Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2015
21:45
Yalnız Bakıda: məktəb direktoru xadiməni dəlixanaya saldırdı

Abşeron rayonu, şəhid Allahverdi Novruzov adına Pirəküşkül kənd məktəbinin direktoru İlahə Murquzova və məktəbin xadiməsi Arzu Rəhimova arasında yaranan mübahisə sonuncunun polisə şikayət etməsi ilə nəticələnib.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, 3 uşaq anası olan 1977-ci il təvəllüdlü Arzu Rəhimova onların təşkilatına da müraciət edib: “Qadının sözlərinə görə, direktordan əməkhaqqının artırılmasını istəyib. Nəticədə direktorla xadimə arasında mübahisə yaranıb. Direktor təcili yardım çağıraraq qadını Maştağadakı ruhi-əsəb dispanserinə göndərib. Arzu Rəhimovanın həyat yoldaşına isə qadının “20 yanvar” metrosunun yaxınlığındakı xəstəxanada müalicə aldığı deyilib. Əri isə Arzunu axtarıb və 102 xidmətinə zəng vurduqdan sonra qadının dispanserdə olduğu aşkarlanıb”.

A.Rəhimova şikayətində ruhi-əsəb xəstəxanasında xəstələr tərəfindən döyüldüyünü bildirib.

Arzu Rəhimova virtualaz.org saytının əməkdaşları ilə söhbətində deyilənləri təsdiqlədi: “Cəmi 53 manat məvacib alıram. Direktordan pulumun artırılmasını tələb etdim. Bu pulla 3 uşağı necə dolandıra bilərəm? Direktor isə bununla razılaşmadı”.

Şikayətçinin sözlərinə görə, evdə vəziyyəti pisləşib: “Əsəbiləşdiyim üçün evdə vəziyyətim pisləşdi. Məktəblə evimiz çox yaxındır. Buna görə də məktəbə zəng vuraraq təcili yardım çağırmalarını xahiş etdim. Direktor bizə gəldi, mənə iynə vuraraq təcili yardımla xəstəxanaya göndərdilər. Ayılanda dəlixanada olduğumu gördüm. 4 gün ərzində həyat yoldaşıma harada olduğumu deməyiblər. Orada xəstələr məni döyürdülər. Hazırda direktorla bağlı Abşeron Rayon Polis İdarəsinə şikayət etmişəm”.

A.Rəhimova onu da dedi ki, 1 ay 16 günün əməkhaqqısını ala bilmir: “Məktəbdə mənə deyirlər ki, şikayət ərizəni geri götürəndən sonra əməkhaqqın ödəniləcək”.

Məktəbdən isə virtualaz.org saytına bildirdilər ki, direktor İlahə Murquzova müalicə aldığı üçün işə çıxmır. Adını açıqlamaqdan imtina edən müəllimə bildirdi ki, Arzu Rəhimova həmin gün məktəbə zəng vuraraq təcili yardım çağırmağı istəyib: “Direktor İlahə Murquzova, kəndin həkimi Şəhla xanım və mən onun evinə getdik. Arzu qıcolma keçirirdi, qışqırır, gözünə adamlar görünürdü. Təcili yardım gələndən sonra onu Maştağadakı ruhi-əsəb dispanserinə apardılar. Yəni gözünə görünənlər vardı, qışqırırdı, ona görə də həkimlər belə məsləhət gördülər. İlahə Murquzova həkimlərə necə təsir göstərə bilər? Əksinə, direktor onun ailəsinə dəfələrlə yardım göstərib”.

Müəllimə qeyd etdi ki, Arzu Rəhimova artıq işdən çıxarılıb: “Onlar barışıq əldə ediblər, Arzu isə işdən çıxarılıb. Bu, direktorla Arzu arasında yaranan ilk qalmaqal deyil”.

Arzu Rəhimovaya əməkhaqqının ödənilməməsi sualına isə müəllimə “Arzu xəstə olub, həmin günlərin məvacibini ödəməyəcəklər. Digər günlərin əməkhaqqısı isə yəqin ki, ödəniləcək”- deyə cavab verdi.

M.Zeynalova isə məsələnin polis tərəfindən araşdırıldığını dedi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
228

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
321

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 08:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru