Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2015
14:41
1081
Hakimiyyətdən Şeyxə ziyarət zərbəsi

Xarici ölkələrə dini ziyarətlərin təşkili lisenziyasının verilməsi qaydalarının dəyişdirilməsi QMİ-ni DQİDK qarşısında növbəti dəfə zəif duruma salır, Şeyxin bahalı biznesinə təhlükə yaradır; hakimiyyət isə son bir ildə QMİ-nin bir sıra səlahiyyətlərini DQİDK-ya verib 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyət verilib. Nazirlər Kabinetinin qərarına əsasən, “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”ə 22.4-cü bənd əlavə edilib.

Yeni bəndə əsasən, xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq.

Bu isə ziyarət işinin təşkili ilə bağlı bu günə qədər olan vəziyyətin faktiki olaraq dəyişməsi deməkdir. Məsələ burasındadır ki, uzun illər Azərbaycanda ziyarət sahəsi, dini turizm müəyyən mənada sərbəst sahələrdən biri idi. Azərbaycan, eləcə də dünya müsəlmanlarının əsas ziyarəti olan Həcc ziyarətinin təşkili hüququ QMİ-yə məxsusdur. 

Yalnız 2004-cü ildə Səudiyyə Ərəbistanı Həcc Nazirliyi və Azərbaycan DQİDK-nın təşəbbüsü ilə Azərbaycanda bir sıra özəl şirkətlərə Həcc ziyarətini təşkil etmək hüququ verildi. Ancaq 2009-cu ildə hökumətin Həcc kvotasını 6 mindən 2 minədək azaltmasını əsas gətirərək, QMİ yerli şirkətlərin Həcc ziyarətini təşkil etmək hüququnu ləğv etdi. 

Digər ziyarət istiqamətləri, yəni Məşhəd (İran) və Kərbəla (İraq) ziyarətləri nisbətən müstəqil olsa da, 2011-ci ildən sonra (Bu dövrdə artıq İraqdakı vəziyyətlə əlaqədar olaraq ziyarətçilərin sayı xeyli artmışdı - red.) hökumət bu sahəyə də, necə deyərlər, “əl qoyub”. Belə ki, 2011-ci ildən etibarən hökumət müstəqil olaraq Kərbəla ziyarətinə və Məşhədə zəvvar aparan özəl şirkətlərə, o cümlədən zəvvar qruplarına qadağa tətbiq edib. Bu zaman ziyarətə gedən qruplar sərhəddə saxlanılaraq məhdudiyyətlər tətbiq olunub, hətta bəzi qrup rəhbərlərini istintaqa cəlb ediblər. 

Yalnız müəyyən bir zamandan sonra bunun da “yolu tapılıb”. Özəl şirkətlərə bildirilib ki, Kərbəla və Məşhəd ziyarətinə zəvvar aparan qruplara müvafiq razılığı “Hicaz” şirkəti verəcək. Bütün özəl şirkətlər “Hicaz” şirkətinə, ziyarətə apardıqları, yəni İraq səfirliyindən viza aldıqları hər zəvvar üçün 70 manat pul ödəməlidirlər. Hazırda bütün şirkətlər məhz bu “qaydaya” uyğun olaraq “Hicaz” şirkətinə müvafiq ödəniş etməklə ziyarət təşkil edə bilirlər. İl ərzində təxminən 6-10 min arası zəvvarın Kərbəla ziyarətinə getdiyini nəzərə alsaq, bu rəqəmin elə də kiçik olmadığını deyə bilərik. Bu mənada yeni dəyişiklik bu sahədə sərbəstlik vəd etsə də, “köhnə qaydanın” dəyişiləcəyi inandırıcı görünmür.

Ancaq heç şübhəsiz ki, bu dəyişikliyin əsas zərbəsi Şeyxülislama dəyir. Çünki ziyarət şirkətlərinə lisenziya almaq üçün artıq DQİDK-nın rəyi lazım olacaq. Bu isə o deməkdir ki, lisenziya verilməsi artıq həm də DQİDK-nın əlinə keçəcək. Dolayısı ilə qarşıdakı dövrdə Həcc ziyarətinin təşkili işinə bağlı yerli turizm şirkətləri yenidən bazara daxil ola və QMİ-nin bu sahədəki monopoliyası aradan qalxa bilər. Yeri gəlmişkən, ötənilki Həcc mövsümü zamanı Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyindən “Yeni Müsavat”a açıqlama verərək, Həcc ziyarətinin təşkilinə digər yerli firmaların da cəlb olunmasında maraqlı olduqlarını bildirmişdilər. 

Bununla da əslində Həcc monopoliyasının ər-Riyadla bağlantısının olmadığını, bu işdə Azərbaycan tərəfinin maraqlı olduğunu qeyd etmişdilər. İndi isə hökumət bu sahədə monopoliyanı aradan qaldıran dəyişikliyə gedir. Doğrudur, Şeyx şəxsi nüfuzundan və ölkə başçısına olan yaxın münasibətindən istifadə edərək, Həcc ziyarətinin təşkili hüququnu özündə saxlaya bilər. Ancaq bunun özü də indi kifayət qədər problemli görünür. Çünki hiss olunur ki, son iki ildə hökumət qurumları Şeyxin səlahiyyəti hesab olunan sahəyə bir neçə dəfə ciddi müdaxilə ediblər. 

Ehsan məclislərinin qadağan edilməsi, ardınca QMİ-nin səlahiyyətlərinə daxil olan bir sıra fəaliyyətlərin DQİDK-ya verilməsi, müsəlman dini icmalarına ayrılan yardımların əvvəlki illərdə olduğu kimi QMİ-yə deyil, DQİDK-ya verilməsi, həmçinin Qafqazın ən böyük məscidinin idarəçiliyinin QMİ-yə deyil, BŞİH-ə (heç bir aidiyyəti olmadığı halda) həvalə olunması Şeyxə qarşı hakimiyyət içərisində güclü müxalifətin olduğunu göstərirdi. Şeyx isə bu günə qədər özünə qarşı olan təzyiq və oyunları ölkə başçısı ilə şəxsi münasibətləri sayəsində dəf edə bilib. Ancaq QMİ sədri də, onun rəqibləri də bilir ki, Şeyxin də xahiş limiti müəyyən həddə qədərdi.

Nazirlər Kabinetinin sonuncu dəyişikliyi QMİ sədrinə qarşı, ən pis halda, güclü təzyiq vasitəsi olacaq. Bu yeni qaydanın qəbulu ilə hökumətdəki rəqibləri Şeyxi bir mənada onlarla hesablaşmağa vadar edir. Yeri gəlmişkən, artıq DQİDK-da yeni şöbələr yaradılıb. Bunlardan biri dini maarifçilik istiqamətində fəaliyyət göstərir. Yəni artıq komitə QMİ-nin bir sıra səlahiyyətlərinə şərik çıxır.

Şeyxin, məlum olduğu kimi, əsas gəlir mənbələrindən biri Həcc ziyarətinin, digəri dini turizmin təşkilidir. Hər il orta hesabla 3-3,5 min azərbaycanlı Həcc ziyarətinə gedir və Azərbaycandakı Həcc qiymətləri ilə bu, heç də kiçik olmayan rəqəmlər edir. Şeyx bu biznesə şərik qoşmamağa çalışsa da, istənilən halda yeni qanun onu növbəti dəfə DQİDK-dan asılı vəziyyətə salır. Əlbəttə, istisna deyil ki, Şeyxülislam bu qanunu dəyişdirə və ya Həcc lisenziyasını yalnız öz əlində saxlaya bilər. Ancaq bunun üçün ciddi çaba göstərməli olacaq. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
167

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
100

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
130

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
162

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
195

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
186

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
741

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
559
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 19:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru