Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Fevral

2015
15:46
1551
Bəxtəvər bomjlar və bədbəxt milyonçular - ANALİZ

Danimarkanın Odense şəhərində hökumət yerli bomjları GPS qurğuları ilə təchiz edib. Məqsəd daimi yaşayış yeri olmayan bu insanların hərəkət marşrutunu müəyyənləşdirmək, soyuq havalarda sığınacaqların qurulması üçün ən münasib məkanları müəyyən etməkdir. Bir sözlə, bomjların GPS sistemi ilə təmin edilməsində məqsəd onların həyat və sağlamlığının keşiyində dayanmaq, bu insanları küçə həyatının vəd etdiyi təhlükələrdən qorumaqdır. 

Bu, Danimarkada dövlətin öz vətəndaşına – həm də digər ölkələrdə cəmiyyətin tullantısı hesab edilən hissəsinə verdiyi qiymətdir. Bu ölkədə hökumət digər sosial təbəqələrlə yanaşı, həm də o qəbildən olan insanların qayğısına qalır ki, onlardan hansısa şəkildə faydalanmaq, hətta uzaq perspektiv baxımından belə nə isə qazanmaq mümkün deyil. Fəqət bununla belə dövlət öz bomjuna belə sahib çıxmağı, onun yaşamını mümkün vasitələrlə yaxşılaşdırmağı lazım bilir. 

Məhz bu cür ölkələrlə müqayisədə Azərbaycanda insana olan münasibətin nə qədər ucuz, nə qədər arzuedilməz olduğu daha aydın nəzərə çarpır. Nə qədər ağır da olsa, Qərbin öz bomjuna verdiyi qiymətin Azərbaycanın öz şəhidinə, müharibə veteranına, alim və ziyalısına vermədiyi bir həqiqətdir. Lakin bu, qorxunc Azərbaycan reallığının sadəcə bir üzüdür. 

Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, ölkəmizdə qeyri-insani münasibətlə üzləşən yalnız əhalinin yoxsul təbəqəsi deyil. Dövlətin öz vətəndaşından üz döndərdiyi bu ölkədə özünü “seçilmişlər” kateqoriyasından hesab edən milyonçular, mənsəb və dövlət sahibləri də insanca münasibətə həsrətdir. Çünki burada bütün dəyərlər və münasibətlər sistemi mənsəb və dövlət piramidasına tabe edildiyi üçün bu piramidanın hər hansı bir nöqtəsində qərarlaşan şəxs vəzifə və sərvət baxımından özündən aşağıdakı istənilən şəxsin ləyaqəti ilə uşağın öz oyuncağı ilə oynadığı kimi oynaya bilər. Bu, zəncirvari proses ictimai şüura o qədər dərindən işləyib və praktikada öz təsdiqini qəti şəkildə elə tapıb ki, artıq baş verənlər demək olar ki, heç kimi təəccübləndirmir. Bu ölkədə insanların çoxu onlarla adi bir əşya kimi davranılmasına adət etdiyindən nadir hallarda qarşılaşdıqları insani münasibət qarşısında karıxır, hətta bəzən təlaşa düşürlər. 

Bəli, sivil, demokratik dövlətlərdə hətta bomjlar belə, özlərini bəxtəvər hesab edə bilirlər. Çünki harada, hansı vəziyyətdə, hansı şərtlər altında olmalarından asılı olmayaraq vətəndaşı olduqları dövlət onların yanında, onların keşiyindədir. Demokratiyanın olmadığı, dövlətin vətəndaşa deyil, vətəndaşın dövlətin, daha doğrusu, hakimiyyətin marağına tabe edildiyi ölkələrdə isə milyonçular belə bədbəxt və alçaldılmış vəziyyətdədir. Və yəqin ki, Qərbin heç bir bomju sahib olduğu bu  bəxtəvərliyi ona bədbəxtlik bəxş edən bu cür milyonerliyə dəyişməzdi.

Danimarka-Azərbaycan müqayisəsi bir daha göstərir ki, önəmli olan nə qədər sərvətə, hansı ucalıqdakı mənsəbə sahib olmaq deyil. Önəmli olan hansı qanunlar, hansı idarəetmə, hansı siyasi sistem altında yaşamaqdır.  Çünki bunsuz neft və milyonlar səltənətində yaşamaq belə insanı xoşbəxt edə bilmir.

Seymur Əliyev / Faktxeber.com

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
223

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1840

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
376

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1304

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
443
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 03:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru