Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2015
09:47
1226
Vicdan və məsuliyyət hissindən məhrum olmayan hər bir Azərbaycanlıya!!

Milli pulumuzun indiki durumu, bunun nəticəsində dövlətimizi gözləyən və olduqca real olan təhlükələri nəzərə alaraq,  Sizə müraciət etmək qərarına gəldim.
 
Manatın indiki sürətlə devalvasiyası öz  ardınca istehlak mallarının və xidmətlərin  qiymət artımını da labüd edir ki, bundan da ən çox əziyyət çəkən, ilk növbədə,  halal zəhməti ilə, əmək haqqı və pensiya hesabına yaşayan xalqımızın sıravi kəsimi olacaqdır.
 
 Vaxtında zəruri müdaxilələrin olmaması, dövlət səviyyəsində vacib qərarların vaxtında qəbul edilməməsi, Azərbaycanın bütün iş adamlarının bu problemin həllinə qoşulmaması  qarşısı alınmaz proseslərə rəvac verə bilər.
 
Nəticədə xalqımız və dövlətimizin, xüsusilə də, iş adamlarımızın çox böyük zərərə düşəcəyi qaçılmazdır.
 
Hörmətli cənablar!
 
Azərbaycan adlı gəmimiz sürətlə batmaqdadır. Hamımız ziyan çəkəcəyik. Ancaq ən çox ziyan çəkənlər isə…
 
Bu şəklə diqqətlə baxın.
 
Müəllifi mənə məlum olmayan bu şəkil analıq hissini insanlığa çatdırmaq məqsədi ilə çəkilib. Gölün suyu quruduğuna görə, balalarını xilas etmək üçün, ana öz göz yaşları ilə suyun səviyyəsini qaldırmaq, gölün qurumasının qarşısını almaq istəyir.
 
Ancaq bu şəklin həm də çox böyük iqtisadi mənası var.
 
Azərbaycanda və dünyanın bir çox öləkələrində baş verən iqtisadi böhranlardan çıxış yolunu göstərən bu şəkildən çıxan məna belədir:
 
DƏRYA QURUYANDA ƏVVƏL BÖYÜK BALIQLAR MƏHV OLUR   !!!
 
Daşın altına əl qoymalı olan hər kəs öz məsuliyyətini dərk etməli, heç bir çağırış, dəvət gözləmədən, dövlətimizin xilası, labüd olan bu fəlakətli iqtisadi böhrandan az ziyanla çıxmaq üçün əlindən gələni etməlidir.
 
İndi Xalq, suyu qurumaqda olan dəryanın kiçik balıqları rolundadır. Ən sonda can verəcək də onlardır.
 
İlk məhv olacaqlar isə banklarımız, nəhəng firmalarımız, oliqarxlarımız və böyük məbləğdə sərvət toplamş vətəndaşlarımız olacaqdır.
 
Məhz bu zümrə indi ANA BALIQ rolunda çıxış edir.
 
Xalqı xilas etmək üçün göz yaşları tökməyin vaxtı gəlmişdir. Ancaq bu göz yaşları — itirəcəyiniz pullar ilk növbədə sizin özünüzü xilas etmək üçün zəruridir.
 
Unutmayın: verən də, alan da ALLAHdır.
 
Hər şeyinizi tam itirib intihar etmək, bu ölkədən qaçmaq məcburiyyətində qalmaqdandırsa,  sərvətinizin bir hissəsini milləti və dövlətimizi xilas etməyə sərf edin ki, əlinizdə qalanla yenidən dirçələ biləsiniz. Həm də bunu vaxtında etmək lazımdır. Hər keçən gün milyardaların itirilməsi, defoltun yaxınlaşması deməkdir.
 
Təkrar edirəm: verən də ALLAHdır, alan da “O”dur.
 
İqtisadiyyatda məşhur bir prinsip var:
 
VARLILARI QORUMAQ ÜÇÜN KASIBLARI QORUMAQ  LAZIMDIR!!!
 
Çünki, atalarımız demişkən, “AC QILINCA SARILAR”. Ara qarışsa, kasıbın, ac, qızğın kütlənin ilk hücum edəcəyi ünvan varlının evi, mülkü, obyekti olacaqdır.
 
Bu günə qədər yığdığınız bütün sərvət bu millətin hesabınadır. Bu xalq, bu millət, bu dövlət olmasaydı sizlər də olmazdınız.
 
Arxayın olun: millətimiz sizə yenə də qazanmağa imkan verəcəkdir. Çünki qazanmaq bacarığı özü də bir ilahi qabiliyyətdir. ALLAH bu üstünlüyü sizlərə verib. Bundan dolayı narahat olmağa dəyməz.
 
“El ilə gələn bəla toy-bayramdır”  deyib atalarımız.
 
Bu bəladan da çıxış yolu var. Ancaq…
 
BU YOLU ELLİKLƏ KEÇMƏLİYİK!!!
 
Zəruri istehlak mallarının və xidmətlərin, kommunal xərclərin (elektrik enerjisi, qaz, su və telefon) indiki səviyyədə sabit saxlanması barədə qərar qəbul edilməlidir.
Bu qərarın nəticəsində ziyan çəkəcək hüquqi və fiziki şəxslər aybaay öz ziyanları barədə hökümətə rəsmi məlumatlar təqdim etməlidirlər.
Dövlətimiz problemin həlli üçün ziyan çəkəcək bütün iş adamlarının, bankların zərərini, zamanı gələndə qarşılayacağı barədə öhdəlik götürməlidir.
Pensiyalar və əmək haqqları cari inflyasiyaya uyğun olaraq (indi edildiyi kimi keçən ilkinə uyğun olaraq yox) real həcmdə artırılmalıdır.
İqtisadiyyatdakı monopoliya dərhal götürülməli, iş adamlarımız yeni fəaliyyət istiqamətləri üçün dövlət tərəfindən təşviq edilməli, dəstəklənməli, yeri gəldikdə, maliyyələşdirilməlidirlər.
Müxtəlif xarici banklarda pulu olan fiziki və hüquqi şəxslər özləri istədikləri məbləğdə dövlətə borc  verməli, dövlət isə gələcəkdə həmin borcu müəyyən faizlərlə geri qaytaracağı barədə öhdəlik götürməlidir.
Bütün bu tədbirlər, təbii ki,  Vətənimizdəki bütün siyasi və sosial qruplar, Dövlət və Xalq arasında qarşılıqlı etimad şəraitində mümkündür.
 
Bu etimad şəraitini yaratmaq üçün isə,
 
İqtidar, iş adamları, zəngin şəxslər, böyük sosial-dini qrupların nümayəndələri, eləcə də, real müxalif qüvvələr, partiya sədrləri və iri miqyaslı ictimai təşkilatların nümayəndələri arasında intensiv danışıqlar aparılaraq ümumrespublika məşvərət məclisi keçirilməli, tərəflər sabitliyin qorunması üçün zəruri olan öhdəlikləri öz üzərinə götürməli, iqtidar isə ölkədə, xüsusilə də, məhkəmələrdəki rüşvətxorluğun, məmur özbaşınalığının və süründürməçiliyin qarşısını almaq, siyasi məhbusların dərhal azadlığa buraxılması üçün təsirli addımlar atmalıdır.
 
Bir sözlə, xalqın indi baş verənlərə dözməsi və səbr etməsi üçün,  vəziyyətdən çıxış yollarını tapmaq məqsədi ilə iqtidara  zaman tanınması naminə
 
VƏTƏNİMİZDƏ ƏDALƏT BƏRPA EDİLMƏLİDİR .
 
Əziz həmvətənlər!
 
Bu təkliflər bəzilərinə utopiya, xəyal, populizm kimi görünə bilər.
 
Bank sahibləri bilməlidirlər ki, indi düşdükləri vəziyyət, onların  sələmçilik fəaliyyətinin, yüksək faizlə xalqa borc verməklə, onsuz da ehtiyac içində boğulan sıravi insanları istismar edib, müflisləşdirməsinin nəticəsidir. Bütövlükdə isə dövlətimizin indi üzləşdiyi bu ağır duruma salınmasında bankların da payı az deyil.
 
İş adamlarımız bilməlidirlər ki, düşdükləri bu durum, ticarətlərini mənəvi ölçülərdən uzaq aparmalarının nəticəsidir.
 
İqtidarımız bilməlidir ki, yaranan bu vəziyyətin əsas səbəbləri;  iqtisadiyyatı ölçü-mizansız idarə etməsi, cəmiyyətdə ədalətsizliyin hökm sürməsi və iqtisadi-siyasi sistemin bütün ünsürləri arasında qarşılıqlı etimadsızlıq mühitidir.
 
Gəlin əl-ələ verib hamımızın tək gəmisi olan bu Vətəni xilas etməyə cəhd edək.
 
Axıdacağımız “göz yaşları” ilə bu dəryanın qurumasına imkan verməyək.
 
Gəlin hamımız bu günə qədərki pis əməllərimizdən, pis niyyətlərimizdən tövbə edək. Hələ də gec deyil !!!
 
 “Göz yaşlarınızı” əsirgəməyin, əsirgəməyin ki, böyük balıqlar, ardınca da kiçiklər yaşaya bilsinlər !!!

 
Hüquqşünas, Qurban Məmmədov

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
153

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1766

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
314

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1226

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
383
Şərhlər
Aygül tərəfindən 05-03-2015 15:40:50 tarixində yazıldı
BU Allahın bir BƏLASIDIR!
Bir məsəldə deyilir: Bir cəmiyyətdə ki, qeyrətli və namuslu yaxşı insanlar həbsə salınıb, təcrid olunar, bayırda isə haramzadələr hökm sürər, o cəmiyyətdə 3 bəla zahir olar:ACLIQ,ÖLÜM VƏ QORXU...
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 20:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru