Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2015
19:13
1300
Yəmən üçün Səudiyyə “demokratiyası” - ANALİZ
ABŞ və Səudiyyə Ərəbistanının kənardan müdaxiləsi və bədnam qızışdırıcılığı olmazsa, Yəməndə vəziyyət dərhal sabitləşəcək

Yaxın Şərqdə daha bir müharibə başlayır və qızışır. Yəmənin devrilmiş prezidenti Rabbo Mənsur Hadi qayığa minib ölkədən qaçandan cəmisi bir neçə saat sonra ABŞ demokratiyasının müttəfiqi və kiçik qardaşı, orta əsrlər despotiyası olan Səudiyə Ərəbistanı ölkəni bombalamağa başladı.

Hədəf kimi hərbi obyektlər yox, bütün paytaxt seçilib. Ölənlərin sayı 100-ü ötür və onlar dinc əhalidir.

Bəs hanı beynəlxalq sanksiyalar və ictimaiyyətin qəzəbli xoru? Obama, Merkel, Pan Gi Mun və Co?

Səudiyyəlilər hərbi əməliyyatın Vaşinqtonla razılaşdırıldığını və BMT-yə məlumat verildiyini söyləyir. Əgər Ukraynada qaçan prezident “demokratiyanın düşməni” idisə, Yəməndə əksinə, qaçqını demokrat sayırlar. Yəmən üsyançıları isə şər qüvvədir, axı onların “Maydan”ında Viktoriya Nuland peçenye paylamırdı.

Yəməndə 20 milyonluq əhalinin əlində 75 milyon odlu silah (o cümlədən ağır texnika) cəmləşib - hər adama 3,5 silah düşür. Üstəlik, Pentaqon bu günlərdə rəsmən elan etdi ki, qaçmış prezident Hadiyə verdiyi yarım milyard dollarlıq silah sadəcə yoxa çıxıb - yeri naməlumdur, axtarırlar və tapa bilmirlər.

ABŞ öz səfirliyini bağlayaraq personalı ölkədən çıxarıb. Onlarla birlikdə 100 nəfər amerikalı xüsusi təyinatlı da, yerlilərdən ibarət təlim keçmiş xüsusi hərbi dəstə də tələsik ölkədən çıxarılıb. ABŞ “Yəmən böhranının silahlı həlli yoxdur” deyib. Və görünən odur ki, bu addımların hamısı Ər-Riyadın Yəməni bombalamasının spontan addım yox, düşünülmüş strategiya olduğundan xəbər verir.

***

Biz uşaq olanda xəritədə 2 Yəmən vardı: cənubda sosialist YXDR (Yəmən Xalq Demokratik Respublikası), şimalda isə kapitalist YƏR (Yəmən Ərəb Respublikası). Birinciyə marksist libası geyinmiş Əli Nasir Məhəmməd, ikinciyə isə 2011-ci ilin sonunda devrilən Əli Abdulla Saleh başçılıq edirdi (1979-cu ildən başlayaraq).

Cənubi Yəmən kübar və sosial bir cəmiyyət idi, təhsil və səhiyyə pulsuz idi, qadınlarla kişilər bərabərhüquqlu idi, aclıq və səfalət aradan qaldırılmışdı. Şimaldakı Yəmən isə sinfi ziddiyyətlərin didib parçaladığı, orta əsr qaydalarının hökm sürdüyü, istismarın güclü olduğu mövhumatçı bir ölkə idi.

Sonra sosialist bloku çökdü və iki Yəməni birləşdirdilər, başına da Əli Abdulla Salehi qoydular. 1990-cı illərdə iki dəfə Şimal-Cənub müharibəsi oldu və cənublular uduzdu. Kapitalist Yəməninin ilk müdafiə naziri isə dünənədək sosialist olan cənublu Rabbo Mənsur Hadi təyin olundu. 4 ay sonra onu vitse-prezident təyin etdilər. Hadinin vitse-prezidentliyi düz 2011-ci ilə qədər davam etdi. “Ərəb baharı”ndan sonra isə o, öz patoronunu - Əli Abdulla Salehi prezident kürsüsündə əvəzlədi.

Mexaniki yerdəyişmə, vəssalam. Ancaq adını “Yəmən inqilabı” qoydular.

İllər boyu hakimiyyət üçün əsas başağrısı silahlı şiə qruplaşmaları oldu (şiələr Yəmən əhalisinin yarısından çoxunu təşkil edir). Onları “husilər” adlandırırlar və bu ad liderləri Hüseyn əl-Husinin adından götürülüb. Onu 2004-cü ildə qətlə yetiriblər, hazırda husilərə və onların “Ənbər Allah” partiyasına Hüseynin qardaşı başçılıq edir.

Göründüyü kimi, husilərə qarşı illər boyu keçmiş prezident Saleh də mübarizə aparıb (hazırda isə müttəfiqdirlər). İndi qaçan Hadini isə husilər yanvarda həbs etsələr də sağ saxlayıblar, hətta mühakimə də etməyiblər, bir azdan isə sərbəst buraxıblar. Hadi də qaçıb cənuba - Ədən şəhərinə.

Ölkədə husilər aparıcı siyasi qüvvədir, ərazilərin böyük hissəsinə nəzarət edir, ancaq Yəməni xaricdə qanuni prezident kimi Hadi təmsil etməkdədir (Bu cür absurd da Qərb üçün yeni deyil. Vyetnam kommunistləri Kampuçiyaya daxil olub Pol Potu devirəndən sonra hələ 13 il ərzində BMT-də bu ölkəni “qırmızı kxmerlər” təmsil edirdi. Demokratiya ilə kannibalizmin alyansı).

Martdan başlayaraq husilər cənuba doğru irəliləyir və heç bir müqavimətlə qarşılaşmır, əksinə, Hadiyə loyal sayılan hərbçilər üsyançıların tərəfinə keçir. Bunun da məntiqi izahı var: husilər heç də İŞİD kimi qaniçən və qəddar deyil, əksinə, daxili siyasətdə çox mötədil və dialoqa açıqdırlar (məsələn, köhnə düşmənləri Salehlə dil tapdılar).

Üstəlik, onlar Yəmənin bütövlüyünün sonuncu qarantıdır. Cənubda əsasən sünnilər yaşasa da hələ sosializm illərindən burada sekulyar ovqat güclüdür, yəni dini ideologiya zəifdir. Elə buna görədir ki, şiə husiləri cənubdakı sünnilərə qarşı qoymaq cəhdləri iflasa uğradı. Əksinə, cənublular şimaldan gələn üsyançıları sevinərək qarşılayır və onların tərəfinə keçir.

O ki qaldı cənubdakı “əl-Qaidə” qruplarına, onlara qarşı həm husilər, həm də sıravi cənublular mübarizə aparırlar.

Beləliklə, ümumi mənzərə bu cürdür: ölkədə dini zəmində şimal-cənub qarşıdurması yoxdur. Husilər ölkənin birliyini qoruyub saxlamağa çalışırlar, ictimai rəy də onların tərəfindədir. Yəni ABŞ və Səudiyyə Ərəbistanının kənardan müdaxiləsi və bədnam qızışdırıcılığı olmazsa, Yəməndə vəziyyət dərhal sabitləşəcək, vətəndaşlar dinc həyata qayıdacaq, ölkənin tamlığı qorunub saxlanacaq.

husilər isə hətta öz ölkəsini bombalamaq yalvarışları ilə Qərbə və Ər-Riyada dil tökən Hadi ilə də kompromisə açıqdırlar.

Ancaq yox, Səudiyyə Ərəbistanı qətiyyən Yəməni əldən vermək istəmir və bunu orada İranın mövqelərinin möhkəmlənməsi ilə əlaqələndirir. Lap olsun, burada qeyri-adi nə var ki? Və niyə şiə Yəməni məhz qəddar və islaholunmaz vəhhabi Ər-Riyadının təpikləri altında inləməlidir? Bu, artıq ikili də yox, üçlü, beşli standartlardır.

Məsələ həm də onunla mürəkkəbləşir ki, Yəmən ərəb neftinin tranziti üçün olduqca əhəmiyyətli zonadır. Ədən portu bu cəhətdən misilsiz rol kəsb edir. Habelə Səudiyyə ilə Yəmənin uzunluğu 1800 kilometr olan birbaşa sərhədi var və birincinin ən zəngin neft yataqları məhz bu sərhəd zonalarındadır.

Bir sözlə, Səudiyyə krallığı Ədən limanının və Bab-əl-Məndəb boğazının üzərində nəzarəti itirə biləcəyini arqument kimi göstərərək özünün daha 9 ölkə ilə birlikdə yaratdığı koalisiya ilə birlikdə müstəqil və baş əyməyən Yəməni cəzalandırır. Bütün dünyanın demokratları isə bunu dərhal ya tərifləyir, ya da biganə qalır.

Səudiyyə hava əməliyyatlarına 100-dən çox təyyarə cəlb edib, sərhədə toplanan quru qoşunlarının sayı isə 150 min nəfəri ötür. Tarixə ekskurs etsək, Ər-Riyad artıq bir dəfə - uzaq 1962-ci ildə Yəmənə hücum çəkib, ancaq bədnam məğlubiyyətə uğrayaraq geri çəkilib və yəqin ki, bunu hələ də unutmayıblar.

Qurudan işğal üçün Yəmən mürəkkəb ölkədir, onun landşaftı sonsuz partizan müharibəsi aparmaq üçün çox əlverişlidir. Bura yəmənlilərin müqavimət ruhunu, silah bolluğunu və İranın hərbi dəstəyini də əlavə etsək, qurudan hücum səudiyyəlilər üçün ikinci dəfə məğlubiyyətlə bitə bilər. Bu isə qarşıdurmanın Ər-Riyadın öz ərazisinə keçməsi ehtimalını da artırır.

Və nəhayət, yenicə başlayan müharibə dərhal neftin bahalaşmasına səbəb oldu. Bir neçə saat ərzində neftin qiyməti 3-4 faiz artdı. Müharibə davam etdikcə yüksəliş də daimi olacaq. Bu isə Qərbin də, Səudiyyə Ərəbistanının da xeyrinə deyil, hazırda sanksiyalar arasında sıxılan Rusiya üçün isə sərfəlidir. Ancaq bu, müharibə etməmək üçün dəlil rolu oynamayacaq, yəni amerikalıların 1991-ci ildəki İraq əleyhinə “Səhrada fırtına” adlandırdıqları əməliyyata bənzədərək Səudiyyənin “Qətiyyət fırtınası” adı verdiyi yeni müharibənin davam edəcəyi şəksizdir.

Beləliklə, yeni işğal, yeni qırğınlar və xalqların bədbəxtlikləri... Hamısı da neft, sərvət, nüfuz hakimiyyəti uğrunda...

Və bu müharibə Yəmənin parçalanmasını, təriqətlər arasında başlayacaq vətəndaş müharibəsini də qaçılmaz edir. Bu fəlakətlərin hamısı da xalqların başına üstündə “Azadlıq”, “Demokratiya” kimi kəlmələr yazılmış bombalarla tökülür...

Məmməd Süleymanov

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
541

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
758

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1475

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
156

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1748

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
786

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
215

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
184

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
222

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
190
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 00:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru