Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2015
14:15
617
Akif Nağıdan partiyalara Qarabağ ittihamı

FaktXəbər-in məlumatına görə, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ölkədə baş verən proseslər, təşkilatın fəaliyyəti və siyasi partiyaların Qarabağ probleminə münasibəti ilə əlaqədar modern.az saytına maraqlı müsahibə verib.

- Bir vaxtlar Qarabağ Azadlıq Təşkilatının fəaliyyəti daha dinamik və canlı idi. Açıq danışaq, indi artıq belə deyil. Səbəbləri nədir?

- Deməzdim ki, elədir. Bizim təşkilat həmişəki kimi fəaliyyətini davam etdirir. Ola bilər ki, indi mətbuat başqa məsələlərə daha çox önəm verdiyindən bizim fəaliyyətimizi çox işıqlandırmır. Amma buna baxmayaraq, Qarabağ Azadlıq Təşkilatı qarşısına qoyduğu məqsədlərə uyğun olaraq fəaliyyət göstərir.

- Konkret olaraq, bu məqsədlər nədən ibarətdir?

- Bizim məqsədimiz torpaqlarımızın işğaldan azad olunması üçün ictimai müqaviməti və təzyiqi təşkil etməkdən ibarətdir. İşlərimiz bu istiqamətdə gedir. Bizim həmişə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bağlı mövqeyimiz aydın və açıq olub. Yenə də həmin xətti davam etdiririk. Vaxt var idi cəmiyyətdə ancaq QAT Minsk qrupunun həmsədrlərini tənqid edirdi. İndi bütün xalq, rəsmilər də bu fikirdədirlər. Ona görə də təzədən hansısa aksiya keçirməyə ehtiyac yoxdur. Digər tərəfdən, bizim qurum ordu quruculuğu və hərbi təlimlərin başlanması ilə də bağlı mövqeyini ortaya qoyurdu, bununla əlaqədar aksiyalar, konfranslar, dəyirmi masalar keçirirdik.

Bir vaxtlar tələb edirdik ki, niyə görə ehtiyatda olan hərbçilər hərbi təlimlərə cəlb olunmur. Artıq bu təkliflərimiz demək olar yerinə yetirilir. Bundan əlavə, dırnaqarası xalq diplomatiyası əleyhinə də çıxışlarımız öz nəticəsini verməkdədir. 

Artıq demək olar ermənilər Bakıda keçirilən hər hansı tədbirdə minimum tərkiblə iştirak edirlər. Onların Bakıda elə görüşləri olur ki, Azərbaycandan qayıtdıqdan sonra cəmiyyət bundan xəbər tutur.

- Yeni hansı hədəfləriniz, planlarınız var?

- Bilirsiniz ki, artıq idman diplomatiyası haqqında fikirlər də ortaya atılır. Biz Ermənistandan gələn nümayəndələrin Avropa Oyunlarında iştirakı məsələsini diqqətlə izləyirik. Əgər erməni nümayəndələri Bakıya gələcəklərsə, onların burdan çıxıb getməsi tələbi ilə çox ciddi aksiyalarımız olacaq. Bu istiqamətdə hazırlıq işlərimiz gedir.

Biz çalışırıq ki, cəmiyyəti müharibəyə hazırlayaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin həllinin ayrı yolu yoxdur.

- Azərbaycandakı siyasi partiyaların Qarabağla bağlı mövqeyi sizi qane edirmi?

- Biz həmişə istəmişik ki, partiyaların Qarabağla bağlı mövqeyi eyni olsun. Bütövlükdə götürsək, əksər partiyaların Qarabağla bağlı mövqeyi qənaətbəxş deyil. Bəziləri hansısa mərkəzlərin, beynəlxalq təşkilatların nümayiş etdirdiyi mövqeyə uyğun fikirlərini bildirməyə çalışır. Bir sözlə, siyasi partiyalarda Qarabağ problemi ilə bağlı qeyri-müəyyənlik var. Təbii ki, bu, onların daxili işidir. Biz isə çalışırıq ki, onlar, cəmiyyət Qarabağla bağlı fəallıq nümayiş etdirsinlər. Ancaq elə sualtı qayalar var ki, bizim həyata keçirmək istədiyimiz prosesə mane olur. Bu barədə danışanda cəmiyyətdə qıcıq yaranır və düzgün olmayan reaksiyalarla qarşılaşırsan.

Biz çatdırmaq istəyirik ki, Qarabağ münaqişəsi beynəlxalq təşkilatların vasitəçiliyi ilə öz həllini tapmayacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
72

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru