Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2015
12:13
1647
Generalın qardaşının və Talıbovun qohumunun həbsinin sirri

“Yanğın” daha iri məmurların çevrəsinə çatdı; Qəzənfər Novruzovun həbsi Vasif Talıbovun hakimiyyətə əvvəlki illərdəki qədər təsiri qalmadığını sübut etmiş oldu; Naxçıvan Ali Məclisinin sədrinin bundan əvvəl də bir qohumu tutulmuşdu; Avropa Oyunlarından sonra hakim komandada gözlənilən ciddi kadr dəyişikliyi MR rəhbərliyindən də yan keçməyə bilər... 

Bakıda yaşayış binasında baş vermiş yanğınla bağlı həbslər artıq daha iri fiqurların yaxın çevrəsinə çatıb. Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzovun həbsi geniş rezonans doğurub. Çünki barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən Q.Novruzov sıradan biri deyil. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yeznəsi, muxtar respublikanın daxili işlər nazirinin müavini Səbuhi Novruzovun qardaşıdır.

Q.Novruzovun digər qardaşı Vaqif Novruzov da Bakı Yaşıllaşdırma Departamentinin müdiridir. Q.Novruzovun daha bir qardaşı Məhərrəm Novruzov isə Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışıb. Amma bütün bu adamlar yüksək vəzifələrinə baxmayaraq, V.Talıbovun adının kölgəsində qalır. Təsadüfi deyil ki, Q.Novruzovun həbsi xəbərini əksər elektron media “Vasif Talıbovun qohumu tutuldu” başlığı ilə yayıb. 

Məsələnin maraqlı tərəfi həm də budur ki, 2013-cü ilin  avqustunda V.Talıbovun xalası oğlu (bəzi mənbələrin xəbərinə görə isə uzaq qohumu), Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri əvəzi işləmiş Nicat Quliyev də həbs edilmişdi. Qanunsuz olaraq odlu silah gəzdirməkdə ittiham olunan N.Quliyev məhkəmədə bütün ittihamları rədd etsə də, 3 il azadlıqdan məhrum edildi. O da mümkündür ki, Talıbov mövqeləri zəiflədiyini bildiyi üçün özünü ona qohum olan adamların müdafiəsi üçün “oda atmaq” niyyətində deyil. 

V.Talıbovu ehtiyatlı mövqe tutmağa vadar edən ən mühüm səbəb isə prezident İlham Əliyevin mövqeyidir. İddialara görə, N.Quliyevin həbsinin əsl səbəbi onun Milli Şuranın o vaxtkı sədri Rüstəm İbrahimbəyovla telefon danışıqlarıdır. Bu faktı R.İbrahimbəyov da müsahibələrinin birində təsdiqləmiş, N.Quliyevin onunla telefon zənglərinə görə həbsə alındığını demişdi. 

Qəzənfər Novruzovun adı indiyədək bir çox qalmaqallarda hallansa da, o, məlum yanğından sonra həbs edilib. Prezident İlham Əliyev dəhşətli yanğınla bağlı iclasda bu faciənin günahkarlarının kimliyindən asılı olmayaraq cəzalandırılacağını bildirmişdi. Yəni prezidentin qəti tapşırığından sonra V.Talıbov qohumunu, general isə qardaşını məsuliyyətdən yayındırmağa çətin ki cəhd edə bilərdilər. Amma bu fakt da dolayısıyla V.Talıbovun hakimiyyətə əvvəlki illərdəki qədər təsiri qalmadığını sübut etmiş oldu... 

2012-ci ilin aprelində Binəqədiyə icra başçısı təyin edilən Xaləddin İsgəndərov bir sıra vəzifəli adamlarla, o cümlədən Talıbovun qohumu Q.Novruzovla yola getmirdi. İcra hakimiyyətində yaşıllaşdırma adı ilə 2 milyon manat yeyinti faktından sonra X.İsgəndərov Q.Novruzovla yollarını ayırdı. Hələ o vaxt belə iddialar vardı ki, icra başçısı V.Talıbov kimi qüdrətli adamın qohumunu yalnız öz ambisiyaları səbəbindən sıxışdıra bilməzdi. X.İsgəndərov qaynı olan vergilər naziri Fazil Məmmədova arxalansa belə, V.Talıbovla üz-üzə gələ bilmək gücündə deyildilər. 

Sirr deyil ki, V.Talıbovun uzun illərdir ki, Bakıdakı bəzi nazirlərlə münasibətləri gərgindir. O, son aylar Bakıya çox az gəlir və tədbirlərdə iştirak etdikdən dərhal sonra şəxsi təyyarəsi ilə Naxçıvana qayıdır. Vasif Talıbovun əvəzlənəcəyi barədə iddialar da yeni deyil. Məlumatlara görə, V.Talıbovun əvəzlənməsi hakimiyyətin ən üst qatındakı bütün iri siyasi fiqurların planları ilə üst-üstə düşür. Bildirilir ki, Avropa Oyunlarından sonra hakim komanda gözlənilən ciddi kadr dəyişikliyi Naxçıvan rəhbərliyindən də yan keçməyə bilər. Talıbov hakimiyyətə sadiqliyi ilə seçilsə də, onun bəzi idarəçilik metodlar (məsələn, tez-tez iməciliklər keçirməsi, özünə aid təsərrüfatda insanları kölə kimi işləməyə məcbur etməsi və s.) köhnəlik qalığı kimi təkcə yerli deyil, Qərb mətbuatında da tənqid edilir. Amma ən əsas səbəb yuxarıda da qeyd etdiyimiz kimi, onun mərkəzi hakimiyyətlə, hətta əslən Naxçıvandan olan məmurlarla münasibətlərinin gərgin olmasıdır. 

"Yeni Müsavat"ın məlumatına görə, Səbuhi Novruzov uzun müddət Naxçıvan Şəhəri Polis İdarəsinə rəisi olub, 2013-cü ilin payızında Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədovun müavini təyin edilib. S.Novruzovun nazirlə münasibətlərinin isti olmadığı deyilir.  2013-cü ilin iyununda prezidentin sərəncamı ilə general-mayor rütbəsi alıb. 

Q.Novruzova gəlincə, o, Binəqədidən öncə Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini olub. Binəqədidə işlədiyi müddətdə isə rayon sakinləri arasında ən çox narazılıq edilən məmurlardan biri olub. İşdən çıxarıldıqdan sonra onun ölkədən qaçdığı barədə xəbərlər yayılmışdı. 

Ötən ilin dekabrında onun adı daha bir rüşvət qalmaqalında hallandı. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin keçmiş hakimi Həsən Əliyevin rüşvət qalmaqalında Q.Novruzovun da adı keçirdi. Gəncədə baş tutan məhkəmədə o, şahid qismində ifadə vermişdi. Məhkəmədə məlum olmuşdu ki, sabiq müavin xaricdən özünün gətirdiyi iki ədəd “Range Rover”in 100 min manat gömrük rüsumunu iş üzrə əsas zərərçəkən olan Ramazan Səlimova  ödətmək istəyib...  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
249

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1864

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
396

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1334

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
465
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 07:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru