Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2015
10:35
Bu gün bütün cavanlar üçün örnək olan Əli Əkbərin (ə) təvəllüdüdür

Əli Əkbər ağa (ə) 33-cü hicri ilində şəban ayının 11-də dünyaya gəlmişdir. Peyğəmbərimizin (s) yeni dünyaya gələn övladlarla bağlı verdiyi mübarək buyuruşlara əsasən, atası İmam Hüseyn (ə) Əli Əkbər ağanın (ə) sağ qulağına azan və sol qulağına iqamə oxumuşdur. O, elə bir dövrdə dünyaya gəlmişdi ki, Əli adını qoymaq bir cinayət sayılırdı. Çünki bu adı səsləndirməyi qadağan etmişdilər. İmam (ə) yaxşı bilirdi ki, hər bir insanın adı onun şəxsiyyətindən və şərafətindən xəbər verir. Ona görə də oğlunun adını Əli qoyur. Ona Əkbər ləqəbini verir, çünki övladlarının ilki idi. O, ailənin böyük oğlu idi.

Əlinin yeddi yaşı olanda dini təlim almağa başlayır. Atasının düzgün nəzarəti nəticəsində çox gözəl əxlaqa və elmə yiyələnir. Bir gün İmam (ə) Əbdürrəhmana buyurur ki, Əliyə “Həmd” surəsini öyrətsin. O zaman ki, surəni atasına deyir, atası Əbdürrəhmana çoxlu pul və hədiyyə verir. Ətrafındakılar təəccübləndiyi üçün onlara buyurur: “Bu hədiyyələr Əlinin müəlliminin gücü ilə bərabər deyildir. Quran təliminin qarşısında bütün hədiyyələr dəyərsizdir”.

Əli Əkbər elə bir əxlaqa malik idi ki, cavanları ətrafında toplaya bilirdi. Əli babası Peyğəmbərə (s) çox bənəzəyirdi. Ona görə də babasının əxlaq və rəftarını öyrənib, onun kimi rəftar etməyə çalışırdı. Yaşıdları ilə bir yerdə olanda gülərüz olardı, tək qalanda isə çoxlu təfəkkür edər və düşünərdi. Daha çox Allahla xəlvətdə qalmağı sevərdi.

Əli Əkbər Kərbəla səhnəsində də cavanlar üçün igidlik və şücaət rəmzi idi. Özünün hər hücumunda 10-a qədər düşməni həlak edirdi. O zaman ki, 25 nəfərlə Fəratın sahilinə gedir, ailəsi və səhabələr üçün su gətirir. Əmisi Əbilfəzil Abbas (ə) onu şücaət və igidliyinə görə çox sevirdi.

Tarixdə oxuyuruq ki, adətən döyüş meydanında igidlik göstərən cəngavərlər hərbdən vaxt tapmadıqları üçün kifayət qədər təhsilli və elmli olmazlar. Ancaq Əli Əkbər ağa (ə) hərtərəfli inkişaf etmiş bir cəngavər idi. Alimlərin məclisində danışan zaman hamını heyrətə gətirərdi. Həzrət Peyğəmbərin (s) bir çox zahiri və daxili xüsusiyyətlərini onda görmək olardı. O elə bir cavan idi ki, çətinliklərə səbir etməyi bacarırdı. Müsibətlər qarşısında dözümlə rəftar nümayiş etdirirdi.

Əli Əkbər bu cür çətin anlarda İlahi rizaya təslim olurdu. İlahi bəlalar qarşısında o qədər təmkinli idi ki, bəzən başqalarını təəccübləndirirdi. Kərbəlada atasına deyir: “Məgər biz haqlı deyilik?”. İmam (ə) buyurur: “Bəli”. Deyir: “Onda ölümdən heç bir qorxum yoxdur”.

Müaviyə bir gün ətrafındakılardan soruşur: “Bu zamanda kim müsəlmanların xilafətinə daha çox layiqlidir?”. Tülkü sifətlilər xəlifənin adını çəkirlər. Ancaq o, deyir: “Belə deyildir. Hökumət üçün ən layiqli insan - İmam Hüseynin (ə) oğlu Əli Əkbərdir. Bəni Haşimin şücaətini, Bəni Uməyyənin səxavətini, Səqif qəbiləsinin gözəlliyini özündə cəm etmişdir”.

Hətta düşmən münafiqlər də o Həzrətin (ə) keyfiyyətini etiraf etməyə məcbur idilər.

Salam olsun sənə, ey Əli Əkbər ağa (ə)!

Salam olsun sənə, ey Kərbəla şəhidi!

Salam olsun sənə, ey cəddinin bənzəri!

Salam olsun sənə və bütün Kərbəla cavanlarına!

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 08:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com