Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Dekabr

2014
17:01
1173
Bakıda məşhur şirkət Qarabağı Ermənistanın ərazisi kimi göstərdi
Etiraz edən işçi qovuldu

Bakıda məşhur şirkət Qarabağı Ermənistan kimi göstərdi, etiraz edən işçi qovuldu - (Fotofakt)

Bakıda fəaliyyət göstərən şirkətlərin birində böyük qalmaqal yaşanıb. Belə ki, şirkətin daxili istifadə üçün hazırladığı məlumatda Qarabağ Ermənistanın ərazisi kimi göstərilib. Şirkətin buna etiraz edən azərbaycanlı əməkdaşı isə işdən qovulub.

Adıçəkilən qalmaqal “Cey Ti Ay Kaukasus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan nümayəndəliyində baş verib. Bu MMC “Yapan Tobacco İnternational” (JTİ) şirkətinin Qafqazdakı nümayəndəliyi rolunda çıxış edir.

Belə ki, şirkətin Tiflisdəki regional ofisindən Azərbaycan nümayəndəliyinə fayl göndərilib. Fayldakı məlumatlarda Gürcüstan, Ermənistan və Azərbaycanın dövlət xəritəsi yer alıb. Azərbaycan xəritəsində Ermənistan tərəfindən işğal olunan Qarabağ düşmən dövlətin ərazisi kimi göstərilib.

Bu fakt şirkətdə distrübisiya üzrə nümayəndə vəzifəsini tutan Elxan Ramazanovu diqqətindən yayınmayıb. Bu məlumatı virtualaz.org saytına E.Ramazanovun özü verib.

E.Ramazanov bununla bağlı tabe olduğu rəhbərliyə məlumat verdiyini, lakin rəhbərlikdən “öz işinlə məşğul ol” cavabını aldığını deyir.

Qeyd edək ki, bu firma dünyada tanınmış ən məşhur siqaret firmasıdır və Azərbaycanda 7 ildir ki, fəaliyyət göstərir.

Şikayətçi E.Ramazanov hadisənin bu il may ayının 23-də baş verdiyini deyir: “Rəhbərliyə bildirdim ki, etdiyiniz bu hərəkət doğru deyil. Bu, vətənə xəyanətdir”.

Şikayətçi bu etirazlarında bir neçə gün sonra xəritədə yol verilən səhvin düzəldildiyini deyir. Lakin E.Ramazanovun da başına nə gəlirsə, bundan sonra gəlir.

Həmin bədnam xəritə

“Bu hadisə mayın 23-də baş verdi. Şikayətimdən bir neçə gün sonra xəritəyə düzəliş edildi. Buna çox sevindim. Amma iyunun 20-də şirkətin rəhbərliyindən məni çağırıb dedilər ki, sən bir neçə ay əvvəl işdə nöqsanlara yol vermisən” - deyə E.Ramazanov bildirir.

Əslən Qərbi Azərbaycandan olan və 1988-ci ildə öz doğma torpaqlarından qaçqın düşərək Sumqayıta köçən E.Ramazanov işdə izahat yazmağa məcbur edilib: “Guya ki, bir neçə ay əvvəl nöqsanlara yol vermişəm. Bunun ücün izahat yazmalı olduğumu dedilər. Mənə aydın oldu ki, firmanın rəhbərliyi xəritədə təhrif faktını aşkar etdiyim üçün məni bu yolla cəzalandırmaq istəyir. Rəhbərliyə iradımı bildirdim. Dedim necə oldu ki, bir neçə ay öncə baş verən problem haqda indi ölçü götürmək qərarına gəlibsiniz.”

6 ildir bu firmada çalışdığını və heç bir nöqsana yol vermədiyini deyən E.Ramazanov nümunəvi işçi kimi təltiflər, sertifikatlar aldığını da söyləyir.

Firma rəhbərliyindən E.Ramazanova deyiblər ki, kimə və hara istəyirsənsə, şikayət edə bilərsən.

Bu hadisədən sonra E.Ramazanov səhhətində problem yarandığını deyir: “Bu hadisə sağlamlığıma təsirsiz ötüşmədi. Əsəb və sarsıntı keçirirdim. Sumqayıtda özəl klinikaların birində və Novxanı xəstəxanasında müalicə almağa məcbur oldum. Müayinələrdən sonra şəkər xəstəsi olduğum üzə çıxdı. Xəstəxanadan çıxandan sonra işə qayıdanda rəhbərlikdən mənə dedilər ki, işdən azad olunmusan”.

Qeyd edək ki, Elxan Ramazanovun işdən çıxarılması ilə bağlı imzalanan əmrdə onun vəzifəsini icra edərkən bir neçə nöqsana yol verdiyi və buna görə də işdən azad edildiyi yazılıb.

Firmanın Azərbaycan nümayəndəliyinin rəhbəri Namiq Quliyevin imzası ilə verilən əmrdə yazılıb ki, E.Ramazanov xidməti ezamiyyətə göndərilərkən başqa yerlərdə olub və bunu onun maşınında olan GPS ilə (yerin müəyyən edilməsi üzrə qlobal aşkaretmə sistemi) müəyyən ediblər.

Əmrdə yazıldığına görə, E.Ramazanov ezamiyyətdə olduğu yerləri guya gizlədib, lakin mehmanxanalarda qalması ilə bağlı saxta qəbzlər gətirərək avans alıb.

E.Ramazanovun işdə çıxarılma səbəbləri arasında daxili qayda və prosedurları kobud şəkildə pozması amili də göstərilir. O, işdən çıxarılarkən 520 manat cərimə də olunub və bu pul maaşından tutulub.

E.Ramazanov isə firma rəhbərliyi tərəfindən ona qarşı irəli sürülən bu ittihamlarla razı olmadığını deyir.

Şikayətçi işdən çıxarılmasından sonra keçirdiyi sarsıntı və şəkər xəstəliyi tutması əsası ilə 200 min manat təzminat və işə bərpa olunma tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Dekabrın 2-də məhkəmə prosesi olub. E.Ramazanovun sözlərinə görə, çağırışa uyğun olaraq dekabrın 2-də saat 00:09-da məhkəmədə olub. Lakin məhkəmə prosesinin keçiriləcəyi zalın qapısı bağlı olub. Bir müddət sonra isə qapı açılıb. E.Ramazanova məhkəmədən bildirilib ki, artıq proses keçirilib, qərar da oxunub.

E.Ramazanov Apelyasiya Məhkəməsinə müraciət edəcəyini deyir.

Şirkətdən isə virtualaz.org saytının sorğusuna cavab olaraq bildirdilər ki, Elxan Ramazanov vəzifəsini yerinə yetirərkən yol verdiyi nöqsanlara görə işdən uzaqlaşdırılıb. Və onun işdən çıxarılması ilə bağlı imzalanan əmrdə yol verdiyi nöqsanlar da göstərilib.

Şirkətdən E.Ramazanovun niyə məhz “yol verdiyi səhvlər”dən bir neçə ay sonra işdən çıxarılmasını da soruşduq. Cavabda bildirildi ki, şirkət olaraq əməkdaşlarının fəaliyyətini günlük və ya həftəlik yoxlamırlar, onlar E.Ramazanovun fırıldaqçılıq etməsi və maliyyə maxinasiyasına yol verməsi haqda məlumat əldə etdikdən sonra araşdırmalara başlayıbmışlar.

Şirkətdən əməkdaşlarının fırıldaqçılıqla məşğul olması haqda məlumatı haradan aldıqlarını açıqlamadılar.

Qalmaqallı xəritə məsələsinə gəlincə isə şirkətdən bildirildi ki, belə bir hadisə olub, lakin qüsur qısa bir zamanda aradan qaldırılıb.

“Şirkətimizin Tiflisdəki regional ofisində çalışan gürcü bir xanım bunu səhvən edib. Bizə məlumat göndərərkən xəritə ilə bağlı yanlışlığa yol verib. Şirkət rəhbərliyi dərhal bu məsələyə müdaxilə edib. Səhvə yol verən həmin o gürcü xanım bizdən üzr istəyərək bunu bilərəkdən etmədiyini dedi. Biz bu səhvi qısa zaman ərzində aradan qaldırdıq. Elxan Ramazanovun isə bu məsələ ilə bağlı şirkət rəhbərliyinə nə yazılı, nə də şifahi xəbərdarlığı olmayıb” - deyə şirkətdən bildirildi.

Qeyd edək ki, bu şirkət “Winston”, “Sobranie”, “LD” və s. ticarət markalı siqaretlərin Azərbaycanda satışını təşkil edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1027

Mərkəzi Bank "Mastercard"la memorandum imzalayıb

23

May
18:12
İQTİSADİYYAT
104

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
133
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru