Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2014
09:22
Benzin niyə ucuzlaşmır ? - SƏBƏB

Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir. Azərbaycan nefti də dünyada gedən bu proseslə əlaqədar xeyli ucuzlaşaraq bir barel üçün 60 dollardan aşağı düşüb. 

Neftin qiymətinin dünya bazarında aşağı düşməsi artıq bir aya yaxındır bir çox ölkələrdə benzinin ucuzlaşmasına səbəb olub. Məsələn, artıq qonşu ölkə Gürcüstan və Türkiyədə benzinin ucuzlaşması xeyli vaxtdır müşahidə edilir. Yanacağın qiymətinin aşağı düşməsi öz növbəsində bir sıra sahələrə təsir göstərməyə başlayıb. Bu isə həmin sektorda iqtisadi fəallığı artırıb. 

Maraqlıdır ki, Azərbaycanda bu, hiss olunmur. Ötən ilin noyabrında neftin dünya bazarında bahalaşmasını əsas göstərib benzinin qiymətini qaldırdılar. Neft dünya bazarında yüz dollar civarında olanda bu addım atılmışdı. İndi Azərbaycan neftinin qiyməti 59 dollara qədər aşağı düşsə də, hökumət benzinin qiymətini endirməyə tələsmir.

Ekspertlər bunu bir neçə amillə izah edirlər. “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bizdə müstəqillik bərqərar olduqdan sonra sözügedən sahə dövlət tərəfindən tənzimlənir. Ona görə də burada bazar elementləri rol oynamır. 1996-cı ildən 600-ə yaxın yanacaqdoldurma məntəqələrinin  özəlləşdirildiyini deyən ekspert bildirdi ki, buna baxmayaraq hətta ölkəyə gətirilən yüksək oktanlı benzin belə, bu ilin aprel ayından Tarif Şurasının tənzimlənməsindən kənarda qalsa da, gün ərzində qiymətlərin qalxıb-enməsini görmürük: “Qiymətlər bütün regionlarda eynidir. Azərbaycanda bu sahə özəl olmasına baxmayaraq, qiymət formalaşması məsələsi hələ də dövlətin monopoliyası altındadır. Bir sözlə, hazırda faktiki olaraq hamısı eyni mərkəzdən idarə olunur”.

Şübhəsiz ki, benzinin qiyməti ilə neftin qiyməti arasında birbaşa əlaqə var: “Həmçinin nəzərə alınmalıdır ki, neftin qiyməti ucuzlaşdıqdan sonra benzinin istehsal xərcləri də azalır. Bu səbəbdən benzinin satış qiyməti də təbii olaraq ucuzlaşmalıdır. Azərbaycanda ucuzlaşmanın baş verməməsi bu sahənin birbaşa hökumətin nəzarətində olduğunun nəticəsidir. Benzinin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün hər hansı ucuzlaşma müşahidə edilmir. Hökumət sanki dünya bazarında neftin qiymətinin aşağı düşməsinin zərərini daxildə benzinin qiymətini aşağı endirməməklə kompensasiya etmək istəyir. İndiki vəziyyətdə hökumətin qiyməti endirməsi ehtimalı azdır. Çünki gələn ilin dövlət büdcəsində neftin qiyməti 90 dollardan götürülüb. Azərbaycan hökuməti üçün gələn il büdcənin icrası problemi var. Belə olan halda, daxili bazarda benzindən gələn gəlirlərin də azalmasına getməyəcək. Ən azı gələn ilin sonuna kimi sabit saxlayacaq. Büdcədə yaranan gərginliyi sığorta edən mənbələrdən biri də budur”.

Bəzi ekspertlər isə Azərbaycanda istehsal olunan benzin tariflərinin neftin dünya bazarındakı qiyməti ilə heç bir əlaqəsinin olmadığını hesablamalar apararaq ortaya qoyublar. Dəfələrlə ekspertlər hesablamalar apararaq benzinin maya dəyərinin neçəyə başa gəlməsi haqqında məqalələr yazılıb. Bu zaman məlum olur ki, Dövlət Neft Şirkəti üçün 1 litr benzinin maya dəyəri ən çoxu 25 qəpiyə başa gəlir. Belə çıxır ki, yanacağın pərakəndə satışı maya dəyərindən 3 dəfə baha satılır./musavat.com

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Şərhlər
kenan salimov tərəfindən 16-12-2014 06:10:16 tarixində yazıldı
dusmez
Bir kere yukselen qiymet bir daha enmez.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 04:20



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com