Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2014
16:07
992
Qazanxanaya sığınmış Qarabağ qazisi fəryad edir

Keçmiş döyüşçünün şikayəti var. Əslən Ağdamın Abdal Gülablı kəndindən olan Şahin Hüseynov ailəsilə birgə Mirəşirli kəndindəki orta məktəbin qazanxanasında məskunlaşıb. Deyir ev şəraitinin yaxşılaşdırılması üçün bu günə qədər müraciət etmədiyi dövlət qurumu qalmayıb: "Aidiyyəti dövlət qurumlarına məktublar göndərmişəm. Gələn cavabların hamısı təsəlli xarakteri daşıyır. Elə bil oğlum əsgərliyə gedir. Onlar da buna görə mənə təsəlli verirlər. Mənə təsəlli lazım deyil. Mənim problemimi həll etsinlər. Mən çətinliyi başa düşürəm, ancaq bunu uşaqlarıma izah edə bilmirəm. Onların nə günahı var? Normal evdə yaşamaq onların da haqqıdır. İndi vəziyyət belə gətirib biz evimizdən-eşiyimizdən olmuşuq. Bəs dövlət hara baxır? Niyə bizi evlə təmin etmək istəmir?".
 
Şahin Hüseynov hazırda Ağdamın Mirəşirli kəndindəki orta məktəb direktorunun ona verdiyi sığınacaqda qalır. Deyir sağ olsun direktor, ailəsinə sığınacaq verdiyi üçün. Yoxsa küçədə qalardılar: "Qaldığımız yerin normal şəraiti yoxdur. Əvvəla ev yox, məktəbin işlətmədiyi qazanxanasıdır. Yer beton, göy beton. Normal pəncərə-qapı yox. 20 ildir qaçqın düşmüşəm. 18 ildir ailə qurmuşam. Böyük qızım 10-cu sinifdə oxuyur. Ancaq mənim normal bir evim yoxdur, olmayıb. Qalmışıq bircə otağın içində".
 
Ş.Hüseynov "Qaçqınkom" sədri Əli Həsənova müraciət edir. Bildirir ki, məcburi köçkünləri təmin etdikləri evdən onlara niyə düşmür?
 
"Abdal Gülablıdan gələndən günüm gün deyil. Halbuki, bu ölkəyə görə canımı qoymuşam ortalığa. Kinolarda aktyorların döyüş səhnələrini göstərəndə camaat nəfəsini tutub izləyir. Ancaq o səhnələri mən canlı-canlı yaşamışam. Bəs etdiklərimə görə mənə qoyulan hörmət hanı? Görə bilmirəm. 21 yaşımdan cəbhədə olmuşam. Qarabağ veteranıyam. İndi buna görə nə pensiya ala bilirəm, nə də ailəmlə birgə yaşamağa normal ev. Budur ədalət? Ya məni birdəfəlik vətəndaşlıqdan çıxarsınlar, ya da normal şərait yaratsınlar".
 
Şahin Hüseynovun Qarabağ müharibəsi dövründə 21 yaşı var imiş. Cəbhədə könüllü döyüşüb. Atəşkəsdən sonra isə ailəsilə birgə Ağdamın Mirəşirli kəndinə sığınıb. Ağdam uğrundakı döyüşlərdə dəfələrlə yaralandığını deyən Şahin Hüseynov döyüşlərdə aldığı güllə zədələrinin fəsadlarını bu gün də canında yaşayır. Elə həmin gündən də əmək qabiliyyətini, demək olar ki, itirib:
 
"Gərək əlini, ayağını itirəsən? Mənim gözlə görüləcək əlilliyim olmaya bilər. Ancaq mən də döyüşlərdə can qoymuşam. Hətta bir dəfə elə yaralanmışdım ki, özümdə deyildim. Həkimlərin səsini çox zəif eşidirdim. Deyirdilər "bundan adam olan deyil, yaşamayacaq". Ancaq mən bu gün yaşayıram və demək olar ki, yaşadığıma da peşmanam. Həmin gün xəstəxanada ölsəydim, bu gün Qarabağ uğrunda döyüşlərdə can qoyan birinə verilən bu dəyəri də görməzdim. İnanın evimə qonaq gələndə utandığımdan bilmirəm harada gizlənəm. 4 divar, yer beton, işıq, qaz, su yox, 4 uşaq... Suyu kəndin mərkəzindəki krandan daşıyırıq İşığı qonşudan çəkdiyimizdən, ancaq axşamlar yandıra bilirik. Qaz da ki, belə binaya qaz çəkilməsi nə dərəcədə doğrudur".
 
Şahin Hüseynovun digər problemi də işsizlikdir. Deyir yayda heç olmasa övladlarının xatirinə qonşularının sahələrinə soğan yığmağa gedirmiş. Bir kisəsini 60 qəpikdən. İndi onu da edə bilmir. Havalar soyuq, əkin-biçin yox, üstəlik səhhəti də imkan vermir: "Gedirdim ki, əlimizdə 5-10 manat artıq pulumuz olsun ki, balalarımızın məktəb paltarlarını ala bilək. Heç kimdən geri qalmasınlar. Ancaq daha gedə bilmirəm. Əvvəla qış gəlir. Əkin-biçin sovulub. İkincisi də ki, səhhətim də normal deyil. Hazırda aldığımız sosial yardımdan başqa evə əlavə gəlir gəlmir. 4 uşağa 200 manatı necə çatdıraq? Uşağın istədiyini də ala bilmirik. Onun-bunun əlinə baxırıq".
 
Elə Şahin Hüseynova da toxunan budur. Deyir, sirr deyil ki, bu gün pul verib əlillik alanlar var. Ancaq o, həqiqətən də, Qarabağda döyüşdüyü halda həmin müavinəti ala bilmir. Ş.Hüseynov ədalət axtarır. Ancaq tapa bilmədiyini deyir: "2-ci qrup əliləm, belim döyüşdən qalan qəlpələrlə doludur. Ancaq mənə əlilliyimlə bağlı pensiya kəsmək üçün pul istəyirlər. Mənim də pulum yoxdur. Əvvəllər bütün günü sahələrdə soğan yığırdıq. İndi onu da edə bilmirəm. Vəziyyətim getdikcə ağırlaşır".
 
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bir müddət öncə bizimyol.info-ya bildirmişdi ki, yaxın zamanlarda ictimai binalarda yaşayan məcburi köçkün ailəsi qalmayacaq: "Həmin ailələrin hamısı yeni tikilən qəsəbələrə köçürüləcək. Onların kəndi işğal altındadır, ailə digər bir kənddə məktəb binasında yaşayır. Ümumiyyətlə, köçürülmə proqrama əsasən aparılır və məktəb binalarında yaşayan ailələrin köçürülməsi də dövlət proqramına salınıb. Elə bu proqram əsasında da məsələyə baxılacaq. Ağır şəraitdə yaşayan ailələr hamısı mərhələli şəkildə köçürüləcək".
 
Qurum rəsmisi onu da bildirmişdi ki, hazırda Ağdam rayonu ərazisində qəsəbə inşa olunur. Həmin qəsəbədə tikinti işləri başa çatmaq üzrədir: "Bu qəsəbəyə Ağdam-Bərdə zonasında məskunlaşan, ağır şəraitdə yaşayan ailələr köçürüləcək". O ki qaldı məktəb binalarında yaşayan insanların köçürülməsinə, E.Qədimov deyir ki, proqramda məktəb binalarında yaşayanların köçürülməsi də nəzərdə tutulub.
 
Yəni Şahin Hüseynova nə zaman ev veriləcəyi bəlli deyil. Ancaq Hüseynovlar ailəsində 4 uşaq böyüyür. Özü də yeri-göyü beton olan 4 divarın arasında. Ən pisi də ata-analarının onların ev şəraitini yaxşılaşdıra bilməməsidir. Onların buna imkanı yetmir.
 
Hüseynovlar ailəsi yerli icra hakimiyyətinin problemlərindən xəbərdar olduğunu deyir. Ancaq indiyə qədər nə evlə, nə də digər problemləri ilə maraqlanmayıblar.
 
"Bizim Yol" qəzeti Ağdam Rayon İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. Ancaq icra hakimiyyəti gün ərzində zəngləri cavabsız qoydu.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
73

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru