Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2015
16:01
4906
Bir daha dollarla götürülmüş kreditlərin taleyi haqda - ANALİZ

Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən, manat ABŞ dolları və avroya nisbətdə ciddi şəkildə ucuzlaşdırılıb. Belə ki, Mərkəzi Bankı 1 dolların məzənnəsini 1 manat 5 qəpik, 1 avronun məzənnəsini isə 1 manat 19 qəpik həddində müəyyən edib.

Bu qərar bu və ya digər formada 7-dən 77-yə hər kəsin marağına və qanuni mənafeyinə toxunur. Əhali təşviş içindədir desək şişirtməyə yol vermərik. İndi hər evdə dollar-manat debatı gedir. Kimisi bir neçə gün öncə manatını dollara çevirməsinin sevincini yaşayır, kimisi pullarını dəyişmədiyi üçün özünü qınayır, kimisi də bankdan götürdüyü kreditin dərdini çəkir. Dolların kursunun 78-79 qəpik olduğu müddətdə dollarla kredit götürən hər kəsi bir sual maraqlandırır: Mən kreditimi hansı kursla qaytarmalıyam? Birdən-birə 35% bahalaşma. Bu təxminən o deməkdir ki, 30%-lə götürdüyünüz krediti 65%-lə qaytarmalı olursuz.

Təbii ki, dolların bahalaşması müştərilərlə münasibətdə bankların xeyrinədir və banklar kreditlərin yeni kursla və dollarla qaytarılmasında maraqlıdırlar və müştərilərindən bunu tələb edəcəklər.

Bəs qanun nə deyir?

Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.

Bu o deməkdir ki, tərəflər arasında bağlanan müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borclu kredit müqaviləsi üzrə dollarla ödəməli olduğu kredit borcunu dolların bahalaşdığı gündən əvvəlki günün rəsmi məzənnəsi ilə manatla ödənilməlidir.

Müqavilədə başqa qayda nəzərdə tutulubsa?

Mülki Məcəllənin 442-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından biri də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur.

Bu halda kreditorla borclu razılığa gələrək öz aralarındakı müqaviləni dəyişmiş şəraitə uyğunlaşdırmalıdırlar.

Tərəflər razılığa gəlməzlərsə?

Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər:

1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;

2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;

3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;

4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.

Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirməlidir.

Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə isə, müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.

Göründüyü kimi, qanunvericilik hazırkı situasiyaya dair tərəflər arasındakı münasibətləri dəqiq tənzimləyir. Hər şey tərəflərin vicdanlılıq prinsipi ilə davranmasına bağlıdır. İndiki halda vicdanlılıq yükü dahaçox kreditorların üzərinə düşür. Kreditorlar (banklar) qanunvericiliyin tələblərinə dəqiq riayət etməli, müştəri ilə konfliktə getməməli, müqvilə şərtlərinə yenidən baxmalıdırlar. Bu olmazsa, söz üçüncü hakimiyyətin - məhkəmələrindir.

Məhkəmələr millətin vicdanıdır deyiblər!

Anar Qasımlı / hüquqşünas

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
189

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
125

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
153

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
107
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 18:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru