Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2015
14:31
2205
Deputat namaz qıldığına görə işdən qovulanlar barədə danışdı

Dini radikalizmə qarşı mübarizə aparılmalıdır və başqa ölkələrdə döyüşən bu fanatik xəstə təxəyyüllü insanların qarşısını almaq üçün dövlət qurumları hökmən tədbirlər görməlidir.

FaktXəbər-in məlumatına görə, bu sözləri deputat Fazil Mustafa Hesablama Palatasının Azərbaycan Dövlət Neft Akademiyasındakı (ADNA) yoxlamalara bağlı hesabatına rəsmi “facebook” səhifəsində münasibət bildirib:

“İndicə bir xəbər oxudum: "Azərbaycan Dövlət Neft Akademiyasında büdcədən ayrılan vəsaitlər və büdcədənkənar daxilolmalarla bağlı ciddi nöqsanlar aşkarlanıb, iki prorektor, bir neçə dekan və şöbə müdiri ilə yanaşı, 13 nəfər barəsində tədbir görülüb." Bu Hesablama Palatasının bu ilki hesabatından götürülüb. Qəribədir ki, bu gün Bakıxanov qəsəbəsində seçiciləri qəbul edərkən həmin Universitetin mühasibi işləmiş bir vətəndaşın şikayətini dinlədim və dəhşətə gəldim. Xeyli sənədlər gətirmişdi və bu universitetdə Hesabatda sadalanandan daha ciddi faktları təqdim etdi. Hamısı korrupsiya xarakterli əməllər idi və universitet rəhbərliyi səviyyəsində təhsilin inkişafından başqa hər cür əmələ orada rast gəlmək mümkün idi. Bunları təbii ki, Hesablama Palatasının hesabatı müzakirə olunarkən gündəmə gətirəcəyəm. 

Maraqlısı başqa məqamdır. Demək həmin mühasibi qanunsuz işlərə qol qoymadığına və qeyri-qanuni fəaliyyətlə məşğul olanların tələblərini yerinə yetirmədiyinə görə (hər halda adamın arqumentləri və səmimiyyəti məni inandıra bildi) müvafiq qurumların yardımı ilə işdə günortalar namaz qılmasını bəhanə edərək dekabr ayından işdən çıxarıblar. 

Buna bənzər başqa bir faktla ötən həftə də rastlaşmışdım. Şirvan şəhər Diaqnostika Mərkəzinin müsahibi Zaur Mirzəyevi də özü namaz qılmasa da, qardaşının və anasının namaz qılmasını bəhanə edərək işdən çıxarıblar. Adam qətiyyətlə iddia edir ki, sənəd saxtakarlığı və rüşvətə qol qoymadığı üçün işdən uzaqlaşdırıblar. Hətta milli təhlükəsizlik nazirinə yazdığı müraciəti də göstərdi ki, öz təmizliyini, dövlətə bağlılığını sübuta yetirmək üçün bu qurumlardan araşdırma aparıb arayış vermələrini xahiş edir. Əlbəttə, bu insanların hüquqlarının pozulması ilə bağlı müəyyən qurumlara sorğular göndərəcəyəm. Sadəcə bir məsələ məni ciddi düşündürür. 

Dini radikalizmə qarşı mübarizə aparılmalıdır və başqa ölkələrdə döyüşən bu fanatik xəstə təxəyyüllü insanların qarşısını almaq üçün dövlət qurumları hökmən tədbirlər görməlidir. Ancaq ayrı-ayrı yerlərdə özünü qanunsuz işlərə, əməliyyatlara bulaşdırmaq istəməyən və korrupsionerlərin əməllərinə ortaq olmayan mötədil, dövlətə, vətənə bağlı insanları namaz qıldığına görə çörəyə möhtac qoymaq yolverilməzdir və bu halların qarşısı qətiyyətlə alınmalıdır”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 15:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status