Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2015
12:18
1296
Azyaşlı uşaqlara maşın verib ölümə göndərən valideynlər - VİDEO
Yeniyetmə «sürcü»nün məsuliyyətsiz valideynləri bilsin ki, qəzadan sonra sağ qalan övladı həbs edilə bilər

Dünən Zabrat-Maştağa yolunda baş verən qəzanı adi bir hadisə kimi qarşılamaq olardı. Lakin bu adi yol-nəqliyyat hadisəsi deyil: həmin hadisədə iştirak edən avtomobillərdən birinin sükanı arxasında 15 yaşlı yeniyetmə olub. Maraqlısı da odur ki, KİV-də yayılan məlumatda bu yeniyetmənin öz valideyninə aid avtomobili ondan xəbərsiz qaçıraraq sürdüyü deyilir. Konkret həmin hadisə üzrə qaçırma söhbətinin nə dərəcədə obyektiv olduğu ilə işim yoxdur. Amma belə söhbətləri bu tipli hadisələrdən sonra demək olar ki, həmişə eşidirik. 

Məncə, öz yeniyetmə övladına normal tərbiyə verməyən məsuliyyətsiz valideynlər belə bəyanatla özlərini məsuliyyətdən kənarda saxlamağı düşünürlər. Amma çox kobud səhvə yol verirlər. Əslində belələri öz övladlarına hüquqi məsuliyyət quyusu qazırlar. Səbəbi də çox sadədir. 

Bilirik ki, 18 yaşına çatmamış şəxsin sürücülük vəsiqəsi ola bilməz. Belə şəxsin avtomobil sürərək qaydanı pozması və ağır nəticəli qəza törətməsi Cinayət Məcəlləsinin (CM-in) 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb ola bilər. Lakin CM-in bu maddəsi üzrə məsuliyyətə yalnız yaşı 16-nı keçmiş şəxslər cəlb edilə bilərlər. Deməli, 15 yaşında uşaq qəza törədərək 5 adamı da öldürsə, bu maddə üzrə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Nəqliyyat vasitəsini qaçırma məsələsi isə tamam başqadır. Bu əmələ görə CM-in 185-ci maddəsi cinayət məsuliyyəti nəzərdə tutur. Bu cinayətin subyekti olmaq üçün 14 yaş kifayətdir. Özü də uşaq öz atasının maşınını da ondan icazəsiz sürüb aparsa, bu əməl CM-in 185-ci maddəsinin tərkibini yarada bilər. Deməli, 15 yaşlı uşaq valideyninin avtomobilini qaçıraraq ağır qəza törədərsə, həmin qəzaya görə yox, məhz avtomobili qaçırmaya görə cinayət məsuliyyətinə cəlb ediləcək. Özü də bu halda avtomobilə qəzada 1000 manatdan 7000 min manatadək ziyan dəyərsə, həmin uşaq 2 ildən 5 ilədək, 7000 manatdan çox ziyan dəyərsə, 5 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilər. Yəqin ki, uşağının törətdiyi qəzada özünü təmizə çıxarmaq istəyən valideyn bunu bilsə, belə bəyanat verməz və səmimi şəkildə etiraf edər ki, maşınımı uşağa elə özüm vermişəm, özü də bu birinci dəfə deyil, dəfələrlə vermişəm. 

Əslində, uşağın öz valideyninin avtomobilini qaçırmasını sübut etmək və həmin uşağı buna görə cinayət məsuliyyətinə cəlb etmək də tutarlı sübutlar olduqda mümkündür. Amma belə məsuliyyətsiz valideynlər onsuz da öz yeniyetmə övladlarının cinayət xarakterli əməllərinə görə maddi məsuliyyət daşıyırlar. Yəni bu hadisədə zərərçəkmişlərə dəyən mənəvi və maddi ziyanı kompensasiya etməyə borcludurlar. Bununla belə, bu tipli hadisələr çox təhlükəli yanaşmalardan xəbər verir. Bəzi valideynlər öz yeniyetmə övladlarına avtomobil idarə etməyi öyrədirlər. Əslində yolda belə yeniyetməyə avtomobil verilməməsi şərti ilə, bu, pis iş deyil. Lakin bəziləri bir az da qabağa gedərək həmin yeniyetməyə mütəmadi olaraq avtomobili yolda sürməyə imkan yaradırlar. Nəticəsi isə bəzən belə ağır faciələrdə ifadə olunur.

Bu məsələ ilə bağlı qanunvericiliyimizdəki ciddi bir boşluğu da vurğulamaq istərdim. Belə ki, avtomobil sahibinin öz avtomobilini sürücülük hüququ olmayan şəxsə (o cümlədən övladına) verməsi və onun inzibati xəta xarakterli qəza törətməsi halında bu avtomobilin sahibinin inzibati məsuliyyəti var. İXM-in 152-3.3-cü maddəsində belə hala görə avtomobil sahibi 180 manat cərimə edilir. Amma avtomobil sürücülük hüququ olmayan şəxsə verildikdə və həmin şəxs cinayət xarakterli qəza törətdikdə avtomobil sahibinin heç bir cinayət məsuliyyəti yoxdur. Açığı, şəxsən mən repressiv tədbirlərin sərtləşdirilməsinin tərəfdarı deyiləm. Amma belə hadisələr barədə eşidəndə bu kimi məsuliyyətsiz avtomobil sahibləri üçün cinayət məsuliyyətinin labüdlüyü aşkar görünür. Məncə belə əməl üçün cinayət məsuliyyəti nəzərdə tutulsa, məsuliyyətsiz valideynlər öz avtomobillərini yeniyetmə uşaqlarına verməməkd üçün daha ciddi olarlar.

Ərşad Hüseynov,

hüquqşünas

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
227

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1842

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
378

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1307

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
445
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 03:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru