milyonlarla manat dəyərində fişənglər atılanda ehtiyacdan əziyyət çəkən adamlar düşür yadıma. Bu dəfə Sabirabadın kəndindən olan gənc ailəni xatırladım. Otuz yaşı olmayan bu ər-arvad 50 yaşında görünür, heç birinin ağzında dişi yoxdur, kəndlərdə dişi müalicə etdirmək yoxdur, ağrıyanda çəkdirirlər. Məktəb yaşı müstəqillik illərinə düşdüyündən bu ər-arvadın heç biri oxumayıb, hərfləri tanımırlar. Hiss olunur ki, iki körpə uşaqları aclıq çəkir. Mən işləməyən adama nifrət edirəm, amma bunlar çox zəhmətkeşdirlər, heyvandarlıqdan, əkindən yaxşı başları çıxır, sadəcə olaraq Sabirabadın çox kəndlərində torpaq şoranlaşıb, ot da bitmir. Kənd adamları dolanışıq üçün çıxış yolu tapa bilmirlər. Gənc ata deyir ki, “Bakıda tikintidə fəhlə işləyirdim. Günə 15 manat alırdım. Günə 2 manatdan kirayə evdə qalırdım. Bir otaqda mənim kimi 7-8 adam qalırdı. Su sayğacla olduğundan qənaət edirdik, işdən gələndə ayağımızı da yumurduq. Yol pulumu, yeməyimi çıxandan sonra evə ayda 100 manat verə bilirdim. İndi Bakıda da iş yoxdur.” 

Daha sonra yadıma bu rayonun sakinləri olan daha iki gənc ailə düşür, biri hamilə vaxtı pulsuzluqdan həkimə gedə bilmədiyi üçün ilk övladını doğuş zamanı itirdi. Digəri yaş yarımında otura bilməyən oğlunu müalicə etdirməyə pul tapmır. Atəşfəşanlığa xərclənən pulları və kasıbları fikirləşə-fikirləşə həyat yoldşımın danlağını eşidirəm: “Sən ancaq özünü fikirləşirsən, pəncərəni açıq qoymusan ağcaqanadlar dolub evə”. Əslində pəncərələrdə tor var, ağcaqanadlar oradan girə bilməzlər. Qapını açanda oradan girirlər. Otaqda bir dənə ağcaqanad olsa, həyat yoldaşım səhərə kimi yata bilmir, mən isə havam çatmadığından daim pəncərələri açıq qoyuram, buna görə də evimizdə həmişə söz-söhbət olur. Sanitar-gigiyena idarəsi profilaktika işi aparmadığından həyətləri ağcaqanad, siçovul basıb. Bir dəfə idarəyə zəng edib “İmpuls” qəzetinin yerləşdiyi mənzilin zirzəmisini dərmanlamağı xahiş etdim. İdarədən yaşlı bir qadın gəlib kolbasanı zəhərə batırıb zirzəmiyə qoydu. Dedi ki, zəhəri də, kolbasanı da öz puluna alıb, idarədən onlara heç nə vermirlər. O idarəyə ayrılan milyonlarla manatı görəsən kimlər mənimsəyir?

Fikrimi dağıtmaq üçün durub qəzet oxumağa başladım. Mafioz qurumlar bir-birinin var-dövlətinin siyahısını mətbuata ötürürlər. Bu faktları jurnalist əldə edə bilməz. Hüquqi cəhətdən savadlı, dəqiq hazırlanmış siyahılardır. Bir nəfər ağıllı ziyalının dedikləri yadıma düşür: “Vaxt gələcək bunlar “krısa” kimi bir-birilərini yeyəcəklər”. Çox düzgün proqnozlar verə bilən başqa bir ziyalı isə deyirdi ki, neftin pulu qurtarandan sonra bunlar özləri hakimiyyəti qoyub gedəcəklər. 

Saat 4-ə işləyib, yata bilmirəm. Fermaya gedib yorulana qədər işləmək lazımdır ki, axmaq fikirlər başımdan çıxsın.

Məqalədə : Alma yağışı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
249

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1864

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
396

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1334

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
465
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 07:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru