Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2014
10:42
Azərbaycanda polis əməkdaşlarına qarşı aqressiya niyə artıb?
Psixoloq Dəyanət Rzayev: «Polislərin əksəriyyəti mentalitetə əsaslanaraq işləyirlər, halbuki qanuna əsaslanmalıdırlar»

Dekabrın 3-də ölkə mediasının gündəmini Bərdə rayonunda yol polisi əməkdaşının yandırılması olayı zəbt etdi. Rayon sakini Bərdə rayon yol polisi idarəsinin əməkdaşı Aqil Quliyevin üzərinə benzin tökərək ona od vurub. İlkin araşdırma zamanı E.Cəfərovun sərxoş olduğu məlum oldu. Bildirildi ki, sürücü hadisə yerindən qaçıb. Bir müddət sonra sürücü evə gedərək benzin gətirib və yol polisinin üzərinə tökərək onu yandırıb. Hadisəni törədən E.Cəfərov tutulub. A.Quliyev ikinci dərəcəli yanıq xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı E.Cəfərovun barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

Hadisə zamanı sağ əlindən yanıq xəsarəti alan A.Quliyevə rayon xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 

Qeyd edək ki, bu hadisə polis əməkdaşlarına qarşı birinci dəfə edilən zorakılıq deyil. Daha öncə polis postunda dava olmuşdu. Hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Zaqatala və Balakən rayonunun sərhədində yerləşən "Katex" postunda qeydə alınmışdı. Polis serjantı Anar Xəlilov xidmətdə olarkən Balakən rayonu istiqamətində hərəkət edən, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Vüsal Elman oğlu Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı, 90 HO 877 dövlət nömrə nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb. Buna etiraz edən sürücü ilə yol polisi əməkdaşı arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və V. Əhmədov A.Xəlilova xəsarət yetirib. Nəticədə polis əməkdaşı A.Xəlilov boğaz nahiyəsindən kəsilmiş xəsarətlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Samux rayon Polis Şöbəsi əməkdaşı isə Gəncədə döyülmüşdü. Hadisə Gəncənin Yeni Gəncə qəsəbəsində yerləşən "Bərəkət" kafesində baş vermişdi. Məlumata görə, Samux rayon Polis Şöbəsinin Post Patrul Xidməti taqımının sıravi polisi, 1986-cı il təvəllüdlü Tural Hüseynov xidmətdən kənar vaxtda tanışı, 1987-ci il təvəllüdlü Qurban Səfərovla bir yerdə yemək yeyib.

Sonra Q. Səfərov polis nəfərini təhqir edərək onu döyməyə başlayıb. Tural Hüseynov onu döyən tanışı barədə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə şikayət edib. 

Nərimanov rayonunda isə avtoxuliqan xidməti vəzifəsini yerinə yetirən yol polisi əməkdaşını avtomobillə vurmuşdu.  VAZ-2107 markalı avtomobil Ağa Nemətulla küçəsindən Yusif Vəzir Çəmənzəminli küçəsinə dönərkən başqa bir avtomobilə çırpılmışdı. Ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşı Yaşar Qocalı hadisə yerindən qaçmaq istəyən "VAZ-2107"-nin sürücüsünə "saxla" əmri versə də sürücü əmrə tabe olmayıb, polis əməkdaşını maşınla vurmuşdu. Polis əməkdaşı kəllə -beyin travması almışdı. 

Ötən ay isə Binəqədidə iki polis əməkdaşı sürücü tərəfindən bıçaqlanmışdı… Bu kimi daha bir neçə hadisəni xatırlatmaq olar. 

Psixoloq Dəyanət Rzayev "Bizim Yol"a açıqlamasında deyir ki, bizim insanlarda "polis mənim dotumdur" anlayışı yoxdur: "Əslində isə münasibətlər mentalitetə yox, qanuna əsaslanmalıdır. Adətən polis vətəndaşı saxlayanda vətəndaş yerində, əli sükanda oturub gözləməlidir. Ancaq bizdə belə deyil. Vətəndaş özündən çıxır, ona zəng edir, buna zəng edir və s. Amerikada bu münasibətlər məhz qanuna əsaslanır. Hətta vətəndaş nə isə artıq-əskik hərəkət edəndə onlar öz təhlükəsizliyini qorumaq üçün əlini qandallaya da bilərlər. Bizdə isə görün vəziyyət nə yerdədir ki, vətəndaş polisin üstünə benzin töküb onu yandırır. Üstəlik, polis ona heç nə edə bilmir. Bir polis ki, öz təhlükəsizliyini qoruya bilmir, ondan vətəndaşın təhlükəsizliyinə cavabdehlik tələb oluna bilərmi? Polisin əli daimi tapançada olmalıdır. Çevik olmalıdır. Yox, daha durub gözləməməlidir ki, vətəndaş gəlsin üstümə benzin töküb məni yandırsın".  

D. Rzayev deyir ki, bu olayın nəticəsində vətəndaşı həbs edəcəklər, olub bitəcək. Ancaq polis vətəndaş münasibətləri yenə düzəlməyəcək: "Vətəndaş yandırdığı polisə də yazıq adı qoyacaqlar. Əslində isə polis yazıq deyil. Normal davranmalıydı vətəndaşla. Sərxoş adamdı, bəlkə nevroloji xəstəliyi var, bəlkə şizofrenikdi, bəlkə psixdi. Niyə ona imkan verir ki, benzini onun üstünə töküb yandırsın. Bundan əlavə bizim azərbaycanlılar ya polisdən qorxurlar, ya da nifrət edirlər. Bir nəfər qadın polis görmürük küçələrdə. Halbuki qadın polislər olsa, onlara münasibət də mülayim olar. Çünki qadınlar daha mülayim və daha mehriban olurlar. Ümumiyyətlə, polislərin əksəriyyəti mentalitetə əsaslanaraq işləyirlər. Halbuki onların işində mentalitetə yer olmamalıdır. Qayda-qanuna əsaslanmalıdırlar". 

Psixoloq deyir ki, bu gün insanlarda polisə qarşı formalaşan fikir birmənalı deyil. Polis tərəfindən də vətəndaşlara qarşı haqsız hərəkətlər çox olur. Ona görə də bütün bunlar ciddi nəzarətə götürülməlidir. Vətəndaşı təhqir edən, ona söyüş söyən polislər də az deyil: "Bizdə uşaqları belə polislə qorxuzurlar. Ona görə də insanlarda hələ uşaqlıqdan polisə qarşı müəyyən neqativ fikirlər formalaşır. Uşaqdan soruşursan ki, böyüyəndə nə olacaqsan? Deyir polis. Səbəbini soruşanda ya deyir polis hamının pulunu alır, onun çoxlu pulu olur, ya da deyirlər ki, polis olub məni incidənləri döyəcəyəm. Bax, budur bizdə polisə qarşı münasibət. Bundan əlavə, hamı deyir ki, polisin əlinə düşməyəsən. Belə bir fikir var ki, polis idarəsində adamı alçaldıb, təhqir edirlər. İnsanlarda olan bu anlayışlar da boşuna yaranmayıb. Odur ki, belə bir durumda polis vətəndaşlara qarşı addım atmalıdır. Nə bilim, konsertlər təşkil etməklə, insanların arxasında durmaqla və s. vətəndaşın sevgisini qazana bilər. Hazırda yaranan durum, əks istiqamətdə dəyişə bilər. Bir də polislərdə bəzən vətəndaşlara qarşı ayrı-seçkilik də olur. İmkanlı adamdısa saxlamır, kasıbı cərimələyir. Müğənnidirsə, dövlət qurumu işçisidirsə onların qayda pozuntularına göz yumurlar. Nəticədə, cəmiyyətdə onlara qarşı aqressiya formalaşır". 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 10:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com